Qədim tarixə, mədəniyyətə və adət-ənənələrə malik olan Azərbaycanın rayonları, bu rayonların sakinləri müxtəlif xüsusiyyətlərilə biri-birindən fərqlənir. Rayonlarımız ayrı-ayrılıqda nəyiləsə də tanınırlar.
Modern.az saytı “Rayonlarımız nəyi ilə tanınır” sualı ilə cəmiyyətimizin müxtəlif sahələrinin nümayəndələrinə müraciət edir. Bu dəfə də tanınmışlar “Qəbələ rayonu” deyəndə ilk yada düşən məqamlardan danışdılar..
“Hər bir rayonu fərqləndirən xüsusiyyətlər var”
Millət vəkili, yazıcı Aqil Abbas bildirdi ki, Qəbələ rayonu ona tələbəlik illərini xatırladır.
“Orada bir ay praktikada olmuşam, mehriban insanları və müəllimlərimi xatırlayıram. Daha sonra isə İsmayıl bəy Qutqaşenlini xatırlayıram”.
Aqil Abbas bildirdi ki, hər bir rayonun insanlarını fərqləndirən cəhətlər olur. “Bəzən bir rayona, bəzən də bir bölgəyə xas xüsüsiyyətlər mütləq var. Məsələn, Qarabağ bölgəsini, eləcə də ayrılıqda Cəbrayılı, Ağdamı fərqləndirən cəhətlər var. Amma Qəbələ haqqında deyə bilmərəm ki, hansı xüsusiyyətlər onu fərqləndirir. Çünki bu rayonla çox ünsiyyətdə olmamışam”.
“Qəbələ Böyük Qafqazın incisidir ”
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Baboğlu bildirdi ki, bu rayonun adı çəkiləndə ilk olaraq onun tarixi, toponomik mənası yadına düşür. Digər tərəfdən isə Qəbələdə aparılan axreoloji qazıntılar, şəhər ətrafında tapılan tarixi, mədəniyyət nümunələri də həmsöhbətimizə bu rayonu xatırladır.
Qəbələni Böyük Qafqazın incisi kimi xarakterizə edən H.Babaoğlu fikirlərinə belə davam edir.
“Daha sonra Qəbələnin Nohurgölü yadıma düşür. Kiçik Qafqazın incisi Göygöldürsə, Böyük Qafqazın incisi Nohurgöldür. Bundan əlavə, oranın gözəl insanları da mənə bu rayonu xatırladır. Bu gün Qəbələni inkişaf edən Azərbaycanın rayonların timsalında qısa ensiklopodik aynası hesab edirəm. Eyni zamanda, Qəbələ əyalətlərin simasında mədəniyyət mərkəzinə çevrilib. Heydər Əliyev Fondunun həyata keçirdiyi bir sıra tədbirlər sübüt etdi ki, təkçə şəhərlər deyil, əyalətlər də mədəniyyət mərkəzinə çevrilə bilər”.
H.Babaoğlu bu rayona getməyi ona sevdirən bir məqamı da söylədi. “İsmayıllı rayonundan Qəbələyə gedən yolda vələs və palıd ağaclarınının yaratdığı tuneldən keçməyi çox sevirəm”.
Hər regionun insanlarını fərqləndirən xüsusiyyətlərin olduğunu deyən H.Babaoğlu söylədi ki, Qəbələ, Qax, Oğuz rayonlarının insanları səmimi olmaları ilə fərqlənirlər.
“Qadınlarının müasirliyi ilə fərqlənir...”
“Bu rayonu ilk növbədə öz bölgəmiz olduğu üçün çox sevirəm. Qəbələ daha çox gözəlliklər məskənidir. Digər tərəfdən dadlı yeməkləri də xüsusilə qeyd edilməlidir”. Bu sözlər Qadın Krizis Mərkəzinin rəhbəri Mətənat Əzizovaya məxsusdur. M.Əzizova daha sonra əlavə etdi ki, Qəbələyə həm iş üçün, həm də dincəlmək üçün üz tutur.
Bu rayonun insanlarını fərqləndirən hər hansı xüsusiyyətin olub-olmamasına gəlincə, M.Əzizova bildirdi ki, buranın insanları qonaqpərvərliyi ilə yanaşı, qadınlarının daha çox intellektual olmaları ilə digər rayonlardan fərqlənirlər.
“Seminarlarda, dəyirmi masalarda tez-tez oluruq. Digər rayonlarla müqayisədə buranın qadınları, qızları daha müasirdirlər. Həm düşüncə baxımından, həm də geyim baxımından. Məsələn, mən ilk dəfə Zaqatalada olanda şoka düşdüm. Burdakı xanımların geyimi Bakıdakı xanımlardan heç də fərqlənmirdi. Bunu Qəbələyə də aid etmək olar. Digər tərəfdən xanımlar fikirlərini ifadə etməkdə daha cəsarətlidirlər, yüksək dünyagörüşünə malikdirlər”.
“Kəmaləddin Heydərov yadıma düşür”
Hüquqşunas İntiqam Əliyev söylədi ki, Qəbələ rayonu deyəndə ilk yadına fövqəladə hallar naziri Kəmaləddin Heydərov olur. Daha sonra isə damla-damla toplanan “Jalə” suları. Eyni zamanda bu rayondan olan şikəst uşaq da müsahibimizin xatirəsindədir.
“Bir-iki il əvvəl Qəbələ RLS-nin insanlara zərərli təsirləri haqqında araşdırma aparırdıq. Kəndlərin birində RLS-in şüalarının təsiri nəticəsində anadan şikəst doğulan uşaq var idi. Onu xatırlayıram. Heç yerə tərpənə bilmirdi, bu, ata-ana üçün böyük dərddir”.
Qəbələliləri fərqləndirən hər hansı bir xüsusiyyətin olub-olmamasına gəlincə, İ.Əliyev söylədi ki, ünsiyyətdə olduğu insanlarda yalnız mehribanlıq görüb.
“Apardığım araşdırmalarla bağlı daha çox kasıb kəndlərdə olmuşam. Buna görə, kasıb amma mehriban, səmimi insanlar yadımda qalıb”.
Sədaqət SÜLEYMANOVA