Modern.az

Bu gün Milli Məclisdə kimsəsiz uşaqların ali təhsili üçün hökumətdən vəsait istəniləcək

Bu gün Milli Məclisdə kimsəsiz uşaqların ali təhsili üçün hökumətdən vəsait istəniləcək

Təhsil

22 Noyabr 2011, 10:39

“Valideyn himayəsindən məhrum olan uşaqlar dövlət və ya özəl universitetlərdə ödənişsiz əsaslarla təhsil almalıdırlar”.

Bunu Modern.az saytına Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev belə qəbildən olan yeniyetmələrin ali təhsillə bağlı qarşılaşdıqları problemlərə rəğmən deyib.

Deputat qeyd edib ki, belə uşaqların təhsil haqları dövlət vəsaiti hesabına ödənilməlidir: “Belə uşaqların tək təhsili deyil, onların təyinat, məşğulluq, eləcə də  mənzillə təmin olunması və ailə məsələləri dövlət orqanları tərəfindən həyata keçirilməldir. Bundan ötrü dövlətin büdcəsindən vəsait ayrılmalıdır”.

Belə uşaqların valideyn himayəsindən məhrum olmaqla yanaşı, yaxın qohumlarının da himayəsindən məhrum olduğunu söyləyən M.Quliyev bildirib ki, valideyn himayəsindən məhrum olan uşaqlara müstəqil addım atana qədər dövlət dəstək olmalıdır: “Amma eyni zamanda biz humanist cəmiyyətdə yaşayırıq və ictimaiyyət də bir qədər bu məsələyə humanist münasibət bəsləməlidir”.

M.Quliyev eyni zamanda diqqətə çatdırıb ki, bu gün Milli Məclisdəki  büdcə müzakirələrində valideyn himayəsindən məhrum olan uşaqlara təhsillə bağlı imtiyazların verilməsi ilə üçün  məsələ qaldıracaq:
“Çalışacam ki, bu, dövlət vəsaiti hesabına həyata keçirilsin. Yadınızdadırsa, Heydər Əliyev kimsəsisz uşaqlarla görüşəndə tarixi əhəmiyyətli bir söz dedi: “Siz hesab etməyin ki, sizin valideyniniz yoxdur, sizin valideyniniz Azərbaycan dövlətidir, sizin valideyiniz Azərbaycanın Prezidentidir".

Düşünürəm ki, bu siyasət bu gün də davam edir. Azərbaycan dövləti, Prezidenti, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondu daimi əməli fəaliyyətləri ilə bu uşaqların yanında olduqlarını, qayğısını çəkdiklərini, onların Azərbaycanın digər uşaqları ilə bərabər hüqüq və imkanlarla böyüməsinin təminatcısı olduqlarını sübüt ediblər”.

M.Quliyevin sözlərinə görə, bu uşaqların həyata hazırlanması üçün lazım olan iqtisadi bazanı yaratmaqdan ötrü dövlət dəstəyi ilə yanaşı, ictimai dəstək də vacibdir.

Məsələ ilə Təhsil Nazirliyi ilə əlaqə saxlasaq da cavab ala bilmədik. 

Qeyd edək ki, respublika üzrə ümumilikdə Dövlət Praqramının əhatə etdiyi və Təhsil Nazirliyinin sistemində 40 internat və uşaq evi fəaliyyət göstərir. Bundan başqa, Dövlət Proqramının əhatə etdiyi və Təhsil Nazirliyinin sistemində olan 5 günərzi qayğı və reabilitasiya-inkişaf mərkəzi var.

Təhsil Nazirliyinin Deinstitutlaşdırma və Uşaq müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyevanın bir müddət öncə mətbuata verdiyi açıqlamaya görə, 2010-2011-ci tədris ilinin sonuna olan məlumata görə,  46 dövlət uşaq müəssisəsində 9874 nəfər uşaq var.

2010-cu ilin rəsmi göstəricilərinə görə isə dövlət uşaq müəssisələrində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sayı 10 mindən artıq olub.

Uşaq Hüquqları üzrə QHT Alyansının sədri Nazim Quliyevin Modern.az saytına verdiyi məlumata görə isə hazırda Azərbaycandakı uşaq evlərində 9850 uşaq var. 

Sədaqət SÜLEYMANOVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama