Modern.az

Gənclərin internetdə virtual tanışlığı nədən irəli gəlir?

Gənclərin internetdə virtual tanışlığı nədən irəli gəlir?

11 Dekabr 2009, 15:38

Əvvəlki dövrlərdən fərqli olaraq indi tanışlıq üçün məkan çoxdur. Artıq təkcə real həyatda deyil, telefonda, virtual aləmdə-internetdə özünə dost-tanış tapmaq mümkündür. Son vaxtlar azərbaycanlı gənclər arasında söhbətləşmək imkanı yaradan bəzi internet saytlarına meyl güclənib. Bir qədər kobud desək, internet istifadəçisi olan gənclərimiz virtual məkanda müxtəlif niklə  (“nick” ingiliscə ləqəb, təxəllüs, ayama) çatlaşırlar (“chat” ingiliscə boşboğazlıq etmək deməkdir).

Axır vaxtlar çoxlu sayda tanışlıq imkanı verən saytların yarandığını və gənclərimizdə onlara olan marağı nəzərə alıb bu mövzuya müraciət etməli olduq. İndi gənclər internet saytların müxtəlif ünsiyyət vasitələri ilə-çat, forum, MSN, İCQ, Agent, Facebook və s. əlaqə qururlar.

Söhbət məkanı-çat bir çoxları üçün əyləncə, bir çoxları üçün vaxt öldürmək, bəziləri üçün isə tanışlıq ünvanıdır.

Bakıdakı əyləncə saytlarından birinin administratoru İlyas Rüstəmov deyir ki, axşam saatlarında çatda ünsiyyət quranların sayı daha çox olur: “Səhər saatlarında 50 adam olursa, axşam bu göstərici 400-500-ə çatır. Bəzən olur ki, açıq şəkildə saytın qaydalarına riayət etməyib, əxlaqsız fikirlər yazanlar da olur. Həmin şəxslər “admin” tərəfindən saytdan kənarlaşdırılır”.

Digər tanışlıq saytının “admin”i Ceyhun Bağırov da eyni fikirdədir: “Bizim üçün çata nə qədər çox adam girsə, o qədər yaxşıdır. Çünki saytımızın reytinqi artır. Mən şahidi olmuşam ki, çatda tanış olub ailə həyatı quran, özünə səmimi dost tapanlar olub”.

Virtual aləmlə bağlı gənclərin fikirlərini də öyrəndik.

23 yaşlı Gülmira Rzayeva deyir ki, virtual və ya real tanışlığın onun üçün heç bir fərqi yoxdur: “Virtual tanışlığın həyatdan fərqi nədir ki... Məncə fərqi yoxdur. Ya həyatda tanıdın, ya da çatda”.

III kurs tələbəsi Aslan Həsənli də buna  normal yanaşır: “Çata daxil olmamışam. Facebook-da çox oluram. Ancaq çata girənlərə pis baxmıram. İnsanların yeni dost-tanışlar tapması cox yaxşıdır”.

22 yaşlı Günay Kərimova fikiri belədir: “Virtual tanışlığa normal baxıram. Çünki əhatəni genişləndirirsən. Amma bir şərtlə ki, səviyyəsiz söhbətlər olmasın. Virtualda tanıdığım dəyərli insanlar və dostlar çoxdur”.

20 yaşlı tələbə Cavidan Bayramov çatdan hər zaman istifadə etdiyini deyir: “Əhatə dairəmi genişləndirmək üçün çata həmişə girirəm. Ancaq gərək orda dost, tanış seçəndə yanılmayasan”.

Digər gənc Cavid Zeynallı çatın faydasız bir iş olduğunu deyir: “Təxminən 3-4 il əvvəl çatdan istifadə edirdim. Amma bu işin aludəçisi olmamışam. Sonradan bu ünsiyyət növünün səmərəsizliyini anlayıb geri çəkildim. Əlbəttə burda vacib məqamlar var. Məsələn, çatda dəyərli adamlarla tanış olub, faydalı işlər qurmaq, söhbət etmək mümkündür. Bunu alqışlayıram. Amma internetdə qızlarla tanış olmaq, boş və mənasız söhbətlər etmək vaxt itirmək deməkdir. Gənclər internetin imkanlarını düzgün qiymətləndirmirlər”.

IV kurs tələvəsi Könül Mirzəyeva çata daxil olanlara pis baxır: “Çatda olmuşam amma xoşum gəlmir Çata girənlərə münasibətim yaxşı deyil. Vaxt itkisindən başqa bir şey deyil”.

18 yaşlı Fuad Nəsirov virtual aləmdən istədiyi kimi istifadə edir: “Mənim real və virtual versiyam tam fərqlidir. Çatda nə istəsəm yazıram. Çünki “məni tanıyan yoxdu” fikri ilə hərəkət edirəm. Ancaq həyatda hər şeydən utanan insanam”.

11-ci sinif şagirdi Emin Cabbarov vaxtını keçirmək üçün çata üz tutur: “Əvvəllər çata bütün günü girirdim. Nədənsə indi bezmişəm. Ancaq vaxt öldürmək üçün yaxşıdır”.

8-ci sinif şagirdi Əzizə Süleymanova çatda özü üçün çoxlu tanışlar tapdığını deyir: “Daha çox çata wap-la girirəm. Başqa adla daxil olub danışıram. Bəzən olur ki, darıxanda dərsdə də  dostlarımla yazışıram”.

P Psixoloq Asəf Kərimov Modern.az-a bildirib ki, virtual sahədə tanışlıq tənbəllikdən irəli gəlir: “Bu zaman insanlar komplekslərindən gizlənirlər. Çünki belə söhbət etmək daha asandır. Müəyyən utancaqlıq və hisslərdən azad olurlar. Belə ünsiyyət forması həm də bir növ boşluğu doldurur. Yəni insanlarda ünsiyyət tələbatı var və həmin boşluğu doldurmaq üçün internetə üz tutur. İnternetdə istənilən vaxt özünün ya da başqasının adıyla rahat ünsiyyət qurmaq olur. Virtual tanışlıq daha çox insanların tənbəlliyindən irəli gəlir. Çünki insan burda rahat şəkildə komplekslərini gizlədib, onun üzərində işləmir və anonim şəkildə çıxış edir. Azərbaycandakı internet saytların forumlarında çox az sayda insanlar iştirak edir. Ancaq çatda kifayət qədər gənclər toplaşır. Onlar əyləncə və asudə vaxtlarını keçirtmək üçün çatda qeybət və ümumi müzakirələr təşkil edirlər. Onların söhbəti isə çox sadə: sevgi, tanışlıq, lətifə və s. olur. Bir sözlə insan ünsiyyəti tam şəkildə yerinə yetirilmir. Çünki ünsiyyətdə mimika, jestlər və s. böyük rol oynayır. Burda isə hissiyat yalnız sözlərdə öz əksini tapır. İnsan öz üzərində işləməkdən daha çox, çalışır imkanı daxilində ünsiyyət saxlasın, nəticədə isə səviyyə çox aşağı olur”. Deyirlər, ə

n böyük fəlakət vaxtı faydasız işlərlə keçirtməkdir. Çalışaq vaxtımızın qədrini bilək.

Günay MUSAYEVA

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir