Qiyabi də olsa, Rafiq müəllimi hələ ötən əsrin 80-ci illərinin sonlarından belə demək mümkünsə, tanıyırdım. Səhv etmirəmsə, o vaxtlar Rafiq müəllim keçmiş Mərkəzi Komitədə məsul vəzifədə işləyirdi və eyni zamanda bilirdim ki, hansısa institutda (o zamanlar institutlar hələ universitetlərə və akademiyalara çevrilməmişdi) işləyir, elm adamıdır. Sadəcə, sonralar-təxminən 90-ci illərin ortalarından bildim ki, Rafiq müəllim sən demə, sıradan bir elm adamı deyil, o sözün həqiqi mənasında Azərbaycanın qibtəediləcək elm adamlarından, elm xadimlərindən və elə o vaxtlarda da, elə indinin özündə də barmaqla sayıla biləcək Əsl Ziyalılardan, Bütöv, Əyilməz Şəxsiyyətlərdən biridir, birincilərdəndir. Sonra tale-elə talenin, həm də jurnalistliyin gözəlliyi bundadır - elə gətirdi ki, bu Elm Fədaisi ilə daha yaxından tanış olmaq imkanı qazandım. Bu da yenə səhv etmirəmsə , 2001-ci ilin ortalarına, Milli Elmlər Akademiyasına keçirilən növbəti seçkilərdən bir az sonraya təsadüf edirdi. Qeyd edim ki, həmin ərəfədə Milli Elmlər Akademiyasına keçirilən seçkilər nəticəsində Akademiyanın yeni prezidenti, həqiqi və müxbir üzvləri seçilmişdi. O zaman bir çoxları həm mənəvi, həm də belə desək, elmi haqqı olmaya-olmaya Akademiyanın həqiqi və müxbir üzvləri “seçildikləri” halda, Rafiq müəllimin akademiklik adı, haqqı əlindən alınmışdı. Yalandan da konkret adlar çəkib, günaha batmaq istəmirəm, amma onu bilirəm və qeyd etmək istəyirəm ki, kimlərinsə izzəti-nəfsi, qısqanclığı ucbatından Rafiq müəllimin haqqı o zaman tapdanmışdı...
Rafiq müəllimlə görüşümüzün məqsədi də həm onunla tanış olmaq, həmcinin, Akademiyaya keçirilən məlum seçkilərə və özünün üzləşdiyi haqsızlığa münasibətini öyrənmək idi. Vədələşdiyimiz gün Rafiq müəllimlə keçmiş iş otağında - bunu deməyə nə dilim gəlir, nə də yazmağa əlim – görüşdüm. Həddindən artıq sadə, səmimi, mehriban, təbii və təvazökar olan bu Böyük İnsan bu mövzuda danışmaq istəmədiyini bildirdi, amma mənim israrlarımdan, təkidlərimdən sonra necə deyərlər, xətrimə dəyməyib bu yöndə müsahibə verməyə razı oldu. Kiçik həcmli olsa da, müsahibə çox yaxış alındı və Rafiq müəllim özünün üzləşdiyi haqsızlığı isə çox sakit, təmkinli şəkildə, əsl ziyalı mövqeyi ilə - mərhum ünlü şairimiz Qabilin məhşur serilərindən birindən bir misra ilə cavablandırdı :
Müsibət oluruq biz , səhv düşəndə yerimiz!
Onu da deyim ki, bu müsahibədən ötən on il ərzində Rafiq müəllimlə tez-tez görüşməli oldum və görüşlərimiz də hər zaman ancaq onun geniş elmi fəaliyyəti ilə bağlı olub, yəni, bütün müsahibələri, yazıları məhz bu not üzərində köklənib. Eyni zamanda, bu on il ərzində, bir qədər yekə çıxmasın, Rafiq müəllimlə aramızda səmimi dostluq münasibətləri yaranıb və buna görə də özümü şəxsən xöşbəxt hesab edirəm...
Əvvəllər həyatda baş verən bu və ya digər hadisələr məni çox təəccübləndirir, hətta, bəzən günlərlə bunların təsiri altında olurdum, hər şeyi özümə dərd edirdim. Amma son illər özümə söz vermişdim ki, hər şeyə təəccüblənməyəcək, hər şeyi özümə dərd etməyəcəyəm. Amma Rafiq müəllimin işdən çıxarılması xəbəri məni çox təəccübləndirdi və məndə sanki şok effekti yaratdı. Axı, belə bir insanı məhz Ziyalılar Forumunda təmsilçilyinə görə necə vəzifəsindən çıxarmaq, özü də qurub-yaratdığı, doğma övladı kimi əzizləyib, böyüdüb-boya çatdırdığı bir kafedranın müdirliyindən hansı məntiqlə uzaqlaşdırmaq olar? Bunu edənə vallah, nəsə deməyə belə adam söz tapa bilmir... Rafiq müəllimə vurulan zərbə əslində onun simasında Azərbaycan elminə, Azərbaycan ziyalılığına vurulan və sağalması çox mübhəm görünən bir zərbədir. Bu, bir dövlət və millət olaraq bizə üzqaralığı, utanc gətirən və gətirəcək bir addımdır. Bu yerdə onu deyim ki, Rafiq müəllimi vəzifəsindən uzaqlaşdırmaq olar, amma onun elmini, savadını, intellektini, nüfuzunu, ziyalılığını, insanlığını əlindən almaq olmaz və bu, mümkün olan bir iş də deyil. Çünki onun ruhu, mayası məhz elmlə, biliklə, intellektuallılıqla, ziyalılıqla yoğrulub. Görəsən, həmin əmri, sərəncamı imzalayan şəxs bunu bilirmi və bunun fərqindədirmi?
Yeri gəlmişkən, bu gün bir cəmiyyət, bir toplum olaraq bizlərin borcu, vəzifəsi həm də sözün əsl və həqiqi mənasında Ziyalılarımızı – Şirməmməd Hüseynovu, Rafiq Əliyevi, Cəmil Həsənlini,Rüstəm İbrahimbəyovu, Ramiz Rövşəni, Anarı, Sabir Rüstəmxanlını , Flora Kərimovanı, Zeynəb Xanlarovanı , Arif Məlikovu, Əkrəm Əylislini, Cavanşir Quliyevi , Lalə Şövkəti, Fikrət Qocanı, Akif İslamzadəni və digər neçə-necə layiqli insanlarımızı qorumaqdır və ya qorumaq olmalıdır. Çünki Ziyalısını qorumayan və ona arxa durmayan, sahib çıxmayan cəmiyyətin sabahı, gələcəyi çox qaranlıq ola bilər...
Son olaraq sözlərimə, fikirlərimə onu da əlavə etmək istəyirəm ki, Rafiq müəllimə qarşı son addım yolverilməz, qəbuledilməz və bağışlanılmazdır. Böyük Yaradanımız özü bizim günahlarımızdan keçsin. Görən, keçəcəkmi?
Kamil Həmzəoğlu