Modern.az

4-cü çağırış Milli Məclis: ötən bir il nə ilə yadda qaldı?

4-cü  çağırış Milli Məclis: ötən  bir il nə ilə yadda qaldı?

Parlament

7 Noyabr 2011, 17:34

Azərbaycanda  4-cü çağırış parlament sekilərindən düz bir il keçir. Seçkilərin necə keçirilməsi məsələsinə  geniş  zaman ayırmadan -  çünki o vaxt- seçkilərin səhərisi gün elə bu saytda ona öz münasibətimi  bildirmişdim və bu gün də fikirlərimdə dəyişən bir nüans yoxdur  -  bu seçkilər zamanı formalaşmış parlamentin və Milli Məclis üzvlərinin bir illik fəaliyyətinə toxunmağa, onlara qiymət verməyə çalışacağam. Düzünü desəm, o zaman  seçkilərə münasibətimi bildirərkən formalaşacaq yeni parlament , onu tərkibi ilə də bağlı fikirlərimi açıqlamışdım və əslinə qalsa, bəzi parlamentariləri çıxmaq çərti ilə bu tərkibdən ciddi gözləntilərimin da  olmadığını söyləmişdim.  Bununla yanaşı, həyatda və siyasi mühitdə bəzən elə anlar, məqamlar olur ki, bir faizlik  müsbət ehtimal belə  99 faizlik mənfi ehtimalı üstələyir. Amma çox təəssüflər olsun ki, parlament həyatındakı, qanunyaradıcılığı prosesindəki bəzi məqamları və yenə yuxarıda qeyd etdiyim kimi,  bəzi köhnə-təzə  parlamentariləti nəzərə almamaq şərti ilə , 4-cü çağırış parlament və onun tərkibi ilə bağlı bədbin fikirlərim özünü doğrultdu, gözlədiklərimim, proqnozlarımın yaxşı mənada əksi baş vermədi. Xüsusilə də, hər zaman türkçüliyi, millətçiliyi, intellektuallığı, müstəqil mövqe sahibi olmaları ilə seçilən ünlü tarixçi Cəmil Həsənlinin, hüquqşünas-filoloq Gültəkin Hacıbəylinin, o cümlədən, hakim partiyanın gənc və perspektivli nümayəndəsi Əkrəm Abdullayevin təmsil olunmadığı  (hələ cəmiyyətin iqtidarlı, müxalifətli, bitərəfli təbəqələrindən olan  digər əsl layiqli insanları demirəm) yeni tərkibli parlamentin fəaliyyətinin qaneedici olacağı elə o vaxdan  mənim üçün mübhəm görünürdü....

Deyə bilərlər ki, hələ qarşıda 4 il var, bunlar  nə yatıblar ki, hələ  nə də yuxu görsünlər - açığı qeyd edim ki, bir sıra  siyasilər, qarşılıqlı hörmətə malik olduğum millət vəkilləri, jurnalist həmkarlarım da bəzən bu məqamları qabardırlar, məni tələskənlikdə, tələsik nəticə çıxarmaqda qınayırlar - amma  mən bir vətəndaş, bir seçici və bir parlament müxbiri kimi uzun illərin təcrübəsindən çıxış edərək bu mövqeləri  qəbul etmirəm, bü mövqedə olanların fikirlərini bölüşmürəm. Ona görə ki, xüsusilə, siyasi həyatda, parlament həyatında peşəkar  siyasətçiyə  çevrilmək və ya millət vəkili kimi özünü təsdiqləmək üçün bəlli bir müdddət var. Əgər peşəkar siyasətçiyə çevrilmık  iddiasında olanlar və ya əsl millət vəkili kimi özünü təsdiq etmək istəyənlər, bu, bəlli müddət ərzində  özlərini  göstərə, təsdiqləyə bilmirlərsə, artıq hər şey sona çatmış, bitmiş olur. Hər halda bu, mənim şəxsi fikrim və qənaətimdir, kimlərsə də bununla razılaşmaya, ona öz etirazını bildirə bilər. Bunları da bəri-başdan təbii və normal qarşılayıram. Amma bütün  bunlara rəğmən yenə də öz fikirlərimdə  israr edirəm.

Məsələn, ötən seçkilərdə deputat  mandatı qazanan və heç bir siyasi qurumun üzvü olmayan keçmiş jurnalist həmkarımız  Qənirə Paşayeva qısa bir zaman  kəsiyində əsl siyasətçi , millət vəkili obrazında özünü göstərə və təsdiqləyə bildi. Yaxud,  ölkədə irimiqyaslı gənçlər birliyinə rəhbərlik edən və siyasi arenada bir o qədər geniş tanınmayan Fuad Muradov  tezliklə özünü həm gənc siyasətçi, həm də aktiv millət vəkili kimi nümayiş etdirə bildi. Həmcinin, 1993-95-ci illərdən sonra bir o qədər də geniş  siyasi fəaliyyətlə məşğul olmayan İstiqlalçı millət vəkilimiz, dəyərli insan, dövlət adamı Vahid Əhmədov çox qısa bir dövrdə  əsl fəaliyyət nümunəsi sərgiləmiş oldu . Bu sözləri bu və ya digər dərəcədə Əli Məsimli və Azay Quliyev haqda da qeyd etmək olar.

Və ya 2-ci çağırış zamanı deputat mandatı qazanmış ,amma siyasi həyatda - içlərində elm sahəsində tanınmış insanlar olsa da -  geniş auditoriyaya  yaxşı tanış olmayan millət vəkilləri- Aydın Mirzəzadə, Bahar Muradova ,Gültəkin Hacıbəyli, Rəbiyyət Aslanova, Zahid Oruc, Səməd Seyidov, Əli Hüseynli,Gövhər Baxşəliyeva,Fəzail İbrahimli, Rövşən Rzayev (Əli Əhmədov, Siyavuş Novruzov,Rafael Hüseynli, Yaqub Mahmudov, Nizami Cəfərov və sair tanınmışları da bura  əlavə etsək) və digərləri çox qısa zaman kəsiyi  ərzində öz potensiallarını ortaya qoya, siyasətçi və millət vəkili obrazında özlərini nümayiş etdirə, təsdiqləyə bildilər. Bu şəxslər həm parlamentdə, həm Azərbaycanı təmsil etdikləri beynəlxalq qurumlarda, həm də ictimai-siyasi həyatda fəallıqları, aktivlikləri , həmin dövrdə mediaya açıq və komplekssiz olmaları  -  əfsuslar olsun ki, sonradan həmin adlarını çəkldiyim bəzi şəxslər neçə deyərlər, “siyasi ulduz” qripinə yoluxdular və onların cəmiyyətə geniş təqdim olunmasında və tanıdılmasında yaxından iştirak edən media mənsublarına ədalı, yuxarıdan aşağı nəzərlərlə yanaşmağa başladılar, hətta, Konstitusiya ilə ilə təsbit olunmuş  ana dilimizdə belə danışmağı-daha çox da xaricilər qarşısında “unutdular”  -  ilə seçildilər , fərqləndilər . Ancaq bu sözləri  4-cü çağırış parlamentin yeni-ilk dəfə  seçilən üzlərinin böyük əksəriyyəti barədə demək olmaz. Onların bir çoxunun  adı çəkməkdə belə zorlanırıq. Başqalarını demirəm, yeni deputatların bir coxunun  adını  biz parlament jurnalistləri belə düz-əməlli bilmirik. Yenə də hansısa vacib məsələyə münasibət öyrənmək, müsahibə almaq üçün ağla ilk gələn deputatlar əsasən bunlar  - Zahid Oruc, Qənirə Paşayeva, Aydın Mirzəzadə, Fuad Muradov, Əli Əhmədov,Mübariz Qurbanlı, Bahar Muradova,Sabir Rüstəmxanlı, Fazil Mustafa,Qüdrət Həsənquliyev, İqbal Ağazadə,Əli Məsimli, Vahid Əhmədov,Asim Mollazadə, Hadi Rəcəbli, Eldar İbrahimov, Musa Quliyev, Rəbiyyət Aslanova, Azay Quliyev,Məlahət İbrahimqızı, Jalə Əliyeva, Arif Rəhimzadə və başqa 3-4 millət vəkili ,üst-üstə götürsək 20-25 nəfər parlamentari,yəni, 125 nəfərlik Milli Məclisin beşdə bir hissəsi olur.Hətta, bəzən elə olur ki, həmin şəxslərə həftə ərzinə hər gün müraciə etməli oluruq və açığını deyim ki, bu məqam bizi jurnalistləri, xüsusilə parlament jurnalistlərini də utandırır. Çünki bu insanlar istəmədiyi və bəzən də onlara aidiyyatı olmadığı hallarda belə, jurnalistlərin  hər cür sorularını cavablandırmaq məcburiyyətində qalırlar...

 Eyni zamanda ötən dövr ərzində  şahidi olmuşam ki, parlamentdə və siyasi həyatda bir o qədər fəallıqları olmayan bəzi millət vəkilləri daha çox seciciləri ilə  təmasa üstünlük verib (Novruz Aslan, Aqil Abbas,Ülvi Quliyev-bunlar da ikinci dəfə deputat mandatı əldə edənlərdir)  və ya veriblər,amma hər halda bunların da sırası, çevrəsi geniş deyil ,yaxud, olmayıb. İnsaf naminə 4-cü çağırış parlament üzlərindən həm plenar iclaslarda, həm komitə yığıncaqlarında, həm beynəlxalq  toplantılarda, həm də elə media  təmsilçiləri ilə münasibətdə fəal olanları və ya fəal olmağa çalışanlar da var - məsələn, BDU-nun professoru Kamilə xanım Əliyeva, Ceyhun Osmanlı və başqa bir-iki deputat. Ancaq yuxarıda qeyd etdiyim kimi, yerdə qalan yeni deputatlardan heç biri  ötən bir il ərzində nə plenar iclaslarda, nə komitə yığıncaqlarında , nə beynəlxalq qurumların toplantılarında, nə də mediada özlərini peşəkar  siyasətçi və əsl millət vəkili kimi təsdiqləyə biliblər. Xüsusilə də, yenilərdən-Aslan Cəfərovun, Azər Badamovun, Sevinc Hüseynovanın,Xanlar  Fətiyevin,Əsabil Qasımovun, Sədaqət Vəliyevanın,Nəriman Əliyevin,İqbal Məmmədovun , Arif Alışanovun,Mahir Aslanovun və digərlərinin nə üçün parlamentə gəldikləri adama bəzən “qəribə” görünür. Hələ bu şəxslərdən hansınınsa  mediada və parlamentdə səsini eşidən olmayıb. Yenə deyə bilərlər ki, millət vəkilinin işi təkcə parlamentdə və ya hansısa mötəbər  məclisdə çıxış etmək deyil, bu fikirlə qismən razıyam , xüsusən , parlament jurnalistliyi fəaliyyətim dövründə elə bəsit, primitiv çıxış edənlərini görmüşəm ki, sadəcə, belələrinin danışmağındansa, susması daha faydalı ola bilərdi - amma bununla belə ,siyasətçinin, ələlxüsus, deputat mandatı daşıyan hər bir kəsin vəzifəsi, borcu çıxış etmək, insanları, cəmiyyəti düşündürə biləcək, cəmiyyətə, dövlətə xeyirli ola biləcək təkliflər vermək , ideyalar səsləndirmək və onların qəbuluna nail olmaq və  sairdir . Bunu bacarmayanın(ların) ən azı bu mandatı şəstlə gəzdirməyə haqqı yoxdur.

Yeri gəlmişkən, deputat məhfumu, sözü mənə daha çox sovet dövrünün qalığı təsirini bağışlayır. Bu gün dünyada daha  çox bu sözün qarşılığı kimi parlamentari sözü işlədilir, bizdə isə bunun  daha məqbul qarşılığı olan millət vəkili sözü işlədilir. Onu da xatırladım ki,1991-ci ildə keçmiş Ali Sovetin növbəti tərkibinin ilk iclasında çıxış edən böyük və əzəmətli İstiqlal şairimiz mərhum Bəxtiyar Vahabzadə sovetlərdən qalma deputat  sözünün rəsmən millət vəkili sözü ilə əvəzlənməsini  təklif etmişdi-inanmayanlar,istəsələr həmin iclasın steneoqrammasına baxa bilərlər. Bununla dahi şəxsiyyətimiz həm də ona işarə vururdu ki, deputat olmaq başqa şeydir, millət vəkili olmaq tamam başqa şey. Odur ki, həmin məntiqdən çıxış edərək onu da  qeyd etmək istəyitəm ki, deputat olmaq, deputat mandatı daşımaq heç  də millətin parlamentdəki təmsilçisi olmaq anlamını vermir. Xalqın,seçicişinin əsl təmsilçisi olmaq üçün deputatlıqdan millətin vəkili, millət vəkili olmaq zirvəsinə ucalmaq lazımdır. Yalnız o zaman həm xalqımızın, həm dövlətimizin, həm də fərdlər olaraq hər birimizin işləri rast getmiş olar və ya gedər...

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı