Özbəkistan baş nazirinin müavini Daşkənd vilayətində alçaldıcı şəkildə cəzalandırılan sakinlərin fotosuna görə vəzifəsindən kənarlaşdırılıb.
Bu fotoda taxıl zəmisinin vaxtında suvarılmasını təmin edə bilmədiklərinə görə arxın içində dizəcən suda dayanmağa məcbur edilmiş fermerlər təsvir olunur.
Modern.az saytı “Azadlıq” radiosuna istinadən xəbər verir ki, fotoda əks olunan insident oktyabrın 25-də, baş nazirin müavini Zoyir Mirzayevin Daşkənd vilayətinin Akkurqan rayonuna səfəri zamanı baş verib.
Əkini suvarmadıqlarına görə kişiləri soyuq arxda 40-45 dəqiqə dayanmağa, daha sonra isə əyinlərindəki yaş paltarlarla onları təqib edən avbtomobilin qabağında qaçmağa məcbur ediblər.
Belə alçaldıcı cəzaya məruz qalanlardan üçü Akkurqan rayonu administrasiyasının işçiləridir. Onlardan biri məhəllə icra başçısı, daha ikisi isə fermerdir.
Bu “cəzalandırma mərasimi” keçirilərkən Daşkənd vilayəti prokurorunun müavini və vilayətin başqa rəsmiləri də orda olublar.
Sosial şəbəkələrdə yayılmış başqa bir fotoda əllərində daş saxlayan 6 kişi əks edilib. Bu hadisə də oktyabrın 25-də, yenə də Mirzayevin iştirakı ilə Daşkənd vilayətinin Bekabad rayonunda baş verib.
Bu hadisə ölkənin sosial şəbəkələrində geniş əks-səda verib. İstifadəçilər baş vermiş rüsvayçı hadisə ilə bağlı qəzəbli postlar yazıblar.
Baş nazir Abdulla Aripovun sədrliyi ilə keçirilən müşavirədə Zoyir Mirzayev “prezidentin siyasətinə zidd hərəkətə yol verməkdə” ittiham olunub.
Mirzayev oktyabrın 27-də vəzifəsindən azad edilib. Bu da xəbər verilir ki, Daşkənd vilayəti prokurorunun müavini və bir sıra başqa rəsmilər də vəzifələrini itiriblər.