Liviya Milli Keçid Şurasına məxsus qüvvələr devrilmiş diktator Müəmmər Qəddafi dövründə kəşfiyyat şefi olan Abdullah Senussini də ələ keçirib. Modern.az CNNtürk-ə istinadən bildirir ki, Liviyanın cənubundakı Əl-Birak şəhərində bacısının evində gizlənən Senussinin həbs olunduqdan sonra Zintan şəhərinə aparılması gözlənilir. Sabiq kəşfiyyat şefi Abdulah Senussi Qəddafi rejiminin yıxılmasından sonra axtarılanlar siyahısının başında yer alırdı.
Abdullah Senussi Müəmmər Qəddafinin sağ əli sayılırdı. Ondan az öncə Qəddafinin böyük oğlu Seyfülislam da həbs olunmuşdu.
Seyfülislam və dayısı Abdullah Senussi Müəmmər Qəddafinin 20 oktyabrda tutulub öldürülməsindən sonra bütün ölkədə axtarılırdı.
62 yaşlı Senussi də Seyfülislam kimi Beynəlxalq Məhkəmə tərəfindən insanlığa qarşı cinayət törətməklə ittiham edilir.
Müəmmər Qəddafinin qaynı olan Senussi sabiq diktatorun ən güvəndiyi köməkçilərindən, bacısı oğlu Seyfülislamın isə ən yaxın məsləhətçilərindən biriydi.
Modern.az