Bu gün Milli Məclisdə Azərbaycan Respublikasının 2012-ci ilin büdcə zərfinə daxil olan sənədlər müzakirəyə çıxarılacaq. Modern.az saytının məlumatına görə, büdcə zərfi parlamentin Sosial siyasət və İqtisadi siyasət komitələrində müzakirə olunacaq.
Qeyd edək ki, Milli Məclisin növbəti plenar iclası noyabrın 22-də olacaq. Həmin iclasda 2012-ci ilin büdcə zərfinə daxil olan sənədlər müzakirəyə çıxarılacaq.
Büdcə layihəsi ilə bağlı sənədlər artıq deputatlara paylanıb, millət vəkilləri hazırda həmin sənədlərlə tanış olurlar.
Maliyyə Nazirliyi 2012-ci ilin büdcə layihəsini mətbuat vasitəsilə ictimai müzakiyə də təqdim edib.
2012-ci il üçün dövlət büdcəsinin gəlirləri 15 554,2 mln. manat, xərcləri isə 15 941,2 mln. manat həcmində təsdiqlənib. Büdcədə neftin baza qiyməti 80 dollar/barel səviyyəsində götürülüb.
***
Milli Məclisin Sosial siyasət və İqtisadi siyasət komitələrinin birgə iclasında 2012-ci il Dövlət büdcəsi zərfinə daxil olan sənədlərin - “Dövlət Sosial Müdafiə Fondunun 2012-ci ili büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2012-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri müzakirə olunur.
Komitələrin birgə iclasını açan Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, bu gün parlament həyatında, qanun yaradıcılığı prosesində növbəti əhəmiyyətli bir dövr yaşanır.
“Yəni, 2012-ci ilin Dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsi başlanır”.
B.Muradovanın dediyinə görə, ötən il Azərbaycanın iqtisadi həyatında kifayət qədər uğurlar olub.
“Eyni zamanda dövlət büdcəsnin icrası şəffaf və məqsədyönümlü şəkildə həyata keçirilib. Bu isə növbəti 2012-ci ilin büdcəsində bütün sahələr, o cümlədən sosial sahə üzrə artımların əksini tapması ilə nəticələnib”.
Daha sonra çıxış edən İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə isə bildirib ki, vaxtilə Azərbaycanın büdcəsi 1 milyard manat təşkil etmədiyi halda, indi 22 milyarda çatıb.
“Bu da heç şübhəsiz ki, ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin bariz nəticəsidir”.
Müzakirələr davam edir.
Modern.az