Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Peşə birlikləri haqqında” və “İctimai iştirakçılıq haqqında” qanun layihələrini ictimai müzakirəyə çıxarıb. Bu gün keçirilən dəyirmi masada çıxış edən Şuranın sədri Azay Quliyev qanun layihələrinin zərurətdən irəli gəldiyini deyib.
Sonra layihələri hazırlayan işçi qruplarının rəhbərləri Adil Vəliyev və Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev çıxış edərək qanun layihələri barədə ətraflı danışıblar. (APA)
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, ötən 20 ildə Azərbaycanda QHT institutunun formalaşması sevindirici haldır. Onun fikrincə, bu qanun layihələri əslində cəmiyyətin parlamentə sifarişidir. H. Rəcəbli cəmiyyətin cəmiyyət tərəfindən idarə olunmasının mühüm məsələ olduğunu vurğulayıb: “Belə qanun layihələri parlamentdə gərgin müzakirələrdən keçir. Ona görə də bu cür müzakirələrə hazır olmalıyıq”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, QHT-lər yaxşı inkişaf yolu keçib və insanlar peşə yönümlü birliklər də yaratmağa başlayırlar: “Biz Avropa ölkələrinin keçdiyi yola başlayırıq. Dövlət orqanlarına ictimai nəzarət də vacib məsələdir. Bu, dövlət idarəçiliyində səmərəli idarəetmə prinsiplərinin möhkəmlənməsinə yol açacaq. Burada QHT və dövlət orqanları arasında iş yükünü bölmək məsələsi də var. Biz bu qanun layihələrini mütləq dəstəkləyəcəyik”.
Komitə sədrlərinə qanun layihələrinə dəstək verdikləri üçün təşəkkürünü bildirən Azay Quliyev onu da xatırladıb ki, oktyabrın 28-də parlamentdə qəbul olunan “Sosial xidmət haqqında” qanun Avropa ölkələrində olduğu kimi Azərbaycanda da bir çox sosial xidmətlərin QHT-lərə həvalə olunmasına yol açacaq.
Modern.az