Modern.az

Azərbaycan ziyalılarından hakimiyyətə çağırış

Azərbaycan ziyalılarından hakimiyyətə çağırış

1 Noyabr 2011, 16:42


Sıralarında Rüstəm İbrahimbəyov, Rafiq Əliyev, Əkrəm Əylisli, Ramiz Rövşən kimi ziyalıları birləşdirən Ziyalıların İctimai Forumu hakimiyyətə çağırış edib. “Turan” İctimai Foromin açıqlamasını yayıb. Açıqlamada bildirilib:

1. Forum Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarına əməl olunmasına böyük diqqət yetirir.

2. Gənc fəallara qarşı həbs və məhkəmə təqibləri ilə müşayiət olunan təzyiqlərin yolverilməzliyini bəyan edir.

3. Forum müəyyən edib ki, məhkəmə təqiblərinə səbəb olan halların mütləq əksəriyyəti ölkə və cəmiyyət qarşısında cinayətlə yox, bugünkü reallıqlar, yürüdülən dövlət siyasətinə müxtəlif baxışların və mövqelərin toqquşması ilə bağlıdır. Azərbaycanda sərbəst toplaşmaq azadlığı hüququnun reallaşması ilə bağlı ciddi problemlər var. Forum dövlət orqanlarını toplaşmaq azadlığını reallaşdırmaq üçün daha məqbul yerin müəyyən olunmasına və şəraitin yaradılmasına, həmçinin mitinq keçirilməsinə cəhdlə əlaqədar barəsində məhkəmə prosesi başlamış siyasi və gənc fəalların azad olunmasına çağırır.

4. Forum “hicab” problemi ilə əlaqədar dindarların həbsindən və təqib olunmasından ciddi narahatlığını bildirir. Forum parlamenti bu məsələləri dəqiq tənzimləyən qanun hazırlamağa və qəbul etməyə çağırır. Belə qanunun qəbulundan əvvəl isə forum hakimiyyəti həbs olunmuş dindarları azad etməyə çağırır.

5. Forum alternativ xidmət haqqında qanunun hazırlanmasını və qəbulunu vacib hesab edir. Belə ki, bu, ölkənin beynəlxalq öhdəliklərindən biridir. Qurum Bəxtiyar Hacıyev və Cabbar Savalanlının həbsdən azad olunmasına çağırır.

6. Forum nümayəndələri Rüstəm İbrahimbəyov, Rafiq Əliyev, Əkrəm Əylisli, Ramiz Rövşən və Eldar Namazov Ədliyyə Nazirliyinə müraciət edərək həbsdə olan gənc fəallara baş çəkməyə icazə verilməsini  xahiş edirlər. Forum həbsdə olan fəallara müəllif imzaları ilə kitabların çatdırılması kampaniyasına başlayıb. Qurum hesab edir ki, onların cəmiyyətdən təcrid olunması dövlətin maraqlarına cavab vermir.

7. Forum korrupsiya, təhsil, səhiyyə, müstəqil məhkəmə icraatı, əsas hüquq və azadlıqların qorunması problemləri ilə bağlı hakimiyyət və vətəndaş  cəmiyyəti arasında açıq dialoqa çağırır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama