“Azərbaycan mühacirətinin mədəniyyətşünaslıq aspektləri” elmi işini yazan fəlsəfə elmləri namizədinin siyasi həyat yolu
Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin ad günüdür. 13 noyabr 1956-ci ildə Bakı şəhərində anadan olmuş Əbülfəs Qarayev 1963-1973-cü illərdə 23 saylı orta məktəbdə oxuyub.
1973-1978-ci illərdə - Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu bitirib.
Ə.Qarayev əmək fəaliyyətinə Saatlı rayonunda başlayıb. Xarici dillər İnstitutunu bitirən bakılı gənc xarici dil müəllimini şəhərdə saxlamırlar və onu Saatlı rayonuna orta məktəbə göndərirlər. “Pambıq erası"nın ən gur vaxtında, 1978-ci ildə Saatlı rayonuna gələn gənc Əbülfəs M.Əzizbəyov adına orta məktəbdə ingilis dili müəllimi işləyib. Lakin burada çox qalmayan Ə.Qarayevin sorağı 2 il sonra "komsomol elitası"ndan gəlməyə başlayır.
1980-1985-ci illərdə Azərbaycan LKGİMK-nın təşkilat şöbəsində əvvəlcə təlimatçısı, sonra bölmə müdiri olan Ə.Qarayevin karyera sahəsində uğuru kommunist funksionerlərinin diqqətini cəlb edə bilir.
1980-ci ildə Kommunist Partiyasına daxil olan Ə.Qarayevə partiya strukturlarında işləmək imkanı yaradılır. Ə.Qarayev 1985-1989-cu illərdə Bakının böyük rayonlarından olan Nərimanov rayonunda Kommunist Partiyasının yerli komitəsində təşkilat şöbəsinin təlimatçısı, daha sonra təbliğat şöbəsinin müdiri olur. İctimai fəaliyyəti dövründə o, Nərimanov rayon Xalq Deputatları Sovetinin deputatı olub.
SSRİ-nin dağılması bütün partiya elitasına daxil olanlar kimi Ə.Qarayevin də karyerasını başqa istiqamətə yönəldir. SSRİ-nin süqutundan sonra postsovet cəmiyytətində biznes küləklərinin söyuq nəfəsini hiss edən Ə.Qarayev 1992-ci ildə Rusiya İdarəetmə Akademiyası nəzdində menecerlik və marketinq kurslarında oxuyur. Bu kurslar onun gələcək biznesmen kimi də kömək edir.
1992-ci illərdə artıq mövcud olmayan Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasının aspiranturasını başa vurub Bakıya qayıdan Ə.Qarayev bir müddət ali məktəbdə müəllim işləyib.
1992-1993-cü illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun mədəniyyatşunaslıq kafedrasında baş müəllim kimi çalışan Ə.Qarayev elmi dərəcə almaq üçün də səy göstərib. Onun elmi işi Azərbaycan mühacirəti ilə bağlı olub. Ə.Qarayev 1992-ci ildə "1918-1930-cu illərdə - Azərbaycan mühacirətinin mədəniyyətşünaslıq aspektləri" mövzusunda dissertasiya müdafiə edərək fəlsəfə elmləri namizədi elmi dərəcəsi alıb.
Bundan sonra müəllimlikdən uzaqlaşan Ə.Qarayev biznes sahəsinə üz tutur. 1993-1994-cü illərdə "İMPROTEKS Kommers" kiçik müəssisəsinin müdiri kimi böyük biznesə qədəm qoyan Ə.Qarayevin taleyi mərhum Heydər Əliyevin prezident olmasından sonra yenidən dəyişir. H.Əliyevin fərmanı ilə 1994-cü ildə Ə.Qarayev gənclər və idman naziri təyin edilir. 2001-ci ilə qədər bu postda qalan Ə.Qarayevə daha sonra turizm sahəsinə də rəhbərliyi tapşırırlar. 2001-ci ildə rəhbərlik etdiyi nazirliyin adı dəyişdirilərək Gənclər, İdman və Turizm Nazirliyi adlanır. Ə.Qarayev bu nazirliyə 2006-cı ilə qədər rəhbərlik edib.
2006-cı ildə mədəniyyət naziri Polad Bülbüloğlunun mədəniyyət sahəsinin tanınımış simaları ilə ciddi konflikti yaranır. SSRİ xalq artistləri Müslüm Maqomayev, Fidan və Xuraman Qasımova bacıları, Lütfiyar İmanov və digərləri prezidentə müraciət edərək Polad Bülbüloğlunun onlara olan münasibətindən şikayətlənirlər. Vəziyyət Müslüm Maqomayevin Azərbaycan vətəndaşlığından imtina etməsi barədə bəyanat verməsinə qədər böyüyür. Azərbaycanın yeni prezidenti İlham Əliyev məsələyə müdaxilə edir və nazir Polad Bülbüloğlunu işdən azad edərək Rusiyaya səfir göndərir. Bundan sonra nazirlik Mədəniyyət və Turizm Nazirliyinə çevrilir. Əbülfəs Qarayev nazir təyin edilir. Nazir təyin olunduqdan sonra bütün narazı sənət adamlarını bir yerə yığan Ə.Qarayev onların bütün problemlərinin həll olunacağını vəd edir və birgə işləməyə çağırır.
Ə.Qarayev məşhur Azərbaycan bəstəkərı Qara Qarayevin qardaşı Mürsəl Qarayevin oğludur. Mürsəl Qarayev vaxtilə məşhur həkim olub. Əbülfəs Qarayevin qardaşı tanınmış pianoçu Cahangir Qarayevdir.
Hazırda Ə.Qarayevin rəhbərlik etdiyi nazirlik mədəniyyət sahəsinin əsas prioritetlərini müəyyənləşdirməklə məşğuldur.
Modern.az