Suriyada gərginlik artıq o həddə çatıb ki, hakimiyyətə yaxın qüvvələr xarici ölkələrin səfirliklərinə də hücumlar təşkil edirlər. Belə hücumlardan biri də Türkiyənin Suriyadakı səfirliyinə edilib. Noyabrın 12-də Suriyanın Ərəb Dövlətləri Liqasındakı (ƏDL) üzvlüyünə son verilməsindən sonra bu ölkədə yerləşən Türkiyə, Səudiyyə Ərəbistanı, Fransa və Qətərin diplomatik nümayəndəliklərinə hücum olub.
Hadisədən sonra Türkiyə hökuməti öz səfirliyində çalışan diplomatların ailələrini Suriyadan çıxarıb.
Rəsmi Ankara baş verənlərlə bağlı Suriyaya nota verib. Suriyanın Ankaradakı diplomatik nümayəndəsi Xarici İşlər Nazirliyinə çağırılaraq nota ona təqdim edilib.
Notada Türkiyənin Suriyadakı səfirlik və konsulluqlarının təhlükəsizliyinin təmin olunması tələb edilib. Həmçinin Suriya hökumətindən tezliklə səfirliyə basqın edənlərin tapılıb cəzalandırılması istənilib. Bildirlib ki, əgər təhlükəsizlik zəmanəti verilməzsə, Türkiyə gərəyini edəcək.
Modern.az CNNTürk-ə istinadən bildirir ki, Türkiyə xarici işlər naziri Əhməd Davutoğlunun bu gün Suriya müxalifətinə mənsub qrupların yaratdığı Suriya Milli Şurasnın icra təşkilatı üzvləriylə bir araya gələcəyi gözlənilir.
Modern.az