Modern.az

Bakıda türk filmləri həftəsinin açılışı oldu

Bakıda türk filmləri həftəsinin açılışı oldu

Aktual

24 Noyabr 2018, 03:07

Noyabrın 23-də Nizami Kino Mərkəzində türk filmləri həftəsinin açılışı olub.

Modern.az xəbər verir ki, film həftəsi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı ilə reallaşıb.

Açılış mərasimində kinorejissor Ayaz Salayev ənənəvi olaraq keçirilən film həftəsinin əhəmiyyətindən söz açıb. O bildirib ki, həftə ərzində təqdim olunacaq ekran əsərləri ümumi dünyagörüşümüzün formalaşması ilə yanaşı, həm də türk dünyasının adət-ənənələrini, tarixi keçmişini, bugünkü inkişafını bir daha izləyicilərə çatdıracaq.

Film həftəsində azərbaycanlı kinosevərlərə, peşəkar rejissorların, dünya festivallarında mükafatlar almış, tamaşaçılar tərəfindən böyük rəğbət qazanmış və onlarda dərin izlər buraxmış, zaman keçsə belə köhnəlməyən filmlər təqdim ediləcək.

Türk filmləri həftəsinin baş əlaqələndiricisi, rejissor Öner Kılıç deyib ki, həftənin  beş günü ərzində 9 dəfə izləyicilərə pulsuz film təqdim olunacaq. Filmlərin nümayişindən sonra türkiyəli rejissorlarla, filmdə rol almış aktyorlarla izləyicilərin görüşü təşkil ediləcək. Layihə iki ölkə arasında mədəni əlaqələrin kino sahəsi vasitəsilə daha da möhkəmləndirilməsi məqsədi daşıyır.

Qonaqları Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın adından salamlayan Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu film həftəsinin önəmini qeyd edib. Bildirib ki, türk filmləri yalnız Azərbaycanda deyil, digər qardaş türkdilli ölkələrdə də nümayiş olunmalıdır.

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral iki qardaş xalq arasında əsrlər boyu davam edən sarsılmaz dostluq əlaqələrindən söz açıb.

Sonra türkiyəli rejissor Mehmet Günün “Güllər” filmi nümayiş olunub.

Noyabrın 27-dək davam edəcək türk filmləri həftəsi çərçivəsində “Güllər”, “Səni sevirəm, adamım”, “Can fəda”, “Hay” və “Anons” filmləri nümayiş ediləcək.

 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI