Hazırda Lerik rayonun 50-yə yaxın kəndində elektirik enerjisi yoxdur. Bu barədə Modern.az saytının Lerik rayonunda olan əməkdaşı Mail Ağaxanov məlumat verib.
Onun sözlərinə görə, Qurban bayramından sonra Rəzəvul, Nürədi, Əliabad, Gürdəsər, Soru, Camaşar, Çingədülan və bu ətrafda olan kəndlərə yağan qar nəticəsində elektirik enerjisinin verilməsi dayandırılıb, eyni zamanda kəndlərin rayonla əlaqəsi də kəsilib.
Lerik rayonun kəndlərində güclü qarla yanaşı, küləyin də əsməsi elektirik dirəklərinin aşması ilə nəticələnib. Əməkdaşımızın sözlərinə görə, kəndlərdə olan elektrik dirəkləri əvvəlcədən nasaz vəziyyətdə olub.
Kəndlərdən rayona gedən nəqliyyat vasitələrinin hərəkətidə məhdudlaşıb, insanlar ən yaxşı halda piyada magistral yola çıxa bilirlər.
Mail Ağaxanov onu da qeyd edib ki, Vistən kəndinə təxminən 80 santimetr qar yağıb. Ancaq Lerikin yuxarı kəndlərində- Pirəsoraq, Mistanq, Kəlvəz kəndlərində, xüsusilədə dağlarda qarın qalınmlığı 1 metr 20 santimetrə çatıb.
Həmin kəndlərin rayonla rabitə əlaqəsi də kəsilib. M.Ağaxanov onu da qeyd edib ki, hazırda rayon mərkəzində problemin aradan qaldırılması üçün lazımı işlər aparılır.
Modern.az