Modern.az

Hesablayıcı Düşüncə Meydançası – Polyup

Hesablayıcı Düşüncə Meydançası – Polyup

Aktual

1 Noyabr 2018, 11:00

Bakı Ekspo Mərkəzində keçirilən XII Beynəlxalq Təhsil Sərgisində geniş stend ilə iştirak edən qurumlardan biri də Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (TSİİ) olub. Stenddə təhsil sahəsində İKT üzrə həyata keçirilən layihələr və tətbiq olunan müasir texnologiyalar nümayiş olunub. Təqdim olunan layihələr sırasında “Polyup” onlayn platforması xüsusi qeyd oluna bilər. Belə ki, Stanford Universtitetinin professorları tərəfindən yaradılmış “Polyup” layihəsi hesablama təfəkkürünü inkişaf etdirən, real həyatda problemlərin səmərəli üsullarla həllinə yönəlmiş ödənişsiz və hər kəsə açıq olan oyun tipli təhsil platformasıdır.

Bu barədə Modern.az-a  Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən məlumat verilib.

Bildirilib ki, “Polyup” layihəsini sinif mühitində tətbiq etməklə ifadələri, tənlikləri və alqoritmləri dəyişərək riyaziyyat elminin zənginliyini kəşf etmək mümkündür. Platforma 3-11-ci sinif şagirdlərinə virtual olaraq genişləndirilmiş reallıqda obyektləri dəyişərək riyaziyyat və kompüter elminin onların həyatına təsirini anlamağa şərait yaradır. Həmçinin çevik hesablama bacarıqları təkmilləşir və layihəyönümlü öyrənmə prosesində şagirdlərin yaradıcı təfəkkürü inkişaf edir.

“Polyup” istifadəçilərini həvəsləndirmək məqsədilə, hər il beynəlxalq “Poly” yarışı həyata keçirilir. “Poly” yarışının əsas məqsədi riyaziyyat müəllimləri, şagirdlər və layihəyə maraqlı olan digər tərəflərdə problemləri yaradıcı həlletmə bacarıqları formalaşdırmaq, eyni zamanda, onların riyazi bacarıqlarını təkmilləşdirməkdir.

“Polyup” onlayn platforması XII Azərbaycan Beynəlxalq Təhsil sərgisində müəllimlər və şagirdlər tərəfindən böyük maraqla qarşılanmışdır. Sərgi müddətində TSİİ stendində layihə üzrə təqdimatla yanaşı, platformanından istifadəsi üzrə iş seminarları da təşkil olunmuşdur. Platformanın bəzi Azərbaycan məktəblərinin riyaziyyat dərslərində pilot layihə olaraq tətbiqinə başlanılması nəzərdə tutulur. “Polyup” haqqında əlavə məlumatı layihənin rəsmi saytından (www.polyup.com) əldə etmək mümkündür. Sözügedən layihə Azərbaycanda “Mars Academy” şirkəti tərəfindən təqdim olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir