Noyabrın 19-da axşam saatlarında yazıçı Rafiq Tağı işdən çıxıb evə gedərkən avtobus dayanacağında bıçaqlanıb. Modern.az "Azadlıq" radisosuna istinadən bildirir ki, naməlum şəxslər ona boynundan və kürəyindən bir neçə bıçaq zərbəsi endiriblər.
Ailə üzvlərindən bildirdiklərinə görə, yazıçı hazırda xəstəxanadadır. Onlaın sözlərinə görə, Rafiq Tağını təcili cərrahiyyə əməliyyatına götürüblər. Həkimlər Rafiq Tağının həyatına təhlükə olmadığını bildirirlər.
Hadisə ilə bağlı polis məlumatlandırılıb.
İxtisasca həkim olan Rafiq Tağı Azərbaycanda tanınmış yazıçılardandadır. Onun publisistik yazıları dəfələrlə cəmiyətdə ciddi polemikalara səbəb olub.
2007-ci ildə isə işlədiyi "Sənət" qəzetində çap etdirdiyi "Avropa və biz" məqaləsinə görə həbs edilib. Dindarlar onun bu məqalədə Məhəmməd peyğəmbərin ünvanına xoşagəlməz ifadələr işlətməkdə, xristian dəyərlərini islamdan üstün tutmaqda ittiham edirdilər.
Yazıya görə İranda ayətullah Fazil Lənkərani onun ölümünə fitva da vermişdi.
Bu məqaləyə görə milli, irqi və dini düşmənçiliyi qızışdırmaq ittihamı ilə Rafiq Tağı 3 il, qəzetin redaktoru Samir Sədaqətoğlu isə 4 il müddətinə azadlıqdan məhrum edildmişdi. Amma onlar 8 aydan sonra prezidentin əfv fərmanı ilə azadlığa çıxdmışdılar.