Milli Məclisin deputatı Əli Məsimli bir qrup seçici ilə görüşüb, onları narahat edən problemlərlə tanış olub, qanunvericiliyin təkmilləşdirilməsi və qanun yaradıcılığı məsələləri, həmçinin rayonun sosial-iqtisadi inkişafı ilə əlaqədar fikir mübadiləsi aparıb.
Deputatın köməkçisi Vüsal Baxışovun Modern.az-a verdiyi məlumata görə, qəbullar zamanı seçicilər tərəfindən rayonda yeni iş yerlərinin yaradılması və məşğulluğun səviyyəsinin artırılması, batmış əmanətlərin qaytarılması, kəndlərin təbii qaz və içməli su ilə təchizatı, kənddaxili yolların bərpası və yollara asfalt örtüyün çəkilməsi, istismar müddətini çoxdan keçmiş elektrik veriliş xətləri və elektrik dirəklərinin yenilənməsi, büdcə təşkilatlarında çalışan işçilərin xüsusən də təhsil işçilərinin məvaciblərinin verilməsində mövcud olan gecikmələr və s. kimi problemlər qaldırılıb. Həmin problemlər və onların mahiyyəti ilə tanış olan Əli Məsimli, qaldırılan problemlərin hər birinin həlli istiqamətində qanunvericiliklə millət vəkilinə verilmiş səlahiyyətlər çərçivəsində lazımi addımların atılacağını, qaldırılan problemlər sırasında daha çox həsaslığı ilə seçilən - büdcə təşkilatlarında çalışan işçilərin xüsusən , təhsil işçilərinin məvaciblərinin verilməsində mövcud olan gecikmələrin aradan qaldırılması məsələsini daim diqqət mərkəzində saxlayacağını, bu problemin həlli üçün bu işə cavabdeh olan müvafiq dövlət qurumlarına müraciət edəcəyini bildirib.
Modern.az