“Dini etiqad azadlığı haqqında” Qanuna edilən dəyişiklik cəmiyyətdə dindən gələn təhlükəni aradan qaldırmaq üçün atılan addım kimi dəyərləndirilir.
Modern.az məsələyə Muilli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanovanın fikirlərini öyrənib.
Dinin təhlükəyə çevrilməsinin mümkünsüzlüyünü deyən deputat deyib ki, burada söhbət doğurdan da yüksək mənəviyyatı özündə ehtiva edən ali prinsiplərdən gedir:
“Din mənəvi sərvətimizdir və hər bir kəsin iç dünyasının saflaşmasına, onun insan kimi yaşamasına, cəmiyyətdə özünü insan kimi anlamasına və ətrafdakı insanlara münasibətində bir normal yol göstərməsinə xidmət edən həm davranış, həm əqidə, həm də əxlaq prinsipləridir. Ona görə din təhlükə ola bilməz.
Söhbət həmin dindən öz maraqları üçün istifadə edib, o dinin prinsiplərini təhrif edərək tamamilə başçqa cür cəmiyyətə təqdim edən, sırf siyasiləşdirərək öz maraqlarına yönəldən qeyri-konstruktiv cərayanlardan gedir. Həmin cərayanlar bütün dinlərdə var. Biz yaşadığımız bu məkanın qorunması üçün cavabdehik. Əgər yaşadığımız məkana belə xoşagəlməyən ideyalar nüfuz edəcəksə, o zaman bizim rahat yaşamaq imkanımız olmayacaq. Həmin ideyalar gerçəkliklə heç bir əlaqəsi olmayan məqamlardır. Buna görə də Azərbaycanda din dövlətdən ayrıdır. Azərbaycanda “Dini etiqad azadlığı haqqında” Qanun fəaliyyət göstərir. Konstitusiyada insan azadlığı prinsipi öz əksini tapıb və bu gün ölkəmizdə heç bir dindar deyə bilməz ki, onun etiqad hüquqları pozulub və dini ibadət hüquqları məhdudlaşdırılıb. Bununla əlaqdar bizdə heç bir problem yoxdur. Məsələ ondadır ki, Azərbaycanın bu sağlam mənəvi mühitini və onu dağıtmaq istəyən, insanları gerçək din, dini etiqad yolundan azdırmaq istəyən ayrı-ayrı qüvvələr var. Bir ölkənin müstəqilliyinə müdaxilə etmək, təcavüz etmək istəkləri, ekspansiya formaları təkcə ərazinin ekspansiyası ilə məhdudlaşmır. İlk növbədə insan şüuruna ekspansiyası ilə gerçəkləşir. O baxımdan Azərbaycan reallığına müxtəlif dini təriqətlərin, hətta Avropada qadağan olunmuş dini təriqətlərin nüfuz etməsi təhlükəsi var. Bu təhlükə Azərbaycan müstəqillik əldə etdiyi gündən başlayıb, 1997-ci ilə qədər davam etmiş bir prosesin nəticəsidir. 1991-ci ildə müstəqillik əldə etdikdən sonra yeni yaranan düşüncə tərzi, yeni yaranan ideoloji sistem əvvəlki sistemi, kommunist ideologiyasını rəhbər tutan sistemi inkar etdi. Yenisi isə tam formalaşmadı, insanların düşüncə tərzinə çevrilmədi və bir boşluq yarandı. Bu boşluq yaranarkən Azərbaycanda çoxlu sayda təriqətlər doğmağa başladı. Bunun böyük əksrəyiyyəti də Qərbdən gələn ayrı-ayrı təriqətlər idi və çoxu məqsədli şəkildə Azərbaycana yönəldilən təriqətlər idi”.
