Modern.az

Ziyafət Əsgərov: “Konstitusiyanın inkişaf dinamikası cəmiyyətdə mövcud olan ictimai-siyasi münasibətlərə adekvatdır”

Ziyafət Əsgərov: “Konstitusiyanın inkişaf dinamikası cəmiyyətdə mövcud olan ictimai-siyasi münasibətlərə adekvatdır”

Təhsil

11 Noyabr 2011, 12:57

Milli Məclis sədrinin birinci müavini, Yeni Azərbaycan Partiyası Siyasi Şurasını üzvü Ziyafət Əsgərov hakim partiyanın saytına müsahibə verib. Modern.az onun müsahibəsini təqdim edir.

-  Ziyafət müəllim, hər il 12 noyabr tarixi Azərbaycan Respublikasının Konstitusiya Günü kimi qeyd olunur. 1995-ci ildə qəbul olunmuş ilk milli Konstitusiyanın Azərbaycanın hüquqi, demokratik dövlət kimi formalaşmasında rolunu necə səciyyələndirərdiniz? 

- Ümumiyyətlə, Konstitusiya mövcud dövlətin bütov hüquq sisteminin özəyi kimi çıxış edən, ölkə vətəndaşlarının maraq dairəsində olan ictimai həyatı və əsas dövlət qurumlarının fəaliyyətini tənzimləyən normativ hüquqi aktdır. Konstitusiyaların formal təyinatından başqa, digər əlavə keyfiyyətləri onun yüksək hüquqi qüvvəyə malik olması və hüquq sisteminin fundamental mənbəyi kimi çıxış etməsidir. Əvvəla, konstitusiya normaları digər normalara münasibətdə prioritet mövqedən çıxış edir. İkincisi, qanunlar və digər qanun qüvvəli aktlar konstitusiyada müəyyən edilən qayda və proseduraya uyğun qəbul edilməlidir. 
Məlum olduğu kimi konstitusiya dövlətin əsas qanunu olması etibarilə mövcud dövlətin və dövlətçilik ənənələrinin formalaşmasında ən ümumi ictimai münasibətlər kompleksini, ictimai quruluşun əsaslarını, şəxsiyyətin hüquqi statusunu, dövlət hakimiyyət orqanlarının sistemini, yerli özünüidarəetmə strukturlarını və hüquqi mexanizmləri tənzimləyən normativ hüquqi akt və ya prinsiplərin modifıkasiyasıdır. Konstitusiyanın qəbulu dövlətçiliyimizin mohkəmləndirilməsi, Azərbaycanın dünya birliyində nüfuzunun daha da artması baxımından çox mühüm ictimai-siyasi hadisə kimi qiymətləndirilməlidir. Konstitusiyanın qəbulu yalnız yeni ictimai sistemin hüquqi tanınmasını təsdiq edən fakt deyil, ölkəmizin inkişafının prinsipcə yeni mərhələyə qədəm qoymasının göstəricisi idi. Bu mərhələ isə ilk növbədə siyasi sistemin mərkəzində insanın və vətəndaşın, onun hüquq və azadlıqlarının, demokratik və hüquqi dövlət ideallarının durması ilə səciyyələnir. 
Azərbaycan Respublikasının Konstitusiyasında müasir sivil cəmiyyətin inkişaf istiqamətlərini müəyyənləşdirən və konstitusiya quruluşunun əsaslarını təşkil edən ideya və dəyərlər geniş şəkildə öz əksini tapmışdır: dövlətin və cəmiyyətin hüquqla sıx bağlılığı; insan şəxsiyyətinə və ləyaqətinə hörmət; dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması vasitəsilə xalqın hakimiyyət funksiyalarının həyata keçirilməsində iştirakı; insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu; siyasi sistemdə plüralizmə təminat verilməsi; sosial ədalətə nail olmaq, ümumbəşəri dəyərlərə sadiqlik, milli qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılması və sair. Əsas Qanunda konseptual baxımdan yeni ideyalardan biri ictimai münasibətlər sistemində dövlətin rolu ilə bağlıdır. Belə ki, ölkəmizin uzun illər daxil olduğu sovet siyasi sistemində dövlətin cəmiyyət həyatındakı rolu fövqəladə xarakter daşıyır, dövlət maraqları ilə şəxsiyyətin maraqları arasında yaranan münasibətlərdə üstünlük birmənalı olaraq birinciyə verilirdi. Bu isə sözsüz ki, liberal demokratiya üçün öncül amillərdən olan şəxsi hüquq və azadlıqların müdafiəsinin arxa plana keçməsi ilə nəticələnirdi. Bu baxımdan, Konstitusiyamızda dövlətin ali məqsədinin məhz insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi kimi müəyyənləşdirilməsi müstəsna əhəmiyyət kəsb edir. Konstitusiyamız dövlətin məhz vətəndaşların mənafelərinə xidmət etdiyini ən yüksək səviyyədə bəyan edir. 
 

- Azərbaycanın 20 illik müstəqillik tarixinə nəzər yetirərkən, bütün sahələrin inkişafı və qazanılan nailiyyətlərin Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunun bir daha şahidi oluruq. Bu mənada ilk milli Konstitusiyamızın hazırlanıb qəbul olunmasında Ulu öndərimizin fəaliyyətini necə xarakterizə edərdiniz? 

- Heydər Əliyev fenomeni elə əbədi bir dühadır ki, bu düha sönməz bir işıq kimi daim xalqımızın tərəqqi, sabitlik, sülh və əmin-amanlıq yollarına nur saçacaqdır. Bu gün respublikamızın elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyev zəkasının, Heydər Əliyevin ölməz ideyalarının izi olmasın. Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev ölkəmizdə hüquq islahatlarının, demokratik dəyişikliklərin gerçəkləşdirilməsi sahəsində misilsiz işlər görmüşdür. Bu işlərin böyük bir qismi humanizm prinsipləri ilə, insan hüquq və azadlıqlarının qorunması ilə sıx bağlıdır. 1995-ci il noyabrın 12-də Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış, müstəqil Azərbaycanımızın ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş yeni Konstitusiyası və demokratik əsaslarla seçilmiş ilk parlamenti ölkəmizin siyasi tarixində yeni bir mərhələnin başlanğıcı oldu. 
Konstitusiyamızın ayrıca bir fəsli sivilizasiyalı dünya təcrübəsinə əsaslanan və müasir hüquqi dövlətdə insan hüquq və azadlıqlarının bütün sahələrini əhatə edən maddələrdən ibarətdir. Bu maddələrdə bərabərlik, azadlıq, şəxsi toxunulmazlıq, əmək, təhsil hüquqları, habelə vicdan azad-lığı, sərbəst toplaşmaq azadlığı, seçki hüququ və müstəqil hüquqi-demokratik dövlətdə yaşayan vətəndaşların azadlığını təmin edən digər hüquqların müdafiəsi aydın şəkildə əks etdirilmişdir. 
Bir sözlə, müstəqil Azərbaycanın ilk Konstitusiyasının banisi olan Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. Heydər Əliyevin fəal diplomatiyası nəticəsində dünyanın demokratik dövlətlərinin və aparıcı beynəlxalq təşkilatlarının ölkəmizə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibəti əsaslı surətdə dəyişmişdir. Heydər Əliyev siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil edir. Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının hərtərəfli inkişafı üçün hazırladığı strateji istiqamətlər hələ uzun illər müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi və gücləndirilməsi işinə xidmət edəcəkdir. 

- Şübhəsiz ki, bu prosesdə Ulu öndərimizin Azərbaycanda hüquqi islahatların əsasını qoyması da xüsusi əhəmiyyətə malikdir... 

- Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə islahatların hüquqi bazasının yaradılması, insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm sənədlər qəbul edilmiş, respublikamız müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşulmuş, qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədi ilə xeyli tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər sırasında Ulu öndər Heydər Əliyevin 21 fevral 1996-cı il tarixli sərəncamı ilə yaradılmış Hüquq İslahatları Komissiyasını xüsusi qeyd etmək lazımdır. Bu komissiya xalqımızın dövlətçilik tarixində yaratdığı ənənələri qorumaqla inkişaf etmiş dövlətlərin hüquq islahatları ilə bağlı təcrübəsindən də bəhrələnmişdir. Hüquqi islahatlar sahəsində çox əhəmiyyətli sənədlərdən biri də Heydər Əliyevin 1996-cı il iyunun 8-də imzaladığı "Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi haqqında" sərəncamdır. Bu sənədə əsasən beynəlxalq standartlara uyğun "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Prokurorluq haqqında" qanun və digər hüquqi sənədlərin layihələri hazırlanıb Milli Məclisdə müzakirə edilmiş və müvafıq qaydada qəbul olunmuşdur. Milli Məclisin bu günə qədər qəbul etdiyi hüquqi sənədlərin böyük bir hissəsi Ümummilli lider Heydər Əliyev tərəfindən parlamentin müzakirəsinə təqdim edilmiş qanun layihələri, konvensiyalar və sazişlərdir. 
Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisdə ölkəmizin Avropa ilə inteqrasiyasını gücləndirən sənədlər də qəbul olunmuşdur. Belə ki, parlament bu sahədə "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiyanı, "İşgəncələrin və qeyri-insani və ya insan ləyaqətini alçaldan rəftarın və ya cəzanın qarşısının alınması haqqında" Avropa Konvensiyasını, "Yerli özünüidarə haqqında" Avropa Xartiyasını təsdiq edən sənədləri, "Vətəndaşlıq haqqında", "Sərbəst toplaşmaq azadlığı haqqında", "Dini etiqad azadlığı haqqında" qanunları qəbul etmişdir. Hüquq islahatları sahəsində Milli Məclis Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bir neçə Konstitusiya qanunu da qəbul etmişdir. Bunlar "Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında", "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında", "Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Milli Məclisi tərəfındən etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Konstitusiya qanunlarından ibarətdir. Bütün bu sənədlər ölkəmizdə insan hüquq və azadlıqlarının qorunmasına necə böyük əhəmiyyət verildiyinin əyani təsdiqidir. 

- Cəmiyyət inkişaf etdikcə, Əsas Qanunun daha da təkmilləşdirilməsi də zərurətə çevrilir. Bu baxımdan, 2002-ci ildə ümumxalq səsverməsi nəticəsində Azərbaycan Konstitusiyasına edilmiş əlavə və dəyişikliklərin hüquqi-demokratik dövlət quruculuğu prosesindəki önəmini hansı amillərlə izah edərdiniz? 

- Hamımıza məlumdur ki, Ümummilli liderimiz qanunvericiliyimizin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunmasının daha etibarlı təmin edilməsi məqsədilə 22 iyun 2002-ci il tarixli fərmanla Konstitusiyada dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Referendum Aktı layihəsini ümumxalq səsverməsinə çıxardı. Fərmanda göstərilirdi ki, bu addım respublikamızın "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasına qoşulmasından, ölkəmizdə məhkəmə islahatlarının həyata keçirilməsindən, Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətinin və seçki sisteminin təkmilləşdirilməsi ilə əlaqədar yeni müddəaların Azərbaycan Respublikasının Konstitusiyasında əks etdirilməsi zərurətindən irəli gəlirdi. 
Referendumun keçirilməsi insan hüquq və azadlıqlarının qorunmasını daha da gücləndirdi, vətəndaşlara Ombudsmana, Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək hüququ verdi, ölkənin seçki sistemini daha da təkmilləşdirdi. Milli Məclisdə referendumun nəticələrindən irəli gələn müxtəlif qanun layihələri də hazırlandı.
Bu tədbirlər ilk növbədə Konstitusiyanın özündə müəyyən edilmiş konsepsiyanın reallaşdırılması, Azərbaycan hüquq sisteminin inkişaf etmiş dövlətlərin hüquq sisteminə və beynəlxalq hüquq normalarına uyğunlaşdırılması məqsədlərinə xidmət etmişdir. Bir amili etiraf etmək lazımdır ki, əgər Əsas Qanuna dəyişiklik tarixi zərurətdən, ictimai tələbatdan irəli gəlməklə proqressiv nəticələrə imkan yaradırsa, yalnız onun sabitliyini və dəyişilməzliyini əsas götirərək konstitusiya və qanunvericilik islahatlarından imtina etmək heç bir halda mütərəqqi addım kimi qiymətləndirilə bilməz. 
24 avqust 2002-ci il referendumunda Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələrində düzəlişlərin edilməsi həmin dövr üçün ictimai münasibətlərin daha effektiv tənzimlənməsi naminə aparılan ən uğurlu konstitusion islahatların tərkib hissəsi idi. Konstitusiyada həmin əlavə və dəyişikliklər bir sıra konstitusion mexanizmləri daha dəqiq əlaqələndirirdi. Bu dəyişiklıklər bir sıra məsələləri, o cümlədən Azərbaycan Respublikası Prokurorluğuna qanunvericilik təşəbbüsü hüququnun verilməsi, Azərbaycan Respublikasında apellyasiya instansiyası məhkəmələrinin yaradılmasını nəzərdə tuturdu. Konstitusiyaya edilən həmin dəyişikliklər nəticəsində Azərbaycan Respublikası vətəndaşlarına, Azərbaycan Respublikası Məhkəmələrinə, İnsan Hüquqları Üzrə Müvəkkilə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə pozulmuş hüquq və azadlıqlarla bağlı şikayət, müraciət və sorğu vermək hüquqları verilib. Eyni zamanda, Azərbaycan Respublikasında keçirilən parlament seçkilərinin majoritar seçki sisteminə keçirilməsi və ölkə prezidenti vaxtından əvvəl vəzifədən getdikdə onun səlahiyyətlərini yerinə yetirmək hüququnun Azərbaycan Respublikasının Baş nazirinə verilməsi təsbit olunmuşdu. 
Azərbaycan Respublikası Konstitusiyasının mətninə 24 avqııst 2002-ci il tarixli referendumla edilmiş dəyişikliklər, ilk növbədə, cəmiyyətimizin inkşafından doğan və Konstitusiyamızın, qanunlarımızın, bütövlükdə hüquq sistemimizin təkmillşdirilməsinə, demokratikləşdirilməsinə və insan hüquqlarının daha səmərəli müdafiə edilməsinə xidmət etmiş, Əsas Qanunun çox mühüm əhəmiyyətə malik yeni müddəalarla zənginləşməsi ilə nəticələnmişdir. 

- Siz konstitusiyamızın hüquqi dövlət quruculuğu prosesindəki rolunu ətraflı şəkildə izah etdiniz. Ümumiyyətlə, Azərbaycan Konstitusiyasının inkişaf etmiş dövlətlərin əsas qanunları ilə müqayisədə üstünlükləri nədən ibarətdir? 

- Azərbaycan Respublikası Konstitusiyasının inkişaf etmiş dövlətlərin konstitusiyaları ilə müqayisədə kifayət qədər mütərəqqi hesab edilə biləcək müddəaları mövcuddur. Bunlardan biri Konstitusiyada sadalanan insan və vətəndaş hüquqlarının və azadlıqlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilməsi ilə bağlıdır. Bu norma özündə insan hüquqlarının beynəlxalq standartlara uyğun tətbiqinə imkan verən mühüm prinsipi əks etdirir. Belə ki, qeyd olunan prinsip ölkəmizdə insan hüquq və azadlıqlarının hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında və insan hüquqlarına dair beynəlxalq müqavilələrdə nəzərdə tutulanlardan daha artıq məhdudlaşdırılmasına imkan vermir. 
Konstitusiya ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələri Azərbaycanın hüquq sisteminin ayrılmaz tərkib hissəsi elan edir və nəzərdə tutur ki, Əsas Qanun və referendumla qəbul edilən aktlar istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir. Konstitusiyamızın insan hüquqlarının səmərəli müdafiəsinə yönəlmiş ümumi müddəaları ilə yanaşı, onun ən böyük hissəsi olan "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" fəslində müasir demokratik cəmiyyətdə təmin edilməsi zəruri olan bütün insan hüquqları və əsas azadlıqlar, onların reallaşdırılmasının ümumi mexanizmləri, həmçinin ayrı-ayrı hüquqların beynəlxalq standartlara müvafiq olaraq qanuni məh-dudlaşdırılmasının yol verilən həddi təsbit edilmişdir. 

- Ziyafət müəllim, bəs müasir mərhələdə Azərbaycan Konstitusiyasının inkişaf dinamikasını necə xarakterizə edərdiniz? 

