Mərkəzi Bankda Daxili İşlər, Vergilər və İqtisadi İnkişaf nazirliklərinin nümayəndələrinin iştirakı ilə milli pul nişanlarının saxtalaşdırılmasına qarşı tədbirlərin gücləndirilməsi ilə bağlı görüş keçirilib. Mərkəzi Bankın mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib ki, görüşdə Mərkəzi Bankın baş direktoru Aqşin Vəliyev bildirib ki, ölkə iqtisadiyyatının, eləcə də ölkənin bank və ödəniş sistemlərinin dinamik inkişafı şəraitində Azərbaycan manatına olan inam və milli pul nişanlarının tədavül vasitəsi kimi cəlbediciliyi onun regional miqyasda güclü valyutaya çevrilməsinə zəmin yaradır.
Belə bir şəraitdə Azərbaycan manatının saxtalaşdırılması üzrə potensial risklər artır. Bu isə öz növbəsində pul nişanlarının saxtalaşdırılmasına qarşı müvafiq tədbirlərin gücləndirilməsini və bu sahədə müvafiq dövlət orqanları arasında koordinasiyanın genişləndirilməsini tələb edir.
Bu istiqamətdə, Mərkəzi Bank tərəfindən görülən tədbirlər çərçivəsində potensial risklərin daha effektiv idarə edilməsi üçün müvafiq struktur yaradılıb və onun fəaliyyəti təmin edilir.
Aqşin Vəliyev son zamanlar müəyyən məhsullar üzərində müxtəlif nominallı əskinasların imitasiyalarının geniş miqyasda yayılması faktlarının aşkar edilməsini və bununla əlaqədar əhali tərəfindən Mərkəzi Banka, o cümlədən digər dövlət qurumlarına çoxsaylı müraciətlərin daxil olmasını vurğulayıb.
Bununla əlaqədar olaraq Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi və İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri də çıxış edərək bu kimi halların əhalidə narazılıq yaratdığını və imitasiya olunan əskinaslar vasitəsilə müəyyən firıldaqçılıq hallarının qeydə alındığını bildiriblər.
Daxili İşlər Nazirliyinin əməkdaşının verdiyi məlumata əsasən, Mərkəzi Bankla aparılan son danışıqların nəticəsində hüquq-mühafizə orqanları tərəfindən üzərində pul nişanlarının imitasiya olunduğu müxtəlif növ məhsulların ölkəyə idxalı dayandırılıb və onların pərakəndə satış müəssisələrindən geri yığılması üzrə tədbirlərin həyata keçirilməsinə başlanılıb.
Müzakirənin sonunda aidiyyatı dövlət qurumları arasında pul nişanlarının saxtalaşdırılmasına qarşı koordinasiyanın gücləndirilməsi, eləcə də pul nişanlarının imitasiyasının məhdudlaşdırılması və onun reproduksiyası ilə bağlı müvafiq qanunvericilik bazasının yaradılması barədə qərar qəbul olunub.
Bununla yanaşı dövlət qurumları ilə Mərkəzi Bank arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Görüşün sonunda müvafiq protokol imzalanıb, əhalinin, eləcə də bir sıra dövlət və kommersiya təşkilatlarının əməkdaşlarının milli pul vahidinin mühafizə elementlərinə dair maarifləndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub.
Modern.az