Modern.az

Hidayət Orucov Türkiyənin dövlət adamlarına Azərbaycanın narazılığını çatdırıb

Hidayət Orucov Türkiyənin dövlət adamlarına Azərbaycanın narazılığını çatdırıb

Təhsil

4 Noyabr 2011, 12:12

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının beş dövlət orqanını təmsil edən rəhbər işçilərdən ibarət nümayəndə heyətini qəbul edib.

Modern.az saytı Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, H.Orucov görüşdə qardaş ölkələr arasında bütün sahələr üzrə əməkdaşlığın yüksək səviyyədə olmasından məmnunluğunu bildirib. Azərbaycanın da qardaş Türkiyə kimi dünyəvi dövlət olduğunu diqqətə çatdıran Hidayət Orucov qeyd edib ki, dünyanın inkişaf etmiş əksər ölkələrində dinin saflığının qorunması, siyasiləşməməsi üçün məhz bu ideal model seçilib. Azərbaycanın din siyasəti haqqında ətraflı məlumat verilib.

Hidayət Orucov Türkiyə mətbuatında bəzən ölkəmizin din sahəsi ilə bağlı heç bir fakta əsaslanmayan məlumatların yer almasından, müəyyən dairələrin sifarişlərini yerinə yetirən bir qrup şəxsin guya Azərbaycanda dini etiqad azadlığının pozulduğu iddiası ilə piketlər keçirməsindən narahatlığını dilə gətirib: “Müəyyən qruplar iddia edirlər ki, Azərbaycanda “Türk camesi” bağlanılıb. Əvvəla, məscid Allahın evidir və onu “Türk camesi”, “Azərbaycan camesi” və s. kimi təsnifləndirmək doğru deyil. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra qardaş Türkiyə Azərbaycanda 23 məscid tikib və onlardan 22-i bugünədək fəaliyyət göstərir. Yalnız bir məscid təmir üçün müvəqqəti olaraq qapalıdır. Yaxud bir qrup əsassız olaraq Azərbaycanda hicabın qadağan olunduğunu iddia edir. Birmənalı şəkildə bildirirəm ki, Azərbaycanda hicab qadağan olunmayıb. Bütün dünyəvi dövlətlərdə, o cümlədən Türkiyədə olduğu kimi, Azərbaycanın orta ümumtəhsil məktəblərində də qanunvericiliyə uyğun olaraq vahid məktəbli forması tətbiq edilir. Bunu isə etiqad azadlığının pozulması kimi qələmə vermək absurddur. Təbii ki, biz onların kim olduqlarını, hansı dairələr tərəfindən idarə edildiklərini yaxşı bilirik. Çox istərdim ki, həm səfər çərçivəsində, həm də Türkiyəyə qayıtdıqdan sonra Azərbaycan gerçəkliklərini dərindən öyrənərək yeri düşdükcə bu kimi əsassız fikirlərə münasibət bildirəsiniz”.

Nümayəndə heyətinin rəhbəri, Türkiyə Respublikası Dövlət Kadrlar İdarəsinin təhsil şöbəsinin başqanı Əkrəm Kuru ölkəmizin inkişafından, dünyanın siyasi arenasında qazandığı uğurlarından qürur duyduqlarını dilə gətirib. Azərbaycanın başda Dağlıq Qarabağ olmaqla, bütün problemlərini Türkiyənin problemi kimi qəbul etdiklərini deyən Əkrəm Kuru qeyd edib ki, Bakıda gördükləri quruculuq işləri, paytaxtımızın gözəlliyi onları heyran edib. Nümayəndə heyətinin rəhbəri xüsusilə vurğulayıb  ki, bəzi dairələrin Azərbaycan əleyhinə çıxışlar etməsi Türkiyəni də narahat edir. Ancaq həmin kiçik qrupların ifadə etdiyi fikirlər ümumilikdə türk xalqının fikirləri deyil. Belə kiçik dairələr Türkiyə ilə Azərbaycanın qardaşlığına qətiyyən xələl gətirə bilməzlər.

Görüşdə qarşılıqlı əməkdaşlıqla bağlı məsələlər barədə fikir mübadiləsi aparılıb və qonaqları maraqlandıran suallar cavablandırılıb.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama