Modern.az

İlk iş yeri və ilk iş günü necə yadda qalıb? (Sevda İlhamqızı, Qulu Məhərrəmli və Rəşad Süleymanov)

İlk iş yeri və ilk iş günü necə yadda qalıb? (Sevda İlhamqızı, Qulu Məhərrəmli və Rəşad Süleymanov)

3 Noyabr 2011, 11:27

Modern.az saytı jurnalistlərdən ilk iş yeri və ilk iş gününün təəssüratını soruşmaqda davam edir. Budəfəki müsahiblərimiz “Day.Az” Media Şirkətində baş direktorun müavini və şirkətin media layihələri üzrə şef-redaktoru  Sevda İlhamqızı, APA-nın əməkdaşı Rəşad Süleymanov və tanınmış telejurnalist Qulu Məhərrəmlidir.

“Day.Az” Media Şirkətində baş direktorun müavini və şirkətin media layihələri üzrə şef-redaktoru  Sevda İlhamqızı ilk fəaliyyətinə “Ədalət” qəzetində başlayıb. Redaksiyaya ilk dəfə valideynləri ilə getdiyini deyən S.İlhamqızından qəzetin məsul şəxsləri nədən yaza biləcəyini  xəbər alıblar. İndi S.İlhamqızı ilk gündə qəzet rəhbərliyi ilə arasında olan dialoqu belə xatırlayır:

- Nədən yaza bilərsən?

- Mənim üçün fərqi yoxdur, istədiyiniz sahədən yaza bilərəm.

- Onda mədəniyyətin bir sahəsini seç və yaz. 

Mövzunun əhəmiyyətini vurğulamaq üçün muğama müraciət etdiyini və yazının çox uğurlu alındığını deyən S.İlhamqızı indi həmin yazının başlığını xatırlamır:
“İndi başlığını dəqiq xatırlamıram. Deyəsən təxminən “Muğam milli dəyərimiz” idi . Çox sevinirəm ki, mənim karyeramın başlanğıcı əlamətdar hadisə ilə olub. İlk yazım redaktəsiz, necə yazmışdımsa, o şəkildə də dərc olunmuşdu. Bu da məni sevindirirdi, elə bu gün də sevindirir”. Xanım jurnalist həmin vaxt 4-cü kursda oxuyurmuş.

Yazmağa mədəniyyətdən başlayan S.İlhamqızı daha sonralar qələmini digər sahələrdə də sınayıb.

“Ədalət” qəzetinə yolunun necə düşməsinə gəlincə, S.İlhamqızı söylədi ki, bu qəzetə valideynlərinin məsləhəti ilə müraciət edib. Belə ki, valideynləri Sevdaya məsləhət görüb ki, nüfuzlu mətbu orqandan uğurlu başlanğıc əldə etmək olar. Qəzetin əməkdaşları ilə ilk tanışlıqdan sonra müsahibimiz əsas işcilərdən biri kimi, gündəlik olaraq işə gedib.
“Baş redaktorun müavini məni kollektivə təqdim etdi, dedi ki, özünə bir yer seç əyləş. Mən də əyləşdim, bundan sonra ora mənim daimi yerim oldu”. 

S.İlhamqızı ilk günlərdə yazılarını qəzetdən o qədər oxuyurmuş ki, hətta əzbərləyirmiş. Bunun isə bir səbəbi olub. Gənc jurnalist bilmək istəyib  ki, yazılarında edilən düzəlişləri dəqiq bilsin. “Yazılarımı qəzetdə oxuyurdum və orjinalı ilə tutuşdururdum. O qədər oxumuşdum ki, hətta əzbərləmişdim. Yazılarımı çox təcrübəli redaktorlar oxuyub qəzetə buraxırdılar, o səbəbdən yazılarıma heç bir müdaxilə və düzəlişlər edilmədiyini görəndə sevinirdim, məndə özünə güvən hissi artırdı”.

"Ədalət” qəzetində 1 il işlədikdən sonra S.İlhamqızı digət mətbu orqanlarda fəaliyyətini davam etdirib. 

Sevda İlhamqızı bu gün ilk işə başladığı günü böyük fəxrlə  xatırlayır. “İlk iş günüm mənim üçün çox uğurlu oldu, özümə inamımı artırdı. Bu gün çox sayda gənclərlə ünsiyyətdə oluram, onları istiqamətləndirirəm və bütün bu proseslər mənə ilk işə başladığım günləri xatırladır. Fəxr edirəm ki, mən jurnalistikaya başlayanda özümə qarşı iradlar eşitmədim. Bu da məni əmin edirdi ki, doğru iş seçmişəm, bu, indi mənim üçün baş ucalığıdır”. 

APA-nın əməkdaşı Rəşad Süleymanov Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunudur. O, 1999-cu ildən 2003-cü ilə qədər müxtəlif mətbuat orqanları ilə əməkdaşlıq edib, ilk dəfə isə işə “Həftə içi” qəzetində başlayıb.

Rəşad Süleymanov ilk iş gününü bu günə qədər yaxşı xatırlayır. “Fevral ayının 27-28-i idi. “Həftə içi”qəzetinin sosial-iqtisadiyyat şöbəsininin redaktoru Daşdəmir Əjdəroğlu mənə ilk tapşırığını verdi. Bu, "Gənclik"də yerləşən təlim maşınları ilə bağlı mövzu idi. Yazını yazmaq üçün iki-üç dəfə gedib-gəlməli oldum. Hərbi xidmətdən yeni qayıtmışdım və artıq bir qədər yazı vərdişini unutmuşdum. İlk yazını yazmaqda mənə Daşdəmir Əjdəroğlunun köməyi dəydi”.

Rəşad Süleymanovun Texniki Universitetin qarşısındakı binanın zirzəmisində yerləşən “Həftə içi” qəzetinin redaksiyasında ilk iş günü belə keçib: Rəşad Süleymanov ilk günlər qəzetin təcrübəli işçilərinə həsədlə baxıb. Və nə vaxtsa onlar kimi yazı yazacağının xəyalını qurub.
“Hamıya həsədlə baxırdım və düşünürdüm. Nə vaxtsa mən də belə yazılar yaza biləcəyəmmi? İndi həmin əməkdaşlardan bir neçəsi APA-da işləyir. Onlar da buna şahiddir”.

Orta məktəb illərindən hüqüqşunas olmaq arzusunda olan R.Süleymanov səhv kodlaşdırmanının nəticəsində jurnalistikaya daxil olub. Bu sahəyə marağı isə onda “Ədalət” qəzetində işləyən yaxın qohumu oyadıb. Bir müddət jurnalist kimi fəaliyyət göstərən R.Süleymanov 2004-cü ildə jurnalistikadan getməyi qərarlaşdırıb. Ancaq heç də xoş olmayan bir hadisənin baş verməsi Rəşad Süleymanovu jurnalistikada qalmağa vadar edir.
“Bir həmkarıma vurulmağım məni jurnalistikada qalmaq fikrində saxladı. Bunu ilk dəfədir ki, sizə deyirəm”.

Rəşad Süleymanovun mətbuatda ilk yazısı isə “525-ci qəzet”də kriminal hadisə ilə bağlı bir xəbər olub.

Tanınmış telejurnalist Qulu Məhərrəmli mətbuatla əməkdaşlığa orta məktəb dövrlərindən başlayıb. Bu əməkdaşlıq tələbəlik illərində də aktiv şəkildə davam edib. Təhsil aldığı illərdə müxtəlif mətbu orqanlarda yazıları dərc olunan Qulu Məhərrəmlli ilk fəaliyyətə isə Azərbaycan Televiziyasının "Xəbərlər" Redaksiyasında başlayıb. 

Q. Məhərrəmli söylədi ki, o bura təyinatla gəlib: “Universiteti bitirəndən sonra təyinatımız AzTV-yə verilidi. İki-üç ay işsiz qaldıq, 2-3 tələbə idik. "Xəbərlər"in redaktoru Ənvər Qafarlı gənclərə diqqətlə yanaşırdı. O, bizi burda işə qəbul etdi”. 

İlk iş gününü nostalji hisslərlə xatırlayan Q.Məhərrəmli deyir ki, o vaxt böyük işlər görmək, tanınmaq arzusunda olub. Nəhayət ki, arzuladığı peşənin yolunda ilk adımlarını atmağa başladığı üçün sevinci  də böyük olub.

Daha sonra Q.Məhərrəmli ilk işindən də danışdı. Məlum oldu ki, Q.Məhərrəmlinin televiziyada ilk reportajı Sumqayıtdakı Kimya zavodundan olub. 
“Ürəyimcə olmayan mövzu idi. Mənim üçün çətin gəlirdi, yol uzaq idi. Ancaq mənə çəkiliş qrupu ayırdılar, getdim reportajı hazırladım. Səhəri gün də gül sərgisi ilə bağlı reportaj hazırladım. Bu reportajı indiyə kimi xatırlayıram. Adı da maraqlı idi: “Gül güldanda gözəldir”. Həmkarlarım da bu reportajı bəyənmişdi. Elə o vaxt demişdilər ki, reportaj hazırlamaq qabiliyyətim var”. 

İki il "Xəbərlər"də çalışdıqdan sonra Q.Məhərrəmli fəaliyətini “Valideynlər sizin üçün” və “Azərbaycan dili” verilişlərinin redaktoru kimi davam etdirib.

Sədaqət SÜLEYMANOVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü