Modern.az

Azercell 2 jurnalisti Londona təhsil almağa göndərir (FOTOLAR)

Azercell 2 jurnalisti Londona təhsil almağa göndərir (FOTOLAR)

2 Noyabr 2011, 12:08

Azercell Telekom MMC-nin Kaspi Təhsil Mərkəzi ilə birlikdə jurnalistlər üçün təşkil etdiyi 6 aylıq ingilis dili  kurslarında iştirak edən və kursu bitirən media nümayəndələrinə sertifikatlar təqdim olunub. 30-a yaxın jurnalistin iştirak etdiyi kurslarda müəllimlərin seçimi ilə 2 nəfər jurnalist Londona 2 həftəlik təhsil almaq şansı qazanıb. Londona təhsil dalınca gedəcək jurnalistlər Xəyal Babayev (“Azadlıq” qəzeti) və Təranə Məhərrəmovadır (“Kaspi” qəzeti).

İngilis dili kurslarında iştirak edən tələbə jurnalistləri bununla bağlı keçirilən mərasimdə Azercell Telekom MMC-nin prezidenti Ali Ağan da təbrik edib. Şirkət prezidenti jurnalistlərlə görüşündən məmnunluğunu dilə gətirib:
”Hər birinizi burada salamlamağa və görməyə çox şadam. Bilik, savad insana həyatda hər zaman vacib olan, onun başını göylərə ucaldan xüsusiyyətlərdən biri və birincisidir. İnsan həyatı boyu öyrənməli və biliklərini özü və ailəsi, yaxınları naminə istifadə edib, həm özünün, həm də onların güzəranlarını yaxşılaşdırmalıdır”.
Ali Ağanın sözlərinə görə, jurnalistlərə daim dəstək olan, onların inkişafı məqsədilə hər zaman müxtəlif layihələr hazırlayan Azercell Telekom MMC mətbuat nümayəndələri  üçün ingilis dili kurslarının başlanmasını elan edən kimi onlarla jurnalist şirkətə müraciətlərini göndərməyə başladı və bu kurslarda iştirak etmək arzularını bildirdilər:
”Hətta yadımdadır ki, həmkarlarım mənə seçim turları bitəndən sonra belə müraciət etmiş jurnalistlər haqqında da məlumat verirdilər və biz heç bir jurnalistin arzusunu ürəyində qoymadıq. İnanın ki, sizin bu inadkarlığınız və elmə, inkişafa marağınız böyük bir alqışa layiqdir. Afərin sizə!”.
Ali Ağan öz çıxışında bu ingilis dili kurslarının təşkil olunmasında əməyi keçən bütün insanlara, başda Kaspi Təhsil Mərkəzinin təsisçisi Sona Vəliyeva olmaqla, bütün kollektivə, müəllimlərə öz dərin təşəkkürünü bildirib.
”Siz həqiqətən də böyük bir işin öhdəsindən gəldiniz. Qaliblərimizi elan etməmişdən öncə bütün kurs iştirakçılarına xüsusi sertifikatlar təqdim etmək istəyirəm. Onu da qeyd edim ki, Kaspi Təhsil Mərkəzi və Azercell şirkətinin birgə layihəsi olan bu ingilis dili kursları burada bitmir. Qurban bayramından dərhal sonra bütün kurs iştirakçıları öz təhsillərini, bitməyən proqramları yekunlaşdırmaq və sona çatdırmaq imkanı qazanır. Unutmayın ki, Azercell heç bir işini yarımçıq qoymur”-deyən Ali Ağan hər kəsi qarşıdan gələn müqəddəs Qurban bayramı münasibəti ilə də təbrik edib.

Öz növbəsində Kaspi Təhsil Mərkəzinin təsisçisi Sona Vəliyeva da Azercellin bu təşəbbüsünü yüksək qiymətləndirdiyini bildirib və belə layihələrin uğurlu və davamlı olacağını ümid etdiyini söyləyib.
“6 ay davam edən kurs boyunca jurnalistlərimiz böyük inadkarlıq nümayiş etdirib, həqiqətən də əzmlə çalışdılar. Nəticədə hər biri öz ingilis dili səviyyələrini yüksəltdilər və bilik bazalarını artırdılar. Bizim müəllim heyəti isə öz növbəsində kurslarımızda iştirak edən jurnalistlər arasında 2 nəfəri Londona göndərmək üçün seçim etdilər. Biz də kollektivimiz adından bütün jurnalistləri və qalibləri təbrik edirik” – deyə Sona xanım tədbir iştirakçılari ilə bölüşüb.

Tədbirdə iştirak edən Azercell-in Korporativ Ünsiyyət şöbəsinin rəhbəri  Ülviyyə Həsənzadə də bütün jurnalistləri əldə etdikləri bilik və uğur münasibətilə təbrik etdi və hər kəsə gələcək işlərində uğurlar arzulayıb.

Qeyd edək ki, “Azercell” bundan əvvəl də jurnalistlər üçün bir neçə dəfə pulsuz ingilis dili kursları təşkil edib və bu kurslarda yüzlərlə jurnalist iştirak edib.




Modern.az

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal