Modern.az

Gömrük orqanlarına yeni qəbul olunanların təlimləri başa çatdı  

Gömrük orqanlarına yeni qəbul olunanların təlimləri başa çatdı   

Aktual

28 Dekabr 2018, 19:03

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru, texnika elmlər doktoru, professor İqbal Babayevin iştirakı ilə gömrük orqanlarında xidmətə yeni qəbul olunan əməkdaşların xidmətə hazırlıq təlimlərində əldə etdikləri biliklərin qiymətləndirilməsi həyata keçirilib. Komitənin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, gömrük orqanlarına xidmətə yeni qəbul edilmiş gömrük əməkdaşları üçün təşkil olunan gömrük qanunvericiliyi, Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində (VAİS) iş, etik davranış qaydaları və xidmətə hazırlıqla bağlı bir aylıq təlimlərə 29 dinləyici qatılıb.

Təlimlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin gömrük əməkdaşları üçün xidmətə hazırlıq təlimlərinin mövzu-təqvim planı və təcrübə proqramının təsdiq edilməsi haqqında sərəncamına müvafiq olaraq təşkil olunub.

Xidmətə hazırlıq təlimlərinin əsas məqsədi dinləyicilərə xidməti fəaliyyətləri üçün zəruri olan bilik və peşə vərdişlərinin aşılanmasından ibarətdir. Dərslərə Dövlət Gömrük Komitəsinin strukturlarının rəhbərləri, aparıcı mütəxəssisləri və Akademiyanın professor-müəllim heyəti cəlb edilib.

Dinləyicilərin gömrük ödənişləri və tariflərin tənzimlənməsi, gömrük risklərinin idarə olunması, sərhəd buraxılış məntəqəsində gömrük prosedurları üzrə nəzəri bilikləri, gömrük orqanlarının vəzifəli şəxslərinin etik davranış kodeksi və intizam qaydaları üzrə praktiki bilik və bacarıqları qiymətləndirilib. Bununla yanaşı, dinləyicilər sıra düzülüşü və marşla addımlama nümayiş etdiriblər. 

Xidmətə yeni qəbul edilən gömrük əməkdaşlarının növbəti qrupu üçün Akademiyada təlimlər 2019-cu ilin yanvar ayından keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım