Modern.az

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid: "...bizə sağ ol düşür”

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid: "...bizə sağ ol düşür”

17 Noyabr 2011, 15:29

““525-ci qəzet”in ilk sayı 1992-ci ilin 17 noyabrında nəşr olunub. Həmin gün Milli Dirçəliş Günü ilə bağlı Azadlıq meydanında mitinq idi. Biz orda qəzetin təbliği üçün 1000 nüsxəni  pulsuz yaydıq”. Bu sözləri bu gün 19 yaşını qeyd edən “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Modern.az saytına bildirib.

R.Məcid deyir ki, ötən 19 il müddətində müxtəlif çətinliklər yaşayan qəzet senzura dövründə ağ səhifələrlə də çıxmalı olub.

“1998-ci ildən sonra artıq “525-ci qəzet” stabil nəşr olunmağa başladı. 1999-cu ildən isə gündəliyə keçdik. Müəyyən dövr oldu ki, qəzeti saxlamaq, onu yaşatmaq çətin idi. Biz düşünüb müəyyən mövcud şəraitlərə uyğun addım ata bildik və qəzeti qoruyub saxlaya bildik”.

Baş redaktorun sözlərinə görə, 19 il müddətində “525-ci qəzet”də ilk dəfə fəaliyyətə başlayan yüzlərlə gənc olub. İndi onların əksəriyyəti Azərbaycanın dövlət qurumlarında, televiziyalarda, xarici ölkələrdə çalışırlar. Bununla Rəşad Məcid “525-ci qəzet”in bir məktəb olması ilə qürur duyduqlarını vurğulayıb.

“Bu qəzeti 19 il yaşatdığımız üçün hesab edirəm ki, bizə sağ ol düşür. “525-ci qəzet” lap ilk sayından Azərbaycan gənclərinə yönəlik bir qəzet olduğunu səhifələrində əks etdirmişdi və gəncləri əməkdaşlığa çağıran mətbu orqan idi. Sonralar, 1996-ci ildən qəzetdə Azərbaycan ziyalılarına, ədəbiyyat, mədəniyyət adamlarına yer verilməyə başlandı”.

Baş redaktor hesab edir ki, “525-ci qəzet” Azərbayan ziyalı elitasının qəzetinə çevrilə bilib.

“Bu gün “525-ci qəzet”də Azərbaycanın ən sanballı ziyalıları çıxış edirlər. “525-ci qəzet”  Azərbaycanın tanınmış yazarları Anar, Elçin, eyni zamanda bizim səfirlərimiz Vilayət Quliyev, İsfəndiyar Vahabzadədən tutmuş ən gənc nəslin nümayəndələri İsmət, Zərdüşt, Pərvinə kimi böyük bir nəslin düşüncəsini özündə yaşadan və daşıyan bir nəşrdir. Hesab edirəm ki, “525-ci qəzet”in şənbə nömrələrini hər bir Azərbaycan ziyalısı, vətəndaşı oxumalıdır. Bu saylarımızda  Azərbayan mədəniyyəti, tarixi, ədəbiyyatı ilə bağlı qiymətli materiallar dərc olunur. Mən özüm də “525-ci qəzet”in şənbə nömrəsinin sadiq oxucusu kimi hesab edirəm ki, biz çox lazımlı bir iş görürük və bu xalqımıza, ölkəmizə lazımdır. İndi əlbəttə pessimizm məqamları da olub. Olub ki, lazımı qədər ürəyimiz istədiyimizi edə bilməmişik, qəzetimizlə bağlı planlarımızın hamısını həyata keçirə bilməmişik. Amma hər halda, mövcud şəraitlərdə gördüyümz iş də düşünürəm ki, hörmətə, təşəkkürə layiqdir”.

Rəşad Məcidin fikrincə, Azərbaycan mətbuatının vəziyyəti “525-ci qəzet”in tarixində öz əksini tapır. O, qəzetin tarixi ilə bağlı kitab yazmaq istədiyini qeyd edib.

““Böyük Azərbaycan müstəqil mətbuatının tarixi “525-ci qəzet”in timsalında” adlı kitab yazmaq istəyirəm. Burada hansı çətinliklərdən keçdiyimizi, hansı illərdə, hansı məqamlarda hansı addımlar atdığımızı qeyd etmək istəyirəm”.

Müsahibimiz qəzetlə bağlı perspektivdə nələr etmək istədiklərini də söyləyib.

“İndi yeni media - internet saytları yaranır. Biz də fikirləşirik ki, qəzetin kağız variantının  inkişafındansa, gələcəkdə internet versiyasını gücləndirək, daha dinamik dövrə uyğun formalar tapaq. Hesab edirəm ki, bunu da edəndə yenə “525-ci qəzet” öz sanballılığını və səviyyəsini qoruyub saxlayacaq”.

Dünəndən 19 yaşları ilə əlaqədar müxtəlif yerlərdən təbriklər aldığını deyən baş redaktor ad gününün redaksiyada qeyd etdiklərini bildirib.

“Bu ilki yaşımızı sakit şəkildə keçirdik. Təbrik edənlər gəldi, onlarla bir yerdə oturduq. Amma gələn il inşallah, 20 yaşımızla əlaqədar böyük tədbir keçirəcəyik. Həmin tədbirə Azərbaycan ictimaiyyətinin müxtəlif nümayəndələrini dəvət edəcəyik”.

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi