Modern.az saytının məlumatına görə, bu gün Milli Məclisdə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi keçirilir. Büdcə müzakirələri parlamentdə 4 gün davam edəcək.
Əməkdaşımızın Milli Məclisdən verdiyi xəbərə görə, büdcə müzakirələrinə ilk dəfə olaraq Baş nazir Artur Rasizadə də qatılıb. Halbuki, o, indiyədək yalnız Nazirlər Kabineti hesabat verərkən Milli Məclisə gəlirdi.
Bu günkü iclasda ilk olaraq spiker Oqtay Əsədov danışıb, gələn ilin büdcəsi barədə məlumat verib. Bildirib ki, gələn il orta aylıq əmək haqqının 432 manata çatacağı, yəni 11,6 faiz artacağı gözlənilir. O.Əsədov deyib ki, növbəti ilin büdcəsi ölkə həyatının iqtisadi cəhətdən dinamik inkişafının bir göstəricisidir. Onun sözlərinə görə, gələn ilin büdcəsi ölkənin sosial-iqtisadi durumu, müasir dövrün çağırışları nəzərə alınmaqla hazırlanıb.
Spiker qeyd edib ki, növbəti ildə də Ümumi Daxili Məhsulda (ÜDM) artım əldə ediləcək.
“Neft sektorunun inkişafı sabit saxlanılmaqla, qeyri-neft sektorunun da inkişafına, gəlirlərinin artmasına üstünlük veriləcək” deyən O.Əsədov bildirib ki, növbəti ildə ÜDM-in 57%-dən çoxu qeyri-neft sekrotunun payına düşəcək.
“2012-ci ildə 14 milyard manat həcmində sərmayə qoyulacaq ki, bu da cari illə müqayisədə 10% artım deməkdir. Eyni zamanda, gələn il əhalinin müstəlif təbəqələrinin sosial-rifah halının yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılacaq, yəni, orta aylıq əmək haqqı 430 manat olacaq ki, bu da cari illə müqayisədə 11,6% artım deməkdir”.
Müzakirələr davam edir...
2012-ci il üçün dövlət büdcəsinin gəlirləri 15 554,2 mln. manat, xərcləri isə 15 941,2 mln. manat həcmində təsdiqlənib. Büdcədə neftin baza qiyməti 80 dollar/barel səviyyəsində götürülüb.
Modern.az