Modern.az

Jurnalistlər əllə yazmağı unudurlar… (Qələm əhli nə düşünür?)

Jurnalistlər əllə yazmağı unudurlar… (Qələm əhli nə düşünür?)

Media

10 Noyabr 2011, 15:48


Təxminən on il öncə Azərbaycanda demək olar ki, bütün jurnalistlər yazılarını əllə yazırdılar. Jurnalistlərin əlyazmalarını redaksiyalarda az sayda olan kompüterlərin yaddaşına operator-yığıcılar köçürürdülər. Sonralar kompüterlər tədricən əlçatan oldu və redaksiyalar əməkdaşların sayına uyğun avadanlıqlarla təchiz olundu. Artıq jurnalistlər əllə yazmaq vərdişini unudublar. Əgər on il öncə kompüterdə yazmağı bacaran jurnalistləri barmaqla sayılacaq qədər idilərsə, indi bunu əllə yazanlara şamil etmək olar.  

Modern.az məsələyə münasibət bildirən jurnalistlərin fikirlərini təqdim edir.

“Olaylar” qəzetinin redaktoru Elman Cəfərli hesab edir ki, kompüterlə yazmaq əllə yazı vərdişini unutdurmur, ancaq yazı yazmağa həvəsi azaldır: “Mən artıq əllə yazmağa ərinirəm, kompüterdə daha sürətli yazıram”.

“Kaspi”qəzetinin baş redaktor müavini İlham Quliyev bildirir ki, o da uzun müddətdir yazıları kompüterdə yazır: “Bundan qaçmaq praktiki olaraq mümkün deyil. Diqqət etmişəm, indi cibində qələm gəzdirən həmkarlarimiz da azalib. Ancaq bunun qələmlə yazmağı yadırgamagımıza səbəb olmasi fikri ilə isə razi deyiləm”.
İ.Quliyev hesab edir ki, əsas yazı yazmaq üçün mövzunun olmasıdır. Onun hansı üsülla yazılması bir o qədər də önəmli deyil.

“Reytinq” qəzetinin redaktoru Seymur Verdizadə deyir ki, doğrudan da indi jurnalistlərin böyük əksəriyyəti öz yazılarını kompüterdə yazırlar, ancaq o, əllə yazan jurnalistlər də tanıyır: “Şəxsən mən köşə yazılarımı əllə yazıram. Sonra isə üzünü köçürürəm. Mənə elə gəlir ki, əllə yazanda fikirlərimi daha dolğun ifadə edə bilirəm”.
S.Verdizadə öz yazılarını qələmlə yazan jurnalistləri misal da çəkib: “Dəqiq bilirəm ki, Seymur Baycan da yazılarını əllə yazir, səhv etmirəmsə Zamin Hacı da bəzi yazılarını əllə yazır, o cümlədən Etibar Cəbrayıloğlu da”.

“Var.az” saytının redaktoru Aynur Elgünəş düşünür ki, kompüterdə yazmaq jurnalistlərə əllə yazmağı unutdurub: “Şəxsən mən artiq unutmuşam, bəzən səhv də edirəm”.
A.Elgünəşin sözlərinə görə, hansisa vərdişin unudulması bir o qədər də yaxşı hal olmasa da, nəzərə almaq lazımdır ki, texnika əsrində olduğumuzdan əllə yazmağa ehtiyac yoxdur.

“Şərq” qəzetinin məsul katibi Rəşad Baxşəliyev hesab edir ki, kompüterlə yazmaq əllə yazmağı unutdurmur. Onun sözlərinə görə, əvvəllər redaksiyalarda jurnalistlər məlumat almaq üçüm növbəyə dururdular: “Redaksiyada 1-2 telefon olurdu və jurnalistlər xəbəri alan kimi əllə yazıb operatora verirdilər ki, digər informasiyanı da telefon vasitəsi ilə ala bilsinlər. Siyasət xəbərləri yazan müxbirlər partiyalara yollanırdılar və günün ikinci yarısi gəlib əllə yazdıqları xəbərləri operatorlar vasitəsilə kompüterə köçürürdülər”.
R.Baxşəliyev indi vəziyyətin dəyişdiyini deyir. Onun sözlərinə görə, redaksiyalarda imkanların genişlənməsi və əsasən internetin inkişafı jurnalistləri əllə yazmaqdan qurtarıb: “Hər redaksiyada iki operatorun olması da jurnalistlərin işlərini gec qurtarmasına səbəb olurdu. Buna görə, jurnalistlər kompüterdə yazmağı daha üstün tutdular”.
Buna baxmayaraq bəzi jurnalistlərin indi də əllə yazıdığını deyən R.Baxşəliyev qeyd edib ki, qəzet jurnalistləri Milli Məclisdən xəbər və reportajları əllə yazırlar.
“Hesab edirəm ki, əllə yazmaq daha yaxşıdır. Çünki əllə yazılan yazi sonradan kompüterə köçürülərkən daha asan olur. Jurnalist qısa-qısa yazdığı mətndən istədiyi kimi istifadə edə bilir. Hətta diktofondan köçürülən yazıda belə səhvlər olur, amma jurnalistin hafizəsi əllə yazdığı yazının istənilən formada işlənməsinə imkan verir”.

“Milli.az” xəbər portalının redaktoru Əvəz Qurbanlı düşünür ki, texnologiyanın yenilikləri jurnalistlərə xeyli üstünlüklər gətirsə də, mənfi təsirləri də var. Bunlardan biri də, təkcə jurnalistikada deyil, ümumiyyətlə, istənilən sahədə əl yazılarının kompüter yazıları ilə əvəz olunmasıdır:
“İnsan tələb olunan istiqamətdə, düşdüyü şəraitə uyğun inkişaf edir. Əvvəllər deyirdilər ki, elektron hesablayıcılar çıxandan sonra insan beynini daha az əziyyətə salacaq, tədricən tənbəlləşəcək. Bu proqnoz özünü tam doğrultmadı. Belə demək mümkünsə, 50-50-yə oldu. Yaxud indi deyirlər ki, yeni media inkişaf etdikdən sonra qəzetlər tədricən sıradan çıxacaq. Amma bütün bu deyilənlər nə dərəcədə özünü doğruldacaq, bunu heç kəs qabaqcadan proqnozlaşdıra bilməz”.
Əllə yazmaq vərdişinin unudulmasını ciddi məsələ sayan Ə.Qurbanlı qeyd edib ki, bunu bütün jurnalistlərə şamil etmək doğru deyil.
“Ənənəyə sadiq insanlar əvvəlki qaydada əl yazılarını qoruyub saxlayacaqlar. Bundan başqa, elə anlar olur ki, texnologiya nə qədər inkişaf etsə belə, yenə də əl yazılarından istifadə mütləqdir”.

Sədaqət SÜLEYMANOVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi