Modern.az

Pakistan səfiri Ramil Usubovun qəbuluna gəlib

Pakistan səfiri Ramil Usubovun qəbuluna gəlib

Təhsil

16 Noyabr 2011, 17:45

Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov noyabrın 16-da Pakistan İslam Respublikasının ölkəmizdəki  fövqəladə və səlahiyyətli səfiri İnayat Ullah Kakarı qəbul edib.

DİN mətbuat xidmətindən Modern.az-a bildirilib ki, nazir qonağa rəhbərlik etdiyi qurumun funksiyası və fəaliyyət istiqamətləri barədə məlumat verib. Daha sonra müstəqilliyin ilk illərində Azərbaycanın keçdiyi mürəkkəb yol, Ermənistanın təcavüzü nəticəsində ərazi bütövlüyümüzün pozulması, ölkəmizin üzləşdiyi problemlər və islahatlardan danışıb. 

Qeyd olunub ki, iki dost ölkənin Daxili İşlər nazirlikləri arasında əlaqələr 2002-ci ildən etibarən qurulur. Bunun nəticəsi olaraq, cinayətkarlıqla mübarizəyə dair iki sənəd - «Azərbaycan Respublikası hökuməti və Pakistan Respublikası hökuməti arasında beynəlxalq terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında» və «Azərbaycan Respublikası hökuməti və Pakistan İslam Respublikası hökuməti arasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında» sazişlər işlənib hazırlanıb. Hər iki saziş 2004-cü ildə Pakistan İslam Respublikası prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanıb. Eyni zamanda, Azərbaycanla Pakistanın daxili işlər orqanları arasında əməkdaşlıq Beynəlxalq Kriminal Polis Təşkilatı (İnterpol) çərçivəsində də həyata keçirilir.

Ramil Usubov transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini də vurğulayıb.

Səfir iki dövlət arasında siyasi münasibətlərin çox yüksək səviyyədə olduğunu qeyd edib, diplomatik fəaliyyəti dövründə bütün sahələrdə, o cümlədən hüquq-mühafizə orqanları arasında əməkdaşlığın daha da inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini bildirib. 

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama