Modern.az

CNN-nin aparıcı müxbiri Cim Klansi və dünya şöhrətli fotojurnalist Rza Diqqəti Qarabağda olub (FOTOLAR)

CNN-nin aparıcı müxbiri Cim Klansi və dünya şöhrətli fotojurnalist Rza Diqqəti Qarabağda olub (FOTOLAR)

Təhsil

21 Noyabr 2011, 18:11

Klansi regiona səfərləri ilə bağlı CNN üçün ayrıca veriliş hazırlayacaq

Amerikanın CNN kanalının aparıcı müxbiri Cim Klansi və “National Geography”ın əməkdaşı, dünya şöhrətli foto-jurnalist Rza Diqqəti Azərbaycanın Qarabağ bölgəsinə səfər ediblər. Onlar Bərdə, Tərtər, Ağdam, Füzuli rayonlarında olub, orada məskunlaşan məcburi köçkünlər və qaçqınlarla görüşüblər.
Bu barədə qonaqların sözügedən rayonlara səfərinin təşkilatçısı, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu məlumat verib. Onun sözlərinə görə,  qonaqlar əvvəlcə Bərdə şəhərində olublar. Bərdə rayonu icra hakimiyyətinin başçısı Vidadi İsayev qonaqları qəbul edib, onlara bu qədim Azərbaycan şəhəri barədə ətraflı məlumat verib. Bərdənin gecə mənzərəsini izləyən qonaqlar qədim şəhərin gözəlliyinə heyran olublar.

U.Rəhimoğlu C.Klansinin və R.Diqqətinin Tərtər rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərovla görüşdüyünü də deyib. Görüşdə C.Cəfərov cəbhə bölgəsi olan Tərtərin ümumi vəziyyəti barədə məlumat verib. O, erməni işğalı nəticəsində əhalinin zərər çəkməsindən və davam edən atəşkəs rejiminin hələ də tez-tez pozulmasından danışıb. C.Cəfərov bütün bunlara baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında Tərtər rayonunda abadlıq və quruculuq işlərinin sürətlə davam etdirildiyini qeyd edib.

U.Rəhimoğlu qonaqların Tərtər rayonunun Həsənqaya kəndində məskunlaşan Kəlbəcər rayonundan olan məcburi köçkünlərlə görüşdüklərini də dedyib: “Biz Tərtər rayonunun Həsənqaya kəndində məskunlaşan Kəlbəcər rayonundan olan məcburi köçkünlərlə görüşünü təşkil etdik. Ermənilər tərəfindən yandırılıb dağıdılan kəndin mənzərəsi qonaqları dəhşətə gətirdi. Qonaqlar məcburi köçkünləri dinləyib və onların fikirlərini lentə aldılar. Ermənistanın işğalı nəticəsində öz doğma yurdlarından didərgin düşən məcburi köçkünlərin ağır həyat şəraiti hər iki jurnalisti təsirləndirdi”.

BAMF-ın regionda gördüyü işlər, həyata keçirdiyi layihələrlə də bağlı jurnalistlərə ətraflı məlumat verilib. Onlar ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə BAMF-ın həyata keçirdiyi layihə nəticəsində tikilib istifadəyə verilmiş və 2010-cu ildən fəaliyyət göstərən Tərtər Regional Peşə və Təlim Mərkəzində olublar. İndiyədək burada mina qurbanlarına və müharibədən zərər çəkən insanlara keçilən təlimlər və öyrədilən peşələr barədə onlara ətraflı məlumat verilib.

Növbəti gün qonaqlar Ağdam rayonunda məskunlaşan qaçın və məcburi köçkünlərlə görüşüblər.  Nümayəndə heyətini Ağdam rayon icra hakimiyyəti başçısının 1-ci müavini Zülfi Qasımov qarşılayıb. 13 yaşlı Ağdam sakini, Qarabağ bülbülü Tural Əliyevlə söhbət ediblər. T.Əliyev qonaqlar qarşısında muğam parçası ifa edibdir.  

Həmin gün nümayəndə heyəti Füzuli rayonuna səfər ediblər. Onları Füzuli rayon icra hakimiyyətini başçısı Alı Alıyev və rayonun digər dövlət orqanlarının rəhbərləri qarşılayıb. Səfər zamanı onlar Horadiz qəsəbəsində məcburi köçkün ailəsinin yenə ailə quran iki üzvünün toy mərasimində iştirak ediblər. C.Klansi və R.Diqqəti milli adət-ənənəmizə uyğun keçirilən toy mərasimindən kadrlar çəkiblər. Nümayəndə heyəti qaçqın və məcburi köçkünlərin məskunlaşqığı Zobcuq 1 qəsəbəsinə də baş çəkiblər.

Füzulinin qədim tarixi abidəsi olan Şeyx Babı türbəsini ziyarət edən jurnalistlər sonra rayonun erməni işğalı nəticəsində xarabazara çevrilmiş Alıxanlı kəndində olublar.

BAMF sədrinin verdiyi məlumata görə, olduqları rayonlarda sürətlə aparılan abadlıq-quruculuq işləri hər iki jurnalistdə xoş təəssürat yaradıb. Səfərin nəticəsindən məmnun qalan C.Klansi çəkdiyi çox unikal kadrlardan Qarabağ səfəri ilə bağlı ayrıca veriliş edəcəyini də qeyd edib. Qeyd edək ki, dünyanın ən qaynar nöqtələrindən, münaqişə bölgələrindən, o cümlədən 1990-cı ilin 20 yanvar, 1992-ci ilin 26 fevral Xocalı faciələrini lentə alıb yayan R.Diqqəti bütün görüşlərdən fotolar çəkib.

U.Rəhimoğlu sonda səfərin Azərbaycan üçün əhəmiyyətini, zəruriliyini nəzərə alıb onlara yardımçı olan, bu işdə yaxından dəstək verən Baş nazirin müavini, Azərbaycan Respublikası Baş nazirinin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənova dərindən təşəkkürün bildirib.

Səfər zamanı qonaqları U.Rəhimoğlu ilə yanaşı BAMF-ın departament rəhbərləri Nik Nvolisa və Nəzakət Ağayeva müşayiət edib.




Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama