Modern.az

"Azərbaycan xalçalarının İrəvan qrupu": yeni kitab 6 dildə təqdim olundu

"Azərbaycan xalçalarının İrəvan qrupu": yeni kitab 6 dildə təqdim olundu

Təhsil

3 Noyabr 2011, 15:21

Bu gün Bakıdakı "Sehirli İlmələr" qalereyasında “Azərbaycan xalçaları İrəvan qrupu” kitabının təqdimat mərasimi keçirilib. Modern.az saytının məlumatına görə, Azərbaycan, rus, ingilis, alman, fransız, ərəb dillərində nəşr olunan kitabdada İrəvan bölgəsini əhatə edən 102 xalça nümunəsi toplanıb.  

Kitab AMEA-nın A.Bakıxanov adına Tarix institutunun qərarı ilə çap olunub. Kitabın müəllifi professor Vidadi Muradovdur. Tarix hissəsinin müəllifləri AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, tarix elmləri doktoru Yaqub Mahmudov və tarix elmləri doktoru Kərim Şükürovdur. Redaktorlar  AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, tarix elmləri doktoru Yaqub Mahmudov və L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktor müavini Asya Şirəliyevadır. Rəyçilər akademik Budaq Budaqov və sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylidir.

Qərbi Azərbaycanın Loru, Pəmbək, Şəmşəddin, Aparan, Talın, Əştərək, Ərzin, Axtı, Qırmızı kənd, Basarkeçər, Kəvər, Sərdarabad, Üçkilsə, Dərələyəz, Vedi, Qəmərli, Zəngibasar, Soylan kimi bölgələri olduqca müxtəlif və rəngarəng xalçaları ilə seçilirdi. Ümumilikdə, Qərbi Azərbaycanın ərazisində yaşayan azərbaycanlıların zəngin mədəniyyəti, ədəbiyyatı, folkloru qonşu xalqlara təsir göstərdiyi kimi, burada toxunan xalçalardan da yan keçməyib. İrəvan xanlığının həyatında mühüm rol oynayan sənətkarlıq müxtəlif sahələri özündə ehtiva edirdi. Azərbaycanlıların ənənəvi sənətkarlıq sahələri olan toxuculuq və dulusçuluq bütün Qərbi Azərbaycan boyunca geniş yayılmışdı. Toxuculuq, o cümlədən, xalça, palaz məmulatı istehsalı xüsusilə seçilirdi. O dövrün səyyahları yerli əhalinin qoyun saxladığını və qoyun yunundan gözəl xalçalar, kisə, palaz, çul, qışda geyinmək üçün isti paltarlar, əlcək, corab toxunduğunu qeyd ediblər. Bölgənin tarixi kökləri çox qədimə gedən xalçaları vaxtilə bütün dünyada məşhur olub.

Təqdim olunan kitabda toplanan xalçalar, əsasən XIX-XX əsrləri əhatə edir. 1948-53-cü il deportasiyası nəticəsində minlərlə insan öz torpağından çıxarılıb, başqa ərazilərə köçürülüb. Boşalan kəndlərdə, təbii olaraq, xalça ənənəsi də itib- batıb. Qərbi Azərbaycan ərazisində toxunan xalçaları sənətkarlıq imkanlarına, toxunma texnologiyasına, rəng-naxış kompozisiya həllinə görə, şərti olaraq mahallar üzrə aşağıdakı qruplara ayrılıb:

I qrup: Ağbaba, Şörəyel mahalları

II qrup:  Loru, Pəmbək mahalları

III qrup: Şəmşəddin mahalı

IV qrup: Göyçə mahalı

V qrup:  Gərnibasar, Vedibasar mahalları

VI qrup: Zəngibasar, Sərdarabad mahalları

VII qrup: Qırxbulaq, Əştərək mahalları

VIII qrup: Aparan, Dərəçiçək, Talın mahalları

IX qrup: Zəngəzur mahalı

X qrup:  Dərələyəz mahalı

XI qrup: İrəvan şəhəri

Azərbaycan xalçalarının İrəvan qrupu Azərbaycan mədəniyyətinin tərkib hissəsi olub, onun əsas sənətkarlıq xüsusiyyətlərini özündə əks etdirir. Tarixi Azərbaycan torpaqlarının bir hissəsi olan Qərbi Azərbaycanda yaradılmış xalçaçılıq nümunələri azərbaycanlıların Ermənistandan deportasiyasının başa çatdığı bir şəraitdə, onların məskunlaşdığı Azərbaycan Respublikası ərazisində davam etdirilir. Qərbi azərbaycanlıların tarixi ənənələri, o cümlədən xalçaçılıq sənətini layiqincə yaşatması onların dədə-baba torpaqlarına qayıtmaq arzusunun bir daha yenilməz təsdiqidir.

İrəvan şəhəri və onun ətrafında olan mahallar qədim türk-oğuz tayfalarının yaşadığı ərazilər olub. Bu ərazidə olan saysız-hesabsız yaşayış məskənləri-nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sərdabələr, eləcə də, qəribə formalı daşlar, at, qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqlar yerli əhalinin tarixindən, dünyagörüşündən, etnik, mənsubiyyətindən xəbər verir. İstər yer-yurd və coğrafi adlar, istərsə də müasir dövrümüzə qədər gəlib çatmış folklor nümunələri vaxtilə bu ərazidə yaşamış Azərbaycan türklərinin (azərbaycanlıların) keçmişini, zəngin mədəni irsini özündə təcəssüm etdirir. Buranın yerli əhalisi sənətkarlıq, əkinçilik və heyvandarlıqla məşğul olmuş, təbiətin bəxş etdiyi nemətlərdən səmərəli istifadə edib.

Yerli əhalinin zəngin təxəyyülünün məhsulu olan folklor, mif və əsatirlər, nağıllar, poetik nümunələr burada yurd salmış insanların həm də dünyagörüşünün göstəricisidir. Bu bölgədə ənənəvi türk dünyagörüşünü əks etdirən mif və rəvayətlərdən başqa, hər bir coğrafi adın, müqəddəs yerin tarixçəsini özündə yaşadan hekayətlər də yaranmışdır. Ağbabadan Vedibasara, Lorudan Zəngəzura, Göyçədən Zəngibasara qədər olan ərazidə sıx yaşamış əhali tarixi kökləri çox qədimlərə gedən memarlıq, sənətkarlıq nümunələri ərsəyə gətirib.

Bu ərazidə yaşayan azərbaycanlıların məişətində xalça və xalça məmulatları əsas yer tutur. Qərbi Azərbaycanda müxtəlif ölçülü xalçalarla, kilimlərlə bərabər namazlıqlar, çullar və digər toxunma məmulatları da var idi. Zəngin təbiəti bu bölgənin xalçalarına xüsusi çalarlar verib, onun rəng kompozisiyasının həllinə çoxçeşidli boyalar bəxş edib. Al-əlvan boyalar bu bölgənin xalçalarını digərlərindən fərqləndirən əsas xüsusiyyətdir. Xalçaların naxış-kompozisiya seçimində də yerli əhalinin təsəvvürü, mifik görüşləri, inancları mühüm yer tutub, onların ifadəsi xalçalarda öz əksini tapıb. Mifoloji quşlar, heyvanlar, həmçinin, dünyaya yanaşma tərzindən irəli gələn semantik elementlər bu bölgənin xalçaları üçün spesifik idi. Azərbaycanın müxtəlif xalçaçılıq məktəbləri ilə sıx əlaqəsi duyulan İrəvan xalçalarının bu ərazidə yaşayan insanların əsas düşüncə və hisslərinin müstəvisi kimi çıxış etdiyini söyləmək olar.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama