AMİP lideri Etibar Məmmədov, AMİP sədri Yusif Bağırzadə və baş katib Arzuxan Əlizadə Beynəlxalq Demokrat İttifaqının (BDİ) 10-11 noyabrda Böyük Britaniyada keçiriləçək Liderlərin Zirvə Toplantısında iştirak etmək üçün Londona rəsmi səfər ediblər.
AMIP-dən verilən məlumata görə, toplantıda quruma üzv olan partiya liderləri “Qlobal Maliyyə Riskləri”, “Ərəb İnqilabları”, “Böhranlar dövründə ictimai islahatlar” və “XXI əsrdə azadlıq və demokratiyanın gücləndirilməsi” kimi vacib problemlərlə bağlı ciddi müzakirələr aparacaqlar.
Zirvə toplantısında AMİP liderinin təsəbbüsü ilə BDİ-nin Xarici Əlaqələr Daimi Komitəsində Dağlıq Qarabağ və Güney Azərbaycan məsələsinə də diqqət yetiriləcək. Eyni zamanda AMİP liderinın toplantıda geniş məruzə ilə çıxışı gözlənilir.
BDİ-nin Zirvə Toplantısı çərçivəsində AMİP lideri E.Məmmədov Böyük Britaniyanın baş naziri, cənab Devid Kameronla, hökümət və dövlət nümayəndələri, parlament üzvləri, həmcinin, quruma daxil olan partiya lideri ilə görüşləri olacaq.
Xatırladaq ki, AMİP 1997- ci ildən dünyanın 70-ə yaxın ölkəsinin 80-dən çox sağ-mərkəzçi partiyasını özündə birləşdirən nüfuzlu Beynəlxalq Demokrat İttifaqının üzvü, Etibar Məmmədov isə bu möhtəbər qurumun 2005-ci ildən sədr müavinidir.
Onu da qeyd edək ki, BDİ-yə daxil olan bir sıra partiyalar, o cümlədən, Böyük Britaniyanın Konservatorlar, Fransanın Xalq Hərəkatı Birliyi, Almaniyanın Xiristian Demokrat, Italyanın “İrəli İtaliya”, Macarıstanın Macar Vətəndaş Birliyi, Norveçin Mühafizəkar, Kanadanın Mühafizəkarlar, Avstraliyanın Liberal, İsveçin “Moderat”, Danimarkanın Mühafizəkar Xalq Partiyası hazırda öz ölkələrində hakimiyyətdədir.
Modern.az