“Azərbaycanda əhaliyə məşhur “Anchor” yağına bənzəyən “Andhor” adlı yağlar satılır. Adındakı hərf dəyişməsini çıxmaq şərti ilə, istər dizayn, istər rəng, istərsə də qablaşdırma baxımından “Andhor” yağları 5 kiloqramlıq “Anchor” yağlarından fərqlənmir. “Andhor” yağının harada və kimlər tərəfindən istehsal olunduğu və niyə məhz bu şəkildə satışa çıxarıldığı məlum deyil”.
Bu açıqlamanı Modern.az-a “Anchor” yağının Azərbaycandakı yeganə və rəsmi distribyutoru olan “Delta Group” şirkətindən veriblər. Şirkət əhalini diqqətli olmağa çağırır.
“Delta Group”un rəhbərliyi bildirir ki, 5 kiloqramlıq “Anchor” yağı Azərbaycan bazarında liderdir və görünür bəzi şəxslər bundan istifadə edərək əhaliyə zahirən “Anchor”a bənzəyən “Andhor” yağını satırlar. Şirkət “Andhor” yağını istehsal edən şəxslərdən sağlam rəqabət prinsipini gözləməyi və öz məhsullarını satışa öz dizaynları və qablaşdırmaları ilə buraxmalarını qəti surətdə tələb edir.
“Delta Group”un rəhbərliyi bu məsələ ilə bağlı müvafiq qurumlara, o cümlədən məhkəməyə, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinə və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət edəcəyini bildirir. “Delta Group” rəhbərliyi bildirir ki, “Andhor” yağını istehsal edənlər şirkətin müəllif hüquqlarını tapdalayır, həm də əhalini çaşdırırlar. “Delta Group” öz alıcılarını yağ alarkən diqqətli olmağa çağırır və bildirir ki, bu məsələnin cinayət tərkibi hüquq-mühafizə orqanları tərəfindən araşdırılacaq və məsuliyyətli şəxslər cəzalandırılacaqlar.
Şirkət rəhbərliyi Azərbaycanda Yeni Zellandiya yağı adı altında satılan açıq yağlarla bağlı qeyd edib ki, bu gün Azərbaycan bazarında Yeni Zellandiya adı altında satılan açıq yağların mənşəyi məlum deyil. “Delta Group” hesab edir ki, “Anchor” yağının üstünlüyü onun paketlənmiş yəni ki gigiyenik olmasındadır. “Anchor” brendinin sahibi Yeni Zellandiyanın “Fonterra” şirkətidir. “Fonterra”nın Azərbaycandakı yeganə tərəfdaşı isə “Delta Group”dur. Delta Group “Anchor” yağının Azərbaycan bazarında lider olduğunu və qeyri-sağlam rəqabət aparmaq istəyən şirkətlərlə sonuna kimi mübarizə aparacağını bəyan edir.
“Delta Group” “Anchor” yağlarının Azrbaycanda yeganə distribyutorudur.
Modern.az