Millət vəkili Qənirə Paşayevanın yenicə çapdan çıxmış “Onun sevgi məktubları...” adlı romanının 2011-ci il noyabrın 19-da təqdimatı və oxucular üçün imzalanma mərasimi keçiriləcək. Mərasim, saat 15.00-da “Əli və Nino” kitab dükanları şəbəkəsinin “Park Bulvar”dakı satış məntəqəsində baş tutacaq. Millət vəkili bildirib ki, “Onun sevgi məktubları”nın satışından əldə olunacaq gəlir bütünlüklə, həyat yoldaşını itirmiş üçuşaqlı kimsəsiz və evsiz bir qadının mənzil probleminin həllinə yönəldiləcək. Həmin qadının çox acınacaqlı şəraitdə yaşadığını bildirən Qənirə Paşayeva bu addımla bir qadının, bir ananın və onun üç körpəsinin həyat şəraitini qismən də olsa yaxşılaşdırarsa, bunun bir müəllif olaraq ona kitabın sevincindən daha böyük sevinc bəxş edəcəyini deyib.
Qeyd edək ki, “Onun sevgi məktubları” romanı xanım millət vəkilinin yazdığı ilk bədii əsər olub, çağdaş Azərbaycan ədəbiyyatında epistolyar janrda yazılmış azsaylı əsərlərdən biridir. Gerçək olaylar üzərində qurulmuş romanda yer alan məktubların mətni də kitabda nəql olunan sevgi hekayəti qədər gerçəkdir. Xanım Paşayevanın özünün də gerçək iştirakçılarından, qəhrəmanlarından biri olduğu hekayət, bədii təhkiyə və xırda müdaxilələrlə oxuculara çatdırılır.
Qənirə Paşayevanın indiyədək işıq üzü görmüş digər kitabları kimi, bu yeni əsərinin də geniş oxucu marağına səbəb olacağı şübhəsizdir. Bunu artıq kitab əldə etmək üçün edilən çoxsaylı müraciətlər də təsdiq edir.
Modern.az