Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2011-ci ilin 9 ayının yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov kollegiyaya ölkə başçısının Nazirlər Kabinetinin 2011-ci ilin 9 ayı ərzində sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında çıxışındakı “bu ilin 9 ayı ərzində informasiya-kommunikasiya sektorunda çox böyük artım qeydə alınmışdır. Bu sektor çox dinamik inkişaf edir” fikirləri ilə başlayaraq cari ilin 9 ayında sektorun ayrı-ayrı sahələrində həyata keçirilən islahatlardan danışıb, gələcəkdə bu sektorda əldə olunacaq gəlirlərin ölkə iqtisadiyyatının inkişafına güclü təsir göstərəcəyini qeyd edib.
Kollegiyada 2011-ci ilin 9 ayı ərzində sektor üzrə qeydə alınan nəticələr barədə məruzə dinlənilib. Qeyd olunub ki, ötən dövr ərzində İKT sektorunda artım tempi 12,4%, o cümlədən, telekommunikasiya sektorunda 8,3%, İT sektorunda 1,6 dəfə, informasiya sektorunda isə 38,8% təşkil edib.
Hesabat dövründə mobil abunəçilərin sayı 10 milyona yaxın, əhalinin hər 100 nəfərinə düşən kompüterlərin sayı 15, internet istifadəçilərinin sayı isə 60-a bərabər olub. Bu, dünya üzrə orta göstəriciləri 2 dəfədən çox üstələyir.
Sonra məruzə ətrafında RİTN-in bir sıra birlik və müəssisələrinin rəhbərləri çıxış ediblər.
Kollegiyaya yekun vuran nazir Prezidentin ölkədə informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafını yüksək qiymətləndirdiyini bir daha vurğulayaraq, qəbul olunmuş Dövlət Proqramlarının icrası, “Elektron hökumət” layihəsinin reallaşdırılması, rəqəmsal televiziyanın tətbiqi, poçt sektorunda bank xidmətlərinin genişləndirilməsi, Regional İnformasiya Xidmət mərkəzlərinin, özəl sektorda sağlam rəqabət mühitinin yaradılması, bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiya”dan irəli gələn məsələlərin həllinə nəzarətin gücləndirilməsi, əhaliyə göstərilən rabitə xidmətlərinin, eləcə də xidmət mədəniyyətinin yüksəldilməsi və bir sıra mühüm əhəmiyyət kəsb edən layihələrin və məsələlərin icrasının təmin olunması, eyni zamanda bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması üçün tapşırıqlarını verib.
Kollegiyada həmçinin Azercell Telecom və Bakcell operatorlarına 3G mobil rabitə xidməti göstərməsi üçün lisenziyaların verilməsi ilə bağlı qərar qəbul edilib, eyni zamanda, nazirliyin müvafiq qurumlarına və ölkədə fəaliyyət göstərən 3 mobil operatora dünyada ən müasir 4G (LTE) mobil rabitə xidmətinin tətbiqi üçün texniki və hüquqi normalara uyğun təkliflərin verilməsi tapşırılıb.
Modern.az