Millət vəkili hesab edir ki, bu, təkcə xristian mənşəli təriqətlər deyil: “Eyni zamanda vəhabilik və başqa təriqətlər də Azərbaycan mühitinə soxulmağa başlamışdı. Xarici vətəndaşların Azərbaycanda dini qurumlar, təriqətlər, icmlar yaratmaq kimi hüquqları gerçəkləşirdi. 1995-ci ildə Konstitusiya qəbul edilərkən artıq din-dövlət münasibətlərinin tənzimlənməsinin birinci mərhələsi başladı və o zaman Azərbaycanın bu mühitinin, hadisələrinin analizi aparıldı və başa düşüldü ki, bizdə məscidlərin sayı süni şəkildə artır. Məscidlərin çoxu xarici ölkələr tərəfindən tikilirdi. Bütün bunların qarşısını almnaq üçün 1998-ci ildə “Dini etiqad azadlığı haqqında” Qanuna xüsusi müddəa əlavə olundu. Xarici vətəndaşların Azərbaycanda dini icma yaratmaq və onu təbliğ etmək hüquqi ləğv edildi. Ancaq prosesə başlanılmışdı. Bunu tamamilə birdən-birə aradan qaldırmaq mümkün deyildi. Bizim “Dini etiqad azadlığı haqqında” Qanuna etdiyimiz əlavə və dəyişiklik səbəbi ondan ibarət idi ki, 1992-ci ildə qəbul edilən qanun həmin mühitdə baş verən hadisələri, din-dövlət münasibətlərinin hansı prinsiplər əsasında qurulmasını özündə tam əks etdirmirdi. Bundan əlavə, həmin dövrdə yaranan dini qurumlar labüd qurumlar deyildi. Hesab edin sovet dövründə Azərbaycanda 18 məscid var idi. Bunun 11-i şiə məscidi, 5-i sünni məscidi, 2-i qarışıq məscid idi. Amma birdən-birə onların sayı 1700-ə yaxınlaşdı. Ayrı-ayrı qurumlar yarandı. Bütün bu münsaibətləri tənzimləmək üçün əlbəttə qanuna əlavə və dəyişiklər edildi. Yaxşı ki, qanuna zaman-zaman əlavə və dəyişiklər edilib. Bu o deməkdir ki, bu münsaibətə həddindən artıq həssas yanaşılır və bununla əlaqədar olaraq dindarın hüquqlarını qorumaq üçün heç bir məhdudlşadırıcı məqamların olmaması üçün biz bu qanunları qəbul edirik”.
Komitə sədri qanuna son əlavə və dəyişiklər barədə də danışıb: “Bu, ondan ibarətdir ki, biz 2009-cu ildə qanuna əlavə və dəyişiklər edərkən dini təyinatlı ədəbiyyatın Azərbaycana gəlməsi ilə əlaqdar olaraq müddəalar irəli sürmüşdük. Belə ki, dini təyinatlı ədəbiyyat Azərbaycana gələrkən onların məzmun və mahiyyətinin nədən ibarət olduğu bilinməlidir və sonra Azərbaycana gəlməlidir. Milli təhlükəsizlik adlı böyük məhfum var, milli təhlükəsizlik həm Azərbaycan vətəndaşının təhlükəziliyinin, həm də mənəviyyatının qorunması deməkdir. İnsan beynini zombiləşdirən, insan beynini aqressiv ideyalarla dolduran, dini nifaqa, qarşıdurmaya gətirib çıxaran bu məzmunlu dini təyinatlı ədəbiyyatların Azərbaycana gəlməsi nə dərəcədə düzgündür? Bunun qarşısını almaq üçün mütləq bu addımlar atılmalı idi və atıldı da. Amma görünür müəyyən strukturlar, hansısa icmalar bundan qanuni nəticə çıxarmırlar. Bu baxımdan o cərimələrin artırılması təklifi irəli sürüldü. Bəli, cərimələr artırılıb. Mən Milli Məclisdə çıxşım zamanı qanunun bütün müəddalarına riayət etməyən bir sıra mağazaların fəaliyyəti ilə əlaqədar hesabat verdim. Göstərdim ki, baxmayaraq qanunda belə bir müddəa var, ancaq o qanunun müddəasının üzərindən keçib qəzetlər çap edirlər. Azərbaycan qanuna riayət etməyən hansısa bir təşkilatın, mağazanın, icmanın fəaliyyətini biz özbaşına qoya bilmərik. Bu, Azərbaycan gəncinin sabahı üçün böyük təhlükədir”.
R.Aslanova Azərbaycan gəncinə ünvanlanan belə ədəbiyyatların açıq sartışa buraxılması və bununla beynlərin zəhərlənməsinə heç vaxt yol verməyəcəklərini deyib: “O gənci milli şüur, milli mənafe, milli maraq, milli özünüdərk, milli təfəkkür uğrunda tərbiyə etməliyik. Azərbaycan dövlətinin sabahı üçün gənclərimiz o məsuliyyət hissini yaşamalıdırlar. Gələn ədəbiyyatlar kosmopolit düşüncə formalaşdırır. Milli kimlik məsələsi ortada yoxdur. İslam dininin ali prinsiplərinin tam təhrif olunduğu fikrini irəli sürürlər. O ədəbiyyatlarda dövlətə, dövlətçiliyə marağın nə olduğu bilinmir, Vətənpərvərlik hissi yoxdur. Bu məkanın qorunması çox vacib məsələdir. Ona görə mən hesab edirəm ki, cərimələrin artırılması çox önəmlidir və Azərbaycan vətəndaşları bir daha qəti əmin olmalıdırlar ki, onların təkcə ərazi bütövlüyünün təminatı məsələsi deyil, həm də daxili, mənəvi məkanlarının tamlığının, saflığının toxunulmazlığının qoruması üçün belə bir əlavə və dəyişiklərin edilməsi vacibdir”.
Modern.az