Noyabrın 22-də Milli Məclisdə gələn ilin dövlət büdcəsinə daxil olan sənədlərin müzakirəsi zamanı çıxış edən parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bələdiyyələr üçün nəzərdə tutulan vəsaitin azlığından şikayətlənib.
Modern.az saytının məlumatına görə, A.Rəhimzadə 2012-ci ilin dövlət büdcəsi layihəsinin professional şəkildə hazırlandığını qeyd edib. Daha sonra isə o, bildirib ki, büdcə layihəsi Milli Məclisin kömitələrində müzakirə olunarkən maliyyə naziri Samir Şərifov bələdiyyələrə vəsaitin artırılması ilə bağlı məsələ qaldırıb. Deputatın sözlərinə görə, 2008-ci ildən bu yana bələdəyyələrə hər il cəmi 3,5 milyon manat vəsait ayrılır.
“Ölkədə hazırda 1715 bələdiyyə var. 2008-ci ildən bu yana Azərbaycan büdcəsi təxminən 50 % artıb. Amma bələdiyyələr üçün vəsