Türkiyənin Van bölgəsində baş verən zəlzələnin yaratdığı dağıntılar altından bir azərbaycanlı qadın da sağ çıxarılıb. Modern.az saytının Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, dağıntılar altından qurtarılan azərbaycanlı Türkiyə vətəndaşı ilə evli olan Vüsalə Çalışkan adlı tibb bacısıdır.
Vüsalə Çalışkan Türkiyə vətəndaşı Murad Çalışkanla bir il yarımdır ki, ailə qurub. Onlar Murad Azərbaycanda oxuyarkən tanış olublar. Sonra ailə quraraq Türkiyəyə - Erciş rayonuna köçüblər.
Xilasedicilər onun xilas olunması üçün 5 saat çalışıblar. Vüsalə Çalışkan sağ çıxarılsa da, sağ qolunu itirib.
20 yaşındakı Vüsalə Türkiyədə işləmək icazəsini bir neçə gün öncə alıb. Onun Ercişdə xüsusi xəstəxanada tibb bacısı kimi çalışmaq üçün müraciətinə müsbət cavab verilmişdi.
"Hər şey 5 saniyədə oldu bitdi. Evimiz 6 qatlı binanın 3 qatında idi. Qonaqlarım üçün mətbəxdə yemək hazırlayırdım. Silkələnmə başladığı anda nə qədər gücüm varsa, qaçmağa başladım. Tam qapıya yaxınlaşdım, çıxacaqdım ki, bina çökdü. Bir anda beton yığınlarının altında qaldım. Qolumun sıxışdığını və hərəkət edə bilmədiyimi fərq etdim. Qışqırmadım. Yaşamaq istəmədim. Gözləyərkən həyat yoldaşımın səsini eşidincə, o an “yaşamalıyam” dedim. Qurtarma qrupuna səsləndim.
Zəlzələ anından qurtarıldığım son dəqiqəyə qədər çox gərginlikdə qaldım. Rahat nəfəs alırdım, amma həqiqətən çox qaranlıq idi. Mənə “qolunu kəsmək məcburiyyətindəyik” dedilər. O zaman “kəsməyin, məni qurtarmayın, ölmək istəyirəm” dedim. Elə dedim, amma həyat yoldaşım və sağlamlıq qrupları kəsilməsinə qərar verdi. Kəsilən qolum xaricində digər qolumda qırıqlar və yaralanmalar var. Qıçımda və ayağımda da qırıqlar var. Amma həkimlər bir problemin qalmayacağını söyləyirlər"-deyə V.Çalışkan söyləyib.
Modern.az