Modern.az

Nəfis tərtibatlı “Azərbaycan xalçaları” jurnalı işıq üzü gördü

Nəfis tərtibatlı “Azərbaycan xalçaları” jurnalı işıq üzü gördü

18 Noyabr 2011, 12:41


Modern.az
saytının məlumatına görə, Azərbaycan xalçaçılığı tarixində ilk dəfə olaraq, mədəni sərvətimizdən - xalçalardan bəhs edən “Azərbaycan xalçaları” adlı elmi-bədii dərginin birinci sayı işıq üzü görüb.
Dərginin nəşrində əsas məqsəd Azərbaycan xalçalarını təbliğ etmək, onların tarixini yenidən araşdırmaq, dünya mədəniyyətindəki mövqeyini möhkəmlətməyə yardımçı olmaqdır.
Əsrarəngiz, bənzərsiz naxışlarla bəzədilən, zərif toxunuşu ilə qəlbləri fəth edən xalçalarımızın hər biri sirli, müəmmalı bir aləmdir. Məhz buna görə də özündə insan əlinin hərarətini, yüzilliklərin hikmətini saxlayan xalçalarımızın hər zaman tədqiqata, elmi yanaşmaya ehtiyacı var. “Azər-İlmə” xalça müəssisəsinin təsis etdiyi  “Azərbaycan xalçaları” dərgisi də bu missiyanı öz üzərinə götürmək niyyətindədir. Dərgidə bəşəriyyətin mədəni irsinə çevrilən, milli sərvətimiz olan xalça nümunələri, xalçaçılıq məktəbləri, özünü bu sənətə həsr edən xalçaçı qadınlar, xalçaçı rəssamlar haqqında elmi, bədii məqalələr yer alıb. Eyni zamanda burada incəsənətin xalçaçılıqla bağlılığı olan digər sahələri - təsviri sənət, memarlıq, zərgərlik də diqqətdən kənarda qalmayıb.

Dərginin birinci sayında oxucular türk mədəniyyətinin “milli simvolu” sayılan qədim Pazırık xalçası, xalçalarımızda geniş istifadə edilən “Həyat ağacı” naxışının sirri, miniatürçü rəssam Sultan Məhəmmədin yaradıcılığından bəhs edən məqalələrlə tanış ola biləcəklər. Dərgidə yer alan “Qazax xalçası üzərində qətl”, “Antoni Cenkinsonun Şirvan səfəri” məqalələri də oxucularda maraq doğuracaq. Fransa kinosunun canlı əfsanəsi, dünya şöhrətli aktrisa Katrin Denövün dərgiyə eksklüziv müsahibəsi isə oxucularımıza əsl hədiyyədir.

Azərbaycan, rus və ingilis dillərində çıxan dərginin rübdə bir dəfə nəşri nəzərdə tutulub. Dərginin baş redaktoru professor Vidadi Muradovdur. 

Modern.az       

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal