Modern.az

Eldar Ibrahimov: "Göyçay narı, Naxçıvan şaftalısı, Zirə pomidoru, Hövsan soğanı, Sabirabad qarpızını qorumalıyıq"

Eldar Ibrahimov: "Göyçay narı, Naxçıvan şaftalısı, Zirə pomidoru, Hövsan soğanı, Sabirabad qarpızını qorumalıyıq"

28 Oktyabr 2011, 14:14

Milli Məclisin bu gün keçirilən iclasında "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Modern.az-ın məlumatına görə, sənədi parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov təqdim edib. O, bildirib ki, qanun layihəsi 4 fəsil və 27 maddədən ibarətdir. Sənədin hazırlanmasında AMEA-nın strukturları və alimlər iştirak edib.
Modern.az E.İbrahimovun sənədin təqdimatındakı çıxışını təqdim edir:

- Hörmətli cənab sədr!
Hörmətli deputatlar!
Ərzaq və kənd təsərrüfatı bitkilərinin genetik ehtiyatları  -  mədəni bitkiləri, onların yabanı əcdadlarını, əhalinin ərzaq və dərman bitkisi kimi istifadə etdiyi yabanı növlərini əhatə edir. 

Əhalinin sürətlə artması, təbii sərvətlərin tükənməsi, havanın, suyun və atmosferin çirklənməsi, meşə sahələrinin azalması, yeni yaşayış məntəqələrinin və yolların salınması, boru kəmərləri, suvarma kanalları çəkilməsi və ərazi mənimsənilməsinin digər formaları və s. bitkilərin təbii məskunlaşma yerlərinin məhv edilməsi və onların genetik aşınması ilə müşayiət olunur.

Alimlər hesablamışlar ki, son 100 ildə dünyada kənd təsərrüfatında becərilən bitki sortlarının təqribən 75%-i itmişdir. Bu isə kənd təsərrüfatının gələcək inkişafı və davamlılığı üçün arzuolunmaz nəticələr törədə bilər.

Bütün bu məsələlərin qarşısını almaq üçün alimlər, elm mərkəzləri tərəfindən müxtəlif kənd təsərrüfatı bitkilərinin ən vacib sort və formalarından çoxu toplanaraq genetik bank adlanan mərkəzlərdə, elmi cəhətdən əsaslandırılmış şəraitdə, kolleksiyalar kimi saxlanılır. Dünyada 1480-ə yaxın genetik bank mövcuddur və onlarda kənd təsərrüfatı bitkilərinin təqribən 5,8 mln. nümunəsi toplanmışdır.

Bu gün mədəni bitkilərin və onların yabanı əcdadlarının beynəlxalq təşkilatların və ayrı-ayrı dövlətlərin imkanlarının səfərbər edilməsi yolu ilə elmi cəhətdən əsaslandırılmış etibarlı mühafizəsi və səmərəli istifadəsinin təmin olunması üçün beynəlxalq normativ-hüquqi baza, müqavilə və sazişlər sistemi yaradılmışdır. Burada ilk növbədə BMT səviyyəsində hazırlanaraq dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul edilmiş bir sıra sənədləri - Bioloji Müxtəlifliyə dair Konvensiyanı, Bitkilərin Genetik Ehtiyatları üzrə Qlobal Fəaliyyət Planını, bitkilərin genetik ehtiyatlarının yığılması və ötürülməsi üzrə Beynəlxalq Kodeksi, Bioloji Təhlükəsizliyə dair Kartaxena Protokolunu, Bitkilərin Yeni Sortlarının Mühafizəsi üzrə Beynəlxalq Konvensiyanı və s. göstərmək olar. Bu Konvensiyaların bir çoxuna Azərbaycan dövləti də qoşulmuşdur. 

Təbii-tarixi şəraitin müxtəlifliyinə görə bitkilər aləminin çox böyük genetik zənginliyinə və bir neçə minilliyi əhatə edən əkinçilik mədəniyyətinə malik olan Azərbaycanda da bitki genetik ehtiyatları ilə bağlı problemlər olduqca aktualdır.

Keçmiş Sovetlər İttifaqı dövründə Azərbaycanın milli bitki genetik ehtiyatları fondu N.Vavilov adına Ümumrusiya Bitkiçilik İnstitutunda saxlanılırdı. SSRİ dağıldıqdan sonra bu institutla əlaqələrin zəifləməsi, digər tərəfdən, bitki nümunələrinin Elmlər Akademiyasının və Kənd Təsərrüfatı Nazirliyinin institutlarında əlverişsiz şəraitdə saxlanması nəticəsində bir çox nümunələr itib batmış və ya yararsız hala düşmüşdür.

Bu gün Azərbaycanda Bitki Genetik Ehtiyatları üzrə Mərkəzi Məlumat bazasında qeydiyyata alınmış 2200-dən çox yerli ənənəvi bitki sortlarının böyük bir qismi tamamilə itmiş, qalan hissəsi isə kənd təsərrüfatı elmi-tədqiqat institutlaında əlverişsiz şəraitdə saxlanılır.

Ən acınacaqlı cəhət isə ondan ibarətdir ki, bu gün Azərbaycanın kənd təsərrüfatına, bitki seleksiyasına, ümumiyyətlə aqrosistemə gen mühəndisliyinin təsiri getdikcə artmaqdadır. Sirr deyildir ki, ölkəyə genetik modifikasiya olunmuş kənd təsərrüfatı və ərzaq məhsulları ilə yanaşı, geni dəyişdirilmiş bitki sortlarının toxumları, tingləri də gətirilir. Halbuki 1997-ci ildə Milli Məclis tərəfindən qəbul edilmiş “Toxumçuluq haqqında” Qanunun 27-ci maddəsində GMO mənşəli bitkilərin toxumlarının idxalı qadağan olunmuşdur. Digər tərəfdən 2008-ci ildə qəbul edilmiş “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Qanunun üç (6.0.5, 16.9 və 18.4) maddəsində genetik modifikasiya olunmuş orqanizmlərdən istifadənin məhdudlaşdırılmasına dair müddəalar öz əksini tapmışdır.   

Genetik ehtiyatlarla bağlı ölkədə yaranmış təhlükəli vəziyyətin qarşısını almaq üçün hələ 1995-ci ildə KTN nəzdində akademik C.Əliyevin rəhbərliyi ilə Bitki Genetik Ehtiyatları Komissiyası və Milli Əlaqələndirmə Şurası yaradılmış, AMEA biologiya elmləri bölməsində və Kənd Təsərrüfatı Nazirliyinin aidiyatı strukturlarında bioloji müxtəlifliyin toplanması, qorunması, səmərəli istifadə olunması istiqamətində tədqiqat işlərinin aparılması qərara alınmışdır.

Həmçinin 2001-ci ildə Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Bioloji Müxtəlifliyin Genetik Ehtiyatlarının Qorunması və Səmərəli İstifadəsinə dair Dövlət Komissiyası yaradılmışdır. 2006-cı ildə Biomüxtəlifliyin Qorunması və Davamlı İstifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı hazırlanmış və Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmişdir.  

Bu məsələyə nə qədər ciddi önəm verilməsini bir daha o təsdiq edir ki, bu ayın əvvəllərində, yəni oktyabrın 3-ü və 4-də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının təşkilatçılığı ilə Bakıda bitki genetik ehtiyatlarından səmərəli istifadəyə həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir. İki gün davam edən, 15 xarici ölkəni və 6 beynəlxalq təşkilatı təmsil edən 40-dək, Azərbaycandan isə 100-dən çox alimin iştirak etdiyi bu konfransda dünya əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının ödənilməsi və ərzaq təhlükəsizliyinin təmin olunmasında bitki genetik ehtiyatlarından səmərəli istifadə məsələləri müzakirə edilmişdir.

Hazırda Azərbaycanda 13 müxtəlif təşkilatın nəzdində saxlanılan 34 kolleksiyada taxıl, paxla, meyvə və giləmeyvə, üzüm, tərəvəz-bostan, yem, dərman və qeyri-ənənəvi bitkilərin çox böyük elmi və praktiki dəyərə malik qiymətli xalq seleksiyası sortlarının, nadir, endemik, relikt formalarının 13 minə yaxın nümunəsi toplanmışdır. Bu genetik zənginliyin xüsusi mərkəzdə - Milli Genbankda cəmlənməsi və lazımi şəraitdə saxlanması, mühafizəsi və səmərəli istifadəsi mühüm əhəmiyyət kəsb edir.

Ölkə səviyyəsində bu ehtiyatlarla bağlı fəaliyyətlərin idarə olunması, milli və beynəlxalq əlaqələrin yaxşılaşdırılması, elmi-tədqiqat işlərinin səviyyəsinin və maddi-texniki bazasının əhəmiyyətli dərəcədə yüksəldilməsi məqsədilə bitki genetik ehtiyatlarının mühafizəsi və istifadəsinin hüquqi əsasını və normativ hüquqi bazasını müəyyən edən “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Qanun layihəsi hazırlanmışdır. Qanun layihəsi Milli Elmlər Akademiyasının təklifi, Aqrar Siyasət Komitəsi deputatlarının təşəbbüsü və Genetik Ehtiyatlar İnstitutunun alimlərinin iştirakı ilə hazırlanmışdır.

Bu Qanun Azərbaycan Respublikasında mədəni bitkilərin, onların yabanı əcdadları da daxil olmaqla, genetik ehtiyatlarının ərzaq məhsulları istehsalı və kənd təsərrüfatı, elmi-tədqiqat, seleksiya və maarifləndirmə fəaliyyətləri, habelə sosial-mədəni və tarixi irsin mühafizəsi üçün qorunması və səmərəli istifadəsinin hüquqi əsaslarını müəyyən edir.

Dörd fəsil və 27 maddədən ibarət olan bu layihə Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, İqtisadi inkişaf, Maliyyə, Vergilər Nazirliklərinə və Gömrük və Standartlaşdırma, metrologiya və patent üzrə Dövlət Komitələrinə, habelə Milli Elmlər Akademiyasının və Kənd Təsərrüfatı Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarına rəylərə göndərilmiş və onların rəy və təklifləri nəzərə alınmaqla yenidən işlənərək Sizin müzakirənizə təqdim olunmuşdur.

Ümumi müddəalara həsr olunmuş birinci fəsildə Əsas anlayışlar, bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında qanunvericilik, Qanunun məqsədi, bitkilərin genetik ehtiyatlarının obyektləri, genetik ehtiyatların mühafizəsi və səmərəli istifadəsi sahəsində dövlət siyasətinin istiqamətləri və fəaliyyətin əsas prinsipləri verilmişdir.

Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi sahəsində idarəetmənin əsasları adlanan ikinci fəsildə bu sahədə dövlətin üzərinə düşən vəzifələr, genetik ehtiyatların mühafizəsi və səmərəli istifadəsi üzrə Milli Proqramın qəbul edilməsi, idarəetmə sisteminin qurulması, o cümlədən Milli Komitənin, Milli Əlaqələndirici İnstitutun, Milli Genbankın, ixtisaslaşdırılmış ekspert şuraları və prioritet fəaliyyət istiqamətləri üzrə işçi qruplarının müəyyən edilməsi nəzərdə tutulur. Layihənin 11-ci maddəsində genetik ehtiyatların müxtəlif istiqamətlər və subyektlər tərəfindən yaradılmasını nəzərdə tutan genbankların və Milli Genbankın hüquq və vəzifələri və fəaliyyət prinsipləri verilir. Azərbaycan Respublikasının Milli Genbankında ümummilli dəyərə malik mədəni bitkilərin genetik ehtiyatları kolleksiyaları, genetik eroziya və nəsli kəsilmək təhlükəsində olan növlər, növ müxtəliflikləri, formalar, xalq və elimi seleksiya sortları, seleksiya proqramları üçün əhəmiyyət daşıyan hüceyrə plazması nümunələri, qiymətli əlamətlərin daşıyıcıları olan tədqiqat materialları toplanır, etibarlı mühafizə edilir, bərpa olunur, çoxaldılır, elmi və digər məqsədlər üçün paylanır, hərtərəfli öyrənilir, səmərəli istifadə üçün tövsiyələr hazırlanır, sənədləşdirilir, məlumat bazası yaradılır.

Milli Genbank xüsusi mühafizə olunan təbiət obyekti statusuna malikdir.

12-ci maddə Mədəni bitkilərin genetik ehtiyatlarının milli kolleksiyalarından bəhs edir və öz təyinatına görə bir neçə qrupa bölünür. Məsələn, milli baza kolleksiyaları, aktiv işlək kolleksiyalar, dublikat kolleksiyalar, genetik kolleksiyalar və s.

13-cü, 14-cü və 15-ci maddələr mədəni  bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsinin elmi təminatı, məlumat və maarifləndirmə təminatı və iqtisadi stimullaşdırma məsələlərini tənzimləyir.

Üçüncü fəsil mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və istifadəsi ilə bağlı dövlət nəzarətinin təşkilindən bəhs edir. Burada mədəni bitkilərin genetik ehtiyatlarının kolleksiya sahiblərinin uçotu və qeydiyyatı, genetik ehtiyatın əldə edilmə qaydaları, bu fəaliyyətə qoyulmuş məhdudiyyətlər, nadir və nəsli kəsilməkdə olan bitki növlərinin və Azərbaycan Respublikasına məxsus mədəni bitki brendlərinin mühafizəsi, geni dəyişdirilmiş bitkilərlə davranma sahəsində münasibətlər və digər məsələlər verilmişdir (Brend dedikdə Azərbaycan xalqına və dövlətinə mənsub olan bitki növləri və sortları nəzərdə tutulur. Yəni Göyçay narı, Naxçıvan hülü şaftalısı, Zirə və Xaçmaz pomidorları, Hövsan soğanı, Sabirabad qarpızı və s. nəzərədə tutulur. Bildiyiniz kimi mənfur qonşularımız xalqımıza məxsus musiqiləri, mahnıları, xalçaları və digər incəsənət, mədəniyyət və məişət nümunələrini öz adlarına çıxmaqla məşğuldurlar. Onlar hətta Azərbaycanda xalq və elmi seleksiya yolu ilə yaradılan bitki növləri və sortlarını da mənimsəyirlər. Əriyin vətəninin Ermənistan olması barədə bir neçə ildir ki, beynəlxalq konfrans da keçirirlər. Ona görə də biz öz milli bitki brendlərimizə sahib çıxmalı, onların bizə məxsusluğunu hüquqi zəmində həll etməliyik).

Layihənin 21-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasına məxsus mədəni bitki brendləri kənd təsərrüfatı, dərman və bəzək bitki formaları üzrə müəyyən edilir, Azərbaycan xalqının milli sərvəti hesab olunur və qanunla qorunur. Mədəni bitki brendlərinin və onların areallarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

22-ci maddədə geni dəyişdirilmiş bitkilər, eləcə də müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılan kənd təsərrüfatı bitkilərinin sortları üzrə həyata keçirilən fəaliyyət Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənməsi nəzərdə tutulur. Yəni bu gün bütün dünyada, o cümlədən Azərbaycanda böyük problemə çevrilmiş genetik modifikasiya olunmuş orqanizmlər tətbiq edilən kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, satışı, idxalı və ixracı məsələləri yeni hazırlanacaq xüsusi qanunla tənzimlənəcəkdir.

Dördüncü fəsil mədəni bitkilərin genetik ehtiyatları üzərində mülkiyyət növləri, genetik ehtiyat sahiblərinin hüquqları və vəzifələri, qanunvericliyin pozulmasına görə məsuliyyət və mübahisələrin həlli məsələlərinə həsr olunmuşdur.

Mədəni bitkilərin, onların yabanı əcdadları da daxil olmaqla genetik ehtiyatları həm dövlət, həm bələdiyyə, həm də xüsusi mülkiyyətdə ola bilər.

Hörmətli deputatlar!

Mən çıxışımda çalışdım ki, bitki genetik ehtiyatlarının mühafizəsi və istifadəsi sahəsində dünyada və ölkədə baş verən proseslərin aktuallığı, problemlərin mövcudluğu, BMT çərçivəsində dünya ölkələri tərəfindən bu məsələyə çox ciddi önəm verilməsini və tədbirlər həyata keçirilməsini az da olsa diqqətinizə çatdıra bilim.

Onu da nəzərə almağınızı xahiş edirəm ki, layihə genetik ehtiyatlara həsr olunub, burada müxtəlif elmi və beynəlxalq aləmdə qəbul edilmiş mürəkkəb terminlər, çətin dərk edilən müddəalar, yaradılması nəzərdə tutulan komissiyalar, qurumlar (genbanklar, kolleksiyalar və s.) vardır. Onların bir çoxu indi də mövcuddur, fəaliyyət də göstərirlər, komissiyalar ictimai əsaslarla işləyirlər və s. Yəni bu məsələlər yeni deyil, qanunda sadəcə olaraq onlar beynəlxalq miqyasda qəbul olunmuş terminlərlə ifadə olunur və onların fəaliyyətinin hüquqi bazası yaradılır. Layihənin müzakirəsinə bu sahənin tanınmış alimlərini də dəvət etmişik, nə sualınız olsa məndən və onlardan ətraflı cavab ala bilərsiniz.

Aqrar Siyasət Komitəsinin deputatları hesab edir ki, Qanun layihəsi olduqca vacib bir məsələnin həllinə normativ-hüquqi baza yaradır, birinci oxunuşun tələblərinə cavab verir və konseptual baxımdan qəbul oluna bilər.

Komitənin deputatları adından layihənin müzakirəsində əməli təklif və rəylərini bildirən hörmətli həmkarlarıma əvvəlcədən minnətdarlığımı bildirirəm.

Diqqətinizə görə təşəkkür edirəm!   

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı