“Gilan Holdinq”ə məxsus Qəbələ Konserv Zavodunda istehsal edilən “Jalə” içkilərinin keyfiyyəti, insan orqanizminə təsiri barədə Modern.az ötən günlərdə ekspertlərin rəyini təqdim etmişdi.
Ekspertlər Zöhrab İsmayıl, Eyyub Hüseynov “Jalə” markası altında satılan məhsulların Azərbaycan bazarını inhisara aln monopolist şirkətə məxsus olduğunu deməklə yanaşı, bu içkilərin heç də reklamda deyildiyi kimi meyvələrdən “damla-damla” yığılmadığını da söyləyirlər.
“Damla-damla yığılan ekzotik meyvələr, bananlar..? Onlar Azərbaycanda hardandır? Bu heç də təzə meyvələrdən damla-damla əmələ gələn şirələr deyil. Bu içkilər xarici ölkələrdən alınıb gətirilən meyvə pürelərindən hazırlanır”-deyə Eyyub Hüseynov bildirib.
Azərbaycanın meyvə şirəsi bazarındakı son müşahidələr isə göstərir ki, artıq ölkənin ticarət şəbəkəsinə “Jalə” sularını sıxışdıra bilən yeni məhsul daxil olub. Bu, Ağsuda yerləşən “Az-Qranata” MMC-nin buraxdığı “Vita1000” şirələridir.
Müşahidələrə görə, qiymətdə “Jalə” sularından daha ucuz satılan “Vita1000” şirələri qısa müddətdə böyük alıcı kütləsi toplaya bilib. Hələki onun keyfiyyəti barədə də yalnız müsbət fikirlər səsləndirilir.
Aldığımız məlumata görə, bəzi restoran və şadlıq evləri də yeni məhsuldan istifadə etməyə başlayıblar. Bu isə onu deməyə əsas verir ki, “Vita1000” şirələrini buraxan “Az-Qranata” MMC sıradan bir iş adamına məxsus şirkət deyil. Belə olmasaydı, “Jalə” ona rəqib çıxan içkini anındaca məhv edərdi...
Modern.az