“Bəlkə də büdcəmiz tam sosialyönümlü, deyil amma ölkənin iqtisadi siyasəti tam sosialyönümlüdür”. Bu barədə noyabrın 16-da parlament komitələrinin birgə iclasında bitərəf millət vəkili Fuad Muradov bildirib. Onun sözlərinə görə, bu baxımdan, 2012-ci ilin dövlət büdcəsində sosialyönümlü xərclər daha çox nəzərdə tutulmalıdır:
“Bir neçə ildir ki, Dövlət Gənclər Proqramı üzərində işləyirik, burada da əsasə xətt kimi gənclər və gənc ailələrin sosial məişət-mənzil şəraitinin yaxşılaşdırılması məsələsi yer alır. Bununla bağlı bizim xüsusi təklifləırimiz də var. Çünki gənclər və gənc ailələr mənzil təminatı sarıdan xeyli çətinlik çəkirlər. Elə bir gün yoxdur ki, bizə ipoteka ilə bağlı müraciət olmasın. Gənclər və gənc ailələr öz mənzil şəraitlərini yaxşılaşdırmaq üçün ipoteka kreditlərindən istifadə edə bilmədiklərindən şikayətlənirlər. Əslində bankların özü də maraqlıdır ki, ipoteka kreditləri versinlər. Ona görə xahişim budur ki, bu məsələ ilə bağlı hansısa bir addım nəzərdə tutulsun. Yəni, ipoteka kreditlərinin şərti yumşaldılsın, ilkin ödəniş məısələsinə baxılsın”.
Deputat gənc alimlərin də problemlərinə toxunub: “Onlar cəmiyyətin çox kövrək və həssas təbəqəni təşkil edir. Diqqətsizlik görəndə hətta, elmdən də uzaqlaşıb gedirlər. Ona görə növbəti ilin büdcəsində gənc alimlərin də problemlərinin həllinə diqqət yetirilməsini xahiş edirəm”.
Millət vəkilinin fikirləri birinci vitse-spiker Ziyafət Əsgərov tərəfindən də dəstəklənib. O da gənc alimlərin, doktorantların vəziyyətinin yaxşılaşdırılmasına yönəlik növbəti addımların atılmasının vacibliyini bildirib. Buna cavabında isə maliyyə Samir Şərifov bu yöndə təkliflərin gələcəkdə nəzərə alınmasının mümkünlüyünü istisna etməyib.
Modern.az