Gürcüstanda prezident seçkilərinin ikinci turu ilə bağlı "exit-poll"un nəticələri açıqlanıb. Modern.az xəbər verir ki, “Rustavi 2” telekanalının sifarişi ilə “Edison Research” şirkətinin keçirdiyi “exit-poll”un nəticəsinə əsasən, Salome Zurabişvili 55 faiz səs toplayıb.
Seçkidə müstəqil namizəd kimi iştirak edən S.Zurabişvili hakim Gürcü Arzusu Partiyası tərəfindən dəstəklənir. Onun rəqibi, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 45 faiz səs toplayıb.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Ana Mikeladze bildirib ki, Gürcüstanda prezident seçkilərinin ikinci turunda seçici fəallığı saat 20:00 üçün 56,23 faiz təşkil edib.
Onun sözlərinə görə, ikinci tur üzrə keçirilən səsvermədə 1 975 845 seçici iştirak edib.
Qeyd edək ki, 28 oktyabrda keçirilən prezident seçkilərində 25 namizəddən heç biri 50 faizdən çox səs toplaya bilməmişdi.