Paytaxtda 160 nömrəli marşrut xətti üzrə yeni avtobuslar xidmət göstərəcək.
Bakı Nəqliyyat Agentliyindən Modern.az-a verilən məlumata görə, 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirən “Ayşən LTD” MMC ilə bağlanan müqaviləyə xitam verilib. Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrinin müvafiq sərəncamına əsasən, xətt üzrə sərnişindaşıma xidmətinin göstərilməsi “Çinar-Trans” MMC-yə həvalə edilib.
Noyabrın 10-dan 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərə “Çinar-Trans” MMC tərəfindən yeni avtobuslarla xidmət göstəriləcək.
Xatırladaq ki, son vaxtlar 160 saylı marşrut üzrə hərəkət edən avtobuslardan şikayətlər vardı. Sonuncu belə şikayət oktyabrın 1-i 160 saylı avtobusun iştirakı ilə baş verən qəzadan sonra qeydə alınmışdı. Belə ki, Həmin vaxt Bakının Binə qəsəbəsi ərazisində 160 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu ilə qatar toqquşması nəticəsində bir neçə nəfər dünyasını dəyişmiş, 40-a yaxın sərnişin müxtəlif dərəcəli bədən xəsarəti almışdı.