Əmək və Əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında büdcə zərfinə daxil olan “2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı növbəti ildə əlillərin pensiyasının artımı ilə bağlı sualı cavablandırıb.
Modern.az-ın məlumatına görə, nazir müavini bildirib ki , əlillər daim diqqət mərkəzindədir. “Bizim pensiya sistemimiz sığorta prinsiplərinə əsaslanır. Bura əlilliyə, yaşa və ya ailə başçısını itirməyə görə pensiyaya çıxanlar daxildir”.
Nazir müavini bildirib ki, pensiya fərdi şəxsə hesabda toplanılan məbləğdən asılı olaraq təyin edilir.
“Əlillər də bu kateqoriyadan olan şəxslərdir. Sadəcə fərq odur ki, onlar əlillik səbəbindən pensiyaya çıxırlar. Həmin şəxsin fərdi hesabında nə qədər vəsait toplanıbsa, ona uyğun da pensiya alır. Burada sığorta prinsipləri nəzərə alınmalıdır”.
O həmçinin qeyd edib ki, Azərbaycanda əlillər pensiya ilə yanaşı müavinət də alırlar. “ Əlillərin sosial müavinətinin artırılması ilə bağlı növbəti ildə tədbirlər keçiriləcək. Onların məbləği kapitaldan asılı deyil, fiks rəqəmlə ifadə olunur. Biz həmin vəsaitin artırılması ilə bağlı ciddi addım atacağıq”.