Modern.az

Dilimizə - özümüzə qiymət verə bilirikmi..?

Dilimizə - özümüzə qiymət verə bilirikmi..?

30 Oktyabr 2011, 12:55

Modern.az saytı Milli Məclisin deputatları ilə Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən layihə həyata keçirir. Bu layihə çərçivəsində deputat müxtəlif janrlarda yazı yazan tələbələrin məqalələri Modern.az saytında yerləşdirilir. 
Bu dəfə 92 saylı Zərdab-Ucar seçki dairəsindən deputat Jalə Əliyeva tələbələrin intellektual gücünü yoxlayır. Deputat bildirib ki, ana dilimizin qorunmasında müasir gəncliyin üzərinə böyük yük düşür: “Bu məsələ mənim üçün çox önəmlidir. Dilimizi qorumaq varlığımızı qorumaq qədər vacib məsələdir. Odur ki, mənim üçün “Dilimiz mənəviyyatımızdır” mövzusunda gənclərimizin düşüncələrini bir daha incələmək çox maraqlıdır”.

Aşağıdakı yazı bu layihə çərçivəsində hazırlanıb:

“İnsan, danış ki, səni görə bilim”
(Sokrat)

Hər bir insan dilinin altında gizlənib deyirlər. Özünüifadə vasitəsi olan dil, hər birimizin cəmiyyətdə vətəndaş, peşəkar biri kimi formalaşmağımıza təsir edən başlıca vasitələrdən biridir. Əbəs yerə deyilməyib ki, insanı geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar. Dil ağıl və fikrin kontekstində-sərhədində duran bir vasitədir.

Tariximiz elə dilimizdən başlayır. Zaman-zaman dilimiz uğrunda aparılan “mübarizə” və onu qorumaq “cavabdehliyi” də elə bu səbəbdəndir. Biz dilimiz vasitəsilə özümüzü tanıdır və tanıyırıq. Dil həm də xalqlar arasında körpü funksiyasını yerinə yetirir: hər biri özünəməxsus və fərqli formada. Dünyaya yolumuz məhz bu körpü üzərindən keçir.

Folklor nümunələrindən süzülüb gələn dilimizin saflığını, məna və orijinallığını qoruyub saxlamaq uğrunda Azərbaycan tarixində H.Zərdabi, M.F.Axundov, M.Ə.Sabir, C.Məmmədquluzadə, Ü.Hacıbəyov, Ə.Cavad və s. kimi mübarizlərimiz yetişib.

Tariximiz kimi dilimiz də sıldırımlı yollarla, zamanla ayaqlaşaraq bu günə gəlib çatıb. Bir əsrdə 4 dəfə əlifba islahatı aparılmış, “türk dili”, “tatar dili”, “Azəri dili” adlandırılmış bir dilin hansı sınaqlardan çıxdığını təsəvvür etmək çətin deyil. Babanın oxuduğunu nəvə, nəvənin oxuduğunu baba başa düşmürdü. Nəsillərarası dissimliyasiya yaranmışdı. Belə bir şəraitdə “mənə mükəmməl bir əlifba verin, mükəmməl bir dil verim, mükəmməl bir dil verin, mükəmməl bir mədəniyyət verim” prinsipindən yanaşdıqda isə, dilimizlə bərabər, mədəniyyətimizin, tariximizin, ədəbiyyatımızın - mənəviyyatımızın nə kimi uçurumlara sürükləndiyini görməmək mümkün deyil.

“Molla Nəsrəddin”in “...axı mənim öz dilim var, niyə başqa dilləri mənim ağzıma soxursunuz” fəryadı da bu uçurumun təhlükəsindən xəbər verirdi. Dilimizdə gah ərəb-fars, gah da rus mənşəli sözlərə, anlaşılmaz ifadələrə qarşı haqlı olaraq, əsrlərdir mübarizə aparılır və təəssüf ki, bu problem bu gün də öz aktuallığını qoruyur.

“Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunsa da, Kütləvi İnformasiya Vasitələrində, küçə və nəqliyyatda, məişətdə dilimiz, türk, rus, ingilis sözlərinin məngənəsində sıxılır. Doğrudur, dilimizdə oturuşmuş ərəb-fars, Avropa mənşəli sözlər az deyil. Hər bir dilin digər dillərdən söz almasına da qarşı çıxmaq olmaz. Ancaq “sözalma” bu dərəcədə kütləviləşəndə və dilin heç bir norması tərəfindən qəbul olunmayanda toqquşmalara gətirib çıxarır. Xüsusən bu, dili öyrədən və qoruyub saxlayan orqan funksiyasını yerinə yetirməli olan media vasitələrində özünü göstərir.

Təəssüf ki, bu gün ölkəmizdə nəşr olunan kitab, qəzet və jurnalların əksəriyyətində, radio və televiziyalarımızda dilimizin heç bir qanunauyğunluğuna riayət olunmur. gənclərimiz arasında “brat”, “padvalit”, “padderjka”, “uje”, “ni to”, “ne day boq”, “astanovka”, “kak vseqda”, “nauşnik” və s. kimi kütləvi şəkildə işlədilən ifadələr məişət nitqimizi korlayan və dilimizin simasını dəyişən təhlükədən xəbər verir. Halbuki, SSRİ-dən ayrılıb, müstəqil olmağımızdan düz 20 il keçir.

Efirlərimizdə “nə yazıq ki”, “gerçəkdən də”, “talib”, “elektrik almaq”, “etkilənmək”, “amac”, “əndişələnmək”, və s. kimi ifadələrin də axınına rast gəlmək olar. Lakin bu sözləri dilimizdə “təəssüf ki”, “doğrudan da”, “namizəd”, “təsirlənmək”, “məqsəd”, “narahat olmaq” ifadələri ilə asanlıqla əvəz etmək olar. Yeri gəlmişkən, “elektrikləşdirmək” termini XVIII əsrdə Fransada kişinin qadına məhəbbətini ifadə etmək üçün işlədilirdi: “Siz məni elektrikləşdirirsiniz” - “sizə vurulmuşam” mənasında işlədilirdi.

Dil o zaman bu sözlərə özündə yer verir ki, onların qarşılığı yoxdur. Lakin bu gün dilimizdəki yad ünsürlərin əksəriyyətinin öz qarşılığı var. “Sözalma” da qarşılıq olmayanda hüquqi statusunu qazanır.

Bu gün Azərbaycan şagirdlərinin və tələbələrinin çoxu fikrini sərbəst və səlis şəkildə ifadə etməkdə çətinlik çəkirlər. Bunun səbəbi kimi isə mütaliə zəifliyi və təbii olaraq, diskussiya kompleksi əsas göstərilməlidir. Təbii ki, dili zəif olan kitabları mütaliə etmək də heç bir fayda vermir. Bu gün çoxumuzun olduğu sosial şəbəkələrdə, portallarda dilimizə olan “ögey münasibət” hər bir azərbaycanlını narahat etməyən problem olmaya bilməz.

“Mətbuat nitqi oxucuya düzgün yazıb, düzgün oxumağı öyrədir” tendensiyası təəssüf ki, özünü doğrultmur. Bunun günahını konkret şəxslərdə, yaxud konkret orqanlarda axtarmaq da düzgün deyil. Çünki dil mənəvi hadisədir və mənəviyyatı ümumi mədəniyyətdən, mənəvi proseslərdən təcrid etmək qeyri-mümkündür. Dilimiz hamımızın bir vətəndaş, azərbaycanlı olaraq qorumağa borclu və məsuliyyətli olduğumuz mənəvi varlığımızdır. Bu, ən azından öz varlığımızı təsdiq etmək üçün ən ali vasitədir. 

Dilimizi qorumaq və onu təkmilləşdirmək üçün mənəvi məsuliyyətlə yanaşı, ictimai məsuliyyət də vacibdir. Bunun üçün məktəb və universitetlərdə tez-tez ziyalılarla maraqlı mövzularda debatlar təşkil olunmalı, müsabiqələr keçirilməli və hər birimizin sərbəst şəkildə mühakimə yürütmək imkanlarımız genişləndirilməlidir. Bununla bağlı şəxsi təşəbbüslər də dəyərləndirilməlidir. Bir sözlə, hər kəsdə nitq mədəniyyəti formalaşdırılmalı və maarifləndirmə işləri aparılmalıdır.

Hər bir xalqın ən gözəl sənət nümunələri, əsərləri, mədəniyyəti elə onun öz dilində yazılır. Dil həmin xalqın mənəvi və mədəni simasına çevrilir. Xalq sözə və dilə verdiyi qiymət qədər xalqdır. Bu qiymət nə qədər böyükdürsə, həmin xalq və millət də o qədər zirvədədir. Dilimizə-özümüzə qiymət verək!

Nuranə Abbasova
Bakı Slavyan Universiteti
 

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal