Azərbaycan Dövlət Neft Şirkətinin xarici ölkələrdəki fəaliyyətinə dair araşdırmaçı jurnalist Nicat Dağların apardığı araşdırma ciddi əks-səda doğurub. Törəmə şirkətlərin fəaliyyətindəki şübhəli məqamlar, sosial yönlü layihələr, qaranlıq tərcümeyi-hala malik şəxslərlə qurulan əməkdaşlıq və sairə bu kimi məqamlara diqqət yönəldilən araşdırma Regioanal Araşdırmaçı Jurnalistika Məktəbinin xəttilə aparılıb.
Üç hissədən ibarət yazı “Yeni Müsavat” qəzetində dərc olunub.
Nefçilərin Hüquqlarının Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı araşdırma ilə bağlı fikirlərini açıqlayarkən deyib ki, ARDNŞ-in törəmə şirkətlərinin fəaliyyəti ciddi araşdırmaların aparılmasını zəruri edib: “Bir çox suallar ortaya çıxır ki, niyə qurudakı yataqlar qeyri-rəsmi olaraq belə sürətlə özəlləşdirilir? Nədən Dövlət Neft Şirkətində hasilat “sürətlə aşağı” düşür? ARDNŞ-dəki təcrübəli şəxslərin, həm də bəzi qeyri-rəcmi mənbələrin verdiyi məlumata görə, hasil olunan neftin həcmi tam göstərilmir. Bundan əlavə, ARDNŞ mətbuta da, QHT-lərə də qapalıdır. Kiçicik bir sorğru göndərirsən, amma onlar həmin sorğunu cavablandırmaqdan imtina edirlər, sorğuya cavab vermirlər. Hesabatı növbəti ilin 11 ayı keçəndən sonra saytda yerləşdirirlər. Bu sənəd isə sadəcə söz yağanadır”.
Belə bir araşdırma apardığı üçün müəllifə təşəkkürünü bildirən M.Qəhrəmanlı Nicat Dağların məsuliyyətli bir işin altına girdiyini deyir: “Hələ bundan sonra da araşdırmalar aparılmalıdır. Bundan başqa, hasilatın pay bölgüsündən əldə olunmuş gəlirlərin xərclənməsində də çox böyük şübhələr var. Hesab edirəm ki, Nicat Dağların ortaya çıxardığı problem QHT-ləri də insafa gətirəcək və onları məsələnin üzərinə getməyə təhrik edəcək. Azərbaycanda çox güclü QHT-lər var. Mən onu da başa düşürəm ki, çox dərinə getsələr təhlükədə qala bilərlər. Müəllif özünü artıq təhlükəyə qoyub”.
M.Qəhramanlı deyir ki, N.Dağların araşdırması ilə bağlı mütəxəssislər bir araya gəlməli, faktlarla bağlı ictimai müzakirələr təşkil olunmalıdır: “Bu məsələlərin üzərindən keçmək olmaz. İctimai qınaq olmalı və qarşı tərəfdən izahat tələb olunmalıdır”.
Neft Araşdırmaları Fondunun rəhbəri İlham Şaban da sözügedən araşdırma ilə bağlı müzakirələrin təşkil olunmasına zərurət yarandığını deyib: “Əgər bir şəffaflıq istəyiriksə və həmin koalisiyanın üzvüyüksə, deməli, bizim üçün məsələlər nə qədər şəffaf olsa, nə qədər çox informasiyanı cəmiyyətlə bölüşsək, bir o qədər onun xeyri olar. İkinci bir tərəfdən də bizim istədiyimiz nədir ki? Bizim istədiyimiz də odur ki, şirkətlər özlərinin biznes fəaliyyətini cəmiyyətlə bölüşsünlər. Biz demirik ki, onlar öz mənfəətlərini bizimlə bölüşsünlər. Biz deyirik ki, heç olmasa onlar dövlətə nə qədər vergi veriblər, onu bizə desinlər. Hətta onlar bunu da bizimlə bölüşmək istəmirlər».
Azərbaycanla müqayisədə Rusiyada belə bir mənzərənin olmadığını vurğulayan İ.Şabana görə Rusiyada şirkətlərin saytlarında hər üç aydan bir hesabatlar yerləşdirilir: «Rusiya hasilatçı ölkədir və Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün üzvü deyil. Amma Rusiya şirkətlərinin saytına baxsanız və yaxud da onların Energetika Nazirliyinin Mərkəzi Dispetçer Xidmətinin saytına daxil olsanız orada nə qədər informasiyanın yerləşdirildiyini görərsiniz. Çünki şirkətlərin çoxusu səhmdar şirkətlərdir və real olaraq da səhmdarlarla informasiyaları bölüşürlər. Bizdə də şirkətlərin təsisçiləri var və əgər həmin şirkət özünə hörmət edəndirsə, özünün maliyyə-təsərrüfat hesabatını audit olunmuş formada saytda yerləşdirməlidir. O zaman bu, onun səviyyəsinin göstəricisi olacaq. Əgər şirkət bunu etmirsə, deməli o, «dədə-baba şirkəti»dir. Deməli, problem idarəçilikdədir”.
İqtisadi İnnovasiyalar Mərkəzinin rəhbəti Məhəmməd Talıblı hesab edir ki, bu sahədə ciddi müzakirələrin zərurəti uzun illərdir ki, yaranıb. Onun sözlərinə görə, ARDNŞ və onun rəhbərliyi uzun illərdən bəri ictimaiyyətə neft gəlirləri barədə hesabat vermir: «SOCAR»ın maliyyə axınlarının idarə olunmasındakı mövcud problemlər, həmin vəsaitlər üzərində hesabatlılığın, şəffaflığın və səmərəliyin aşağı olması ilə bağlı uzun müddətdir müzakirələr gedir. Nicat Dağlara belə bir maraqlı tədqiqat yazısını ortaya qoyduğu üçün təşəkkür edirik. Bu materialda adıçəkilən şəxslər bu və ya digər şəkildə Azərbaycanda tanınmış adamlardır. Onlar Azərbaycandakı iqtisadi resurslara nəzarət edən şəxslərdir. Hesab edirəm ki, bu araşdırmadakı faktlara mütəxəssislər ciddi diqqət yetirməlidirlər”.
İqtisadçının qənaətincə, «SOCAR»ın fəaliyyətinə həsr olunmuş dəyirimi masaların keçirilməsi olduqca vacibdir. “2010-cu ildə «SOCAR»-ın təkcə qonşu Gürcüstanın dövlət büdcəsinə ödədiyi vəsait 150 milyon dollardan artıq olub. Əslində bu, Gürcüstanın öz büdcəsini 10 dəfə artırması deməkdir. Bu baxımdan məsələyə yanaşanda belə aydın olur ki, «SOCAR» dövlət içində bir dövlətdir” deyən M.Talıblının fikrincə əgər ictimai müzakirələr keçirilərsə və hətta müvafiq işçi qruplar yaranarsa, bu ciddi təsir rıçaqlarının əldə olunmasında əhəmiyyətli rol oynaya bilər.
Modern.az