“Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallı Bakı İstintaq Təcridxanasından “Media forum” saytına açıqlama göndərib.
Jurnalist oktyabrın 28-də həbs edilib. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Jurnalistin deputat Gülər Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 min manat rüşvət istədiyi qeyd olunur. Sonra daha üç nəfər Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət edərək Əvəz Zeynallıya rüşvət verdiyini deyib. Həmin şikayətlər əsasında Əvəz Zeynallıya qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə əlavə ittiham irəli sürülüb.
Modern.az-ın məlumatına görə, Əvəz Zeynallı yazır ki, Gülər Əhmədova onun haqqında bir-birinə zidd açıqlamalar verir: “Dərin isterika, şantaj, hədə-qorxu tonunda verilən açıqlamalara əslində bir neçə dəfə cavab vermişəm. Amma Ramiz Mehdiyevin (Prezident Administrasiyasının rəhbəri – red.) azad sözün üzərinə göndərdiyi bu parlament deputatı, görünür, əsas rolunu artıq məmnuniyyətlə qəbul edib.
"Gülər Əhmədova mənim səsimi yazmaq üçün redaksiyaya gəldiyini və səsimi yazdığını etiraf edir. Bəs mən hələ sentyabrın 17-də yazanda ki, Ramiz Mehdiyevin deputatı səsimi yazmağa gəlmişdi, niyə aləmi başına götürürdü ki, mən Əvəz Zeynallının redaksiyasına getməmişəm?
Mətbuat mənim həbsimdən sonra uzun müddət bu suala cavab axtardı: Gülər Əhmədova hansı qanunsuzluğu etmişdi ki, buna görə Əvəz Zeynallı ona hədə-qorxu gələrək rüşvət tələb etmişdi? Görünür, bu sual onu yenidən düşündürüb və ona qarşı yaranmış iddiaların istiqamətini dəyişmək qərarına gəlib, iş fəaliyyəti ilə bağlı böyük sual işarəsini ailəsinə yönləndirməyə başlayıb. Bu hərəkəti ilə Gülər Əhmədova təkcə məni şərləmir, həm də bir qadın kimi özünü və ailəsini şərləyir. Ailəsini qorumaq istəyən qadın bu cür yollarla bütün şübhələri ailəsinin üzərinə gətirməyə çalışmaz.
Gülər Əhmədova bu işin əvvəlindən iddia edib ki, guya mən onu təhdid edərək iş fəaliyyəti ilə bağlı yazılar dərc edəcəyimi söyləmişəm və o materialların dərc olunmaması üçün ondan nəsə istəmişəm. Mətbuatda və cəmiyyətdə belə bir sual yarandı ki, Gülər Əhmədovanı narahat edən və Əvəz Zeynallının dərc etmək istədiyi materiallar nədən ibarət olub? Bu yerdə Gülər Əhmədova da ilişdiyini və mətbuat, cəmiyyət qarşısında tutarlı cavab verə bilməyəcəyini gördü. Nəticədə bir aylıq fasilədən sonra sükutunu pozub ortaya daha gülünc iddia atdı. Guya ailəsini qoruyubmuş. Guya onun ailəsi haqqında yazılan “saçma-sapan, fantaziyalı şeylərə” ailəsindən təpki gəlməyindən narahat imiş.
Başqa bir məsələ. Diqqətli oxucu nəzər yetirsə, həmin müsahibədən Gülər Əhmədovanın kimin kimi təhdid etdiyini də aşkar görə bilər. Müsahibədən sitat: “O adamın şantajlarının qarşısını almaq üçün mən yazdım (telefon danışığını (?!) nəzərdə tutur), dedim ki, bax. Ona başa salmaq istəyirdim ki, məndə bu yazı var, sakit otur!”
Digər sitat: “Mən onunla danışanda demişəm ki, mənə qarşı dayanmasan, mən də dayanmayacağam (?!)” Bu sözləri deyən millət vəkilidir və bu millət vəkili səlahiyyətlərinə və daha nələrəsə güvənərək istədiyini həyata keçirə biləcəyinə o qədər inanır ki, bu sözləri açıq etiraf etməkdən belə çəkinmir. Yoxsa nəyi etiraf edir Gülər Əhmədova?
Diqqət yetirin: “…Ancaq ondan sonra bu adam bir də başladı. …Mən artıq o zaman Rauf bəyə (“Yeni Müsavat” qəzetinin təsisçisi və baş redaktoru Rauf Arifoğlu – red.) müraciət etdim. Mən Rauf bəydən ona görə müxalifət mətbuatının tanınmış yazarı kimi xahiş etdim ki, görsün ki, mən o adama zəng vururam. Yəni hüquq mühafizə orqanlarına müraciət etməmişdən əvvəl insan kimi hətta müxalifət qəzetinin baş redaktorundan xahiş edirəm ki, ona deyin mənim telefonumu qaldırsın”.
Görəsən, əməlləri düz olan adam nədən bu qədər narahat olurmuş? Niyə onun telefonlarına cavab verməyimə və yaxud da redaksiyaya gəlməyimə can atırmış? Normal halda onun irəli sürdüyü iddialar düz olsaydı, mən özüm onun mənə zəng vurmasında, redaksiyaya təşrif buyurmasında maraqlı olmalı idim. Amma maraqlı olmamışam. Niyə? Çünki onun mənə qarşı oyunun iştirakçısı olduğunu artıq bilirdim və bunu hansı yolla həyata keçirəcəyini bilmədiyim üçün ehtiyatlanırdım. Ehtiyat igidin yaraşığıdır deyiblər. Məhz mənim ehtiyatlarım sayəsində bu gün Gülər Əhmədova ortaya bir dənə də olsun iddia etdiyi kimi “fakt və dəlil” qoya bilmir. Bu bir.
İkincisi, mən kimlərinsə haqqında qərəzli olaraq heç bir zaman maiterial toplamaqda və yaymaqda maraqlı olmamışam. Heç bir zaman da insanların şəxsi həyatı mənim qəzet üçün seçmək istədiyim mövzu olmayıb. Mətbuat da, cəmiyyət də məni yaxşı tanıyır və bilirlər ki, mən heç bir zaman insanların şəxsi həyatı ilə bağlı material dərc etməmişəm.
Hamı çox gözəl bilir ki, Gülər Əhmədova şər və böhtan ataraq məni həbs etdirib. İndi gur-gur danışmağına da əhəmiyyət verməyin, çünki danışdıqları heç bir arqumentə və fakta söykənmir və boş şeylərdən başqa bir şey deyil. Müsahibədən sitat: “Ambisiyaları onu rahat buraxmırdı. Necə ola bilər ki, mən bu qədər adamlardan bu qədər pulları ala bilim, Gülər Əhmədovadan…” deyə səsləndirdiyi ittihamlar əslində hakimiyyətin çirkin niyyətlərini faş edir. Ramiz Mehdiyevin hücumları nəticəsində ölkənin ən müstəqil qəzetlərindən biri bağlandı və bu məsələdə adının hallanmasını istəməyən Ramiz Mehdiyev rüşvət almaq böhtanı ilə oyuna Gülər Əhmədovanı saldı və bu gün də oyuna yeni adamlar qatmaqla Gülər Əhmədovanı arxa plana çəkmək istəyir.
Bütün cəmiyyətin diqqətini bir məqama yönəltmək istəyirəm. Mən Gülər Əhmədovanın şikayətləri əsasında həbs olunmuşam və hazırda da istintaq gedir. Əgər onun iddia etdiyi kimi, əlində tutarlı fakt və dəlil vardısa, o zaman məsələ tam həll edilmiş olar və üzümə hökm oxunardı. Daha yeni insanların üzümə durdurulmaları üçün Ramiz Mehdiyevin komandası tərəfindən göstərilən bu “canfəşanlıq”lar nəyə və kimə lazım idi ki? Əvvəldə də dediyim kimi, Ramiz Mehdiyev bu yolla Gülər Əhmədovanı oyundan çıxarmağa çalışır. Lakin o nə qədər oyundan çıxmağa çalışsa da, artıq bu oyunun içindədir və vaxtında, zamanında bu böhtanlarına görə qanun qarşısında cavab verəcək”.