Noyabrın 1-də Prezident İlham Əliyev Respublika Uşaq Klinik Xəstəxanasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib. Modern.az Prezidentin rəsmi internet saytına istinadən bidirir ki, dövlət başçısı xəstəxananın təmirdən əvvəlki vəziyyətini əks etdirən stendə baxıb.
Səhiyyə naziri Oqtay Şirəliyev dövlət başçısına xəstəxanada görülən işlər barədə məlumat verib. Nazir bildirib ki, xəstəxanada yenidənqurma işlərinə 2010-cu ilin iyunundan başlanılıb. Binada yüksək səviyyədə təmir-bərpa işləri görülüb. Müasir avadanlıqla təchiz edilib 100 çarpayılıq bu müalicə müəssisəsində xəstələrə 80-ni həkim olmaqla 200-dən çox tibbi heyət xidmət göstərəcək.
Prezident İlham Əliyev xəstəxananın şöbələrində və palatalarında yaradılan şəraitlə tanış olub.
Görülən işlərdən razılığını bildirən Prezident tapşırıq və tövsiyələrini verib.
Prezident İlham Əliyev Azərbaycan Dövlət Mahnı Teatrının binasının əsaslı bərpa və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub.
Dövlət başçısına məlumat verilib ki, teatrın binasında bərpa və yenidənqurma işlərinə 2010-cu ilin sentyabrından başlanıb. Ötən müddətdə binanın fasadı, foyesi əsaslı təmir olunub, qapı-pəncərələr, oturacaqlar yenilənib, xidməti otaqlar, zal, səhnə yenidən qurulub. Teatrın işıq qurğuları İtaliya, səs avadanlığı isə ABŞ istehsalıdır. Burada ən müasir havalandırma sistemi qurulub.
Azərbaycan Dövlət Mahnı Teatrı 1968-ci ildə dünya şöhrətli korifey sənətkarımız Rəşid Behbudovun təşəbbüsü ilə yaradılıb. Teatrın kollektivi 1988-ci ildən indiki binada fəaliyyət göstərir.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.
Modern.az