“İnsan Haqları Uğrunda” İctimai Birlik yeni və qeyri-ordinar layihəyə başlayıb. Birliyin sədri Eynulla Fətullayevin Modern.az-a verdiyi məlumata görə, birliyin təsis olunduğu gündən xeyli sayda haqqı tapdanmış şəxs onlara müraciət edib. O, xüsusi ilə keçmiş və hazırkı dövlət məmurlarının pozulmuş hüquqlarının müdafiəsi məqsədi ilə İstimai Birliyə müraciət etməkdə olduğunu vurğulayıb.
“Lakin hazırkı ictimai-siyasi mühiti nəzərə alaraq vətəndaşlarımızın hüquqlarını yalnz ictimai rəyin problemlərə diqqətini cəlb etməklə həllinə nail olmaq olar. Bu işdə xüsusi ilə yeni informasiya texnologiyalarından bəhrələnmək lazımdır. Bu məqsədlə İctimai Birlik vüsətlə inkişaf edən sosial jurnalistika çərçivəsində yeni layihəyə başlayıb”.
E.Fətullayev deyib ki, “İnsan Haqları Uğrunda” İctimai Birlik YouTube sosial şəbəkəsində “PrezidentBiziDinlə” sərlövhəli informasiya kanalı təsis edərək indiki və haqqı tapdanmış keçmiş dövlət məmurlarının prezidentə və ictimaiyyətə müraciətlərinin yayımını təşkil edəcək.
“Layihənin ilk iştirakçısı prokuror Tofiq Ağacanovdur. O, baş prokuror Zakir Qaralovun xüsusi əmri ilə yalnız ona görə azad olunub ki, ADNA-da məşum terror hadisəsini törədən Fərda Qədirovun uzaq qohumudur”. Artıq işdən azad olunan sabiq prokuror Tofiq Ağacanovun prezidentə müraciəti YouTube sosial şəbəkəsində yerləşdirilib.
Modern.az