Saxa (Yakutiya) ədəbiyyatının klassiki Platon Oyunskinin 125 illik yubileyi münasibəti ilə Saxalı qardaşlarımıza Azərbaycandan nəfis hədiyyə hazırlanıb. Platon Oyunski öz dövrünün Hüseyn Cavidi idi.
Tərcümə etdiyi əsərə ön söz yazan Aida Eyvazlı qeyd edir: “Platon Oyunskinin əsərləri ilə tanış olduqca, onu yaxından tanıdıqca, gözlərim qarşısında Hüseyn Cavid, Cavidin yaratdığı obrazlar canlanır.
Saxa (Yakut) sovet yazıçısı, ictimai xadim, filoloq və dilçi alim, saxa (yakut) ədəbiyyatı klassikinin həyata, insanlara, Tanrıya münasibətində eynilikləri gördüm. Hərdən mənə elə gəldi ki, türk dünyasının bu iki şəxsiyyəti öz əsərlərini yazmamışdan öncə birlikdə oturub söhbət edib. Lakin daha dərindən düşünəndə bir daha əmin oldum ki, Stalin repressiyalarının və qanlı siyasətinin o ağır illərində öz xalqını sevən türk oğulları yalnız Hüseyn Cavid və Platon Oyunski kimi ola bilərdi...”.
Dünya Türk yazarlar birliyinin sədri Əkbər Qoşalı deyir ki, Platon Oyunskinin Azərbaycan dilinə ilk dəfə tərcümə olunan “Qırmızı Şaman” dastanı və “Ulu Kudansa”, “Bilgə Süleyman”, “Makedoniyalı İsgəndər “ əsərləri oxucular üçün yeni saxa türklərinin yaşam və həyat fəlsəfəsini açacaq.
“Bu da ulu türk torpaqlarında yaşayan uzaqdakı türkləri bir-birinə daha da yaxınlaşdırır. Saxalılar Azərbaycan dili vasitəsi ilə türk dünyasına tanınacaqlar.
Kitabın məsləhətçiləri Saxa (Yakutiya) Respublikasının millət vəkili, Saxanın Fəxri vətəndaşı Əliş Məmmədov və Saxa Yazıçılar Birliyinin başqanı, Xalq şairi Natalya Xarlampyeva, rəyçiləri isə millət vəkili, Akademik Nizami Cəfərov və millət vəkili dr. Cavanşir Feyziyevdir.
"Qırmızı Şaman"ın redaktoru gənc yazar Taleh Mansur, korrdinatorları isə saxalı gənc yazarlar Qavril Gavril Androsovla Rustam Kazhenkindir.
Kitab "Zərdabi" Nəşrlər Evində işıq üzü görüb.
Rusiya Federasiyasından kənarda bu miqyas və formatda ilk dəfə təqdim olunan "Qırmızı şaman"ın 2019-cu ildə Azərbaycanda və Saxada tanıtım törənləri nəzərdə tutulub.