- Sevindirici haldır ki, bu gun ölkəmizdə Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev dövlətçilik kursunu uğurla davam etdirir. Ölkədə cəmiyyət və dövlət həyatının bütün sahələrini əhatə edən islahatlar aparılır və hakimiyyətin bütün qolları bu prosesdə fəal iştirak edir. Bütün bunlar, həmçinin milli səviyyədə formalaşmış əlverişli ictimai, siyasi, hüquqi və iqtisadi mühit gənc Azərbaycan dövlətinin parlaq gələcəyinə olan inamı daha da artırır. Bu gün doğrudan da, hər bir azərbaycanlının fəxrlə öyünə biləcəyi ali qanunu - Konstitusiyası var. Fikrimcə, Konstitusiyaya hörmət ilk növbədə onu öyrənməkdən, peşəsindən və fəaliyyət sahəsindən asılı olmayaraq hər kəs tərəfindən gündəlik həyatda tətbiq edilməsindən ibarətdir. Konstitusiya müasir dövlətçiliyimizdə öz funksiyasını yerinə yetirərək ictimai proseslərin siyasi-hüquqi kontekstdə tənzimlənməsini təmin edir. Azərbaycan Respublikasında məhz ictimai-siyasi münasibətlərin qaydaya salınması, sosial-hüquqi sferada müvafıq islahatlar proqramının həyata keçirilməsi, konstitusion münasibətlərin sabit inkişaf dinamikası ölkədə uğurla inkişaf etməkdədir. 
Xalqın dərin inamını qazanmış cənab İlham Əliyev 2003-cü ildə dövlət başçısı seçilərək ədalət mühakiməsini həyata keçirən məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsinə, bu müstəqil institutun nüfuzuna, insan hüquq və azadlıqlarının tənzimlənməsinə xüsusi diqqət yetirir. Prezidentin təşəbbüsü ilə "Məhkəmələr və hakimlər haqqında" qanunda mütərəqqi dəyişikliklər olunmuş, "Məhkəmə-Hüquq Şurası haqqında" Qanun qəbul edilmişdir. Dövrün tələbinə uyğun gələn bu dəyişikliklər məhkəmələrin işinin təkmilləşməsinə, onların fəaliyyətində geniş şəffaflığın təmin olunmasına, yüksək dəyərlərə uyğun hakimlərin seçilməsi qaydasına, qanunu düzgün tətbiq etməyən hakimlərə münasibətdə intizam məsuliyyətinin artırılmasına yönəlir. 
2008-ci il prezident seçkilərində yüksək fəallıq nümayiş etdirən Azərbaycan xalqı cənab İlham Əliyevi bir daha dəstəkləməklə Ulu öndər Heydər Əliyevin ideyalarının davamına səs verdi. Bu seçki bir daha göstərdi ki, cəmiyyətimizdə Heydər Əliyevin ideyalarının alternativi yoxdur. 
Eyni zamanda, demokratik hüquqi dövlət quruculuğu çərçivəsində ölkəmizdə səmərəli şəkildə və sürətlə həyata keçirilən siyasi, hüquqi, iqtisadi və digər islahatlar beynəlxalq hüquq normaları və prinsiplərinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Konstitusiyasına yenidən əlavə və dəyişikliklər edildi. 2009-cu il martın 18-də "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Referendum Aktı qəbul olundu. Bu, ilk növbədə, insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli qorunması, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi, demokratiyanın genişləndirilməsi və yerli özünüidarəetmənin inkişafı ilə bağlı idi. Bu əlavə və dəyişikliklər yeni nəsil sosial hüquqların müasir yönümdə bərqərar olunmasına da xidmət edir. 
Bu gün Azərbaycan Respublikasında həyata keçirilən hüquqi islahatlar ictimai proseslərin və münasibətlərin normal tənzimlənməsi faktı ilə uzlaşır və onu zəruri edir. Bu istiqamətdə yürüdülən siyasət Heydər Əliyev ənənələrinin layiqli davamçısı olan dövlət başçısı İlham Əliyev tərəfındən xalqın rifahına, insan hüquq və azadlıqlarının inkişafına, siyasi, iqtisadi və sosial sferaların dəqiq tənzimlənməsinə xidmət edir. 
Beləliklə, Konstitusiyanın inkişaf dinamikası cəmiyyətdə mövcud olan ictimai-siyasi münasibətlərə adekvat baş verir. Bu baxımdan, Konstitusiya cəmiyyətin və dövlətin inkişafına xidmət edən və cəmiyyətdə "hüquqi balansı" qoruyub saxlayan əsas normativ hüquqi sənəddir.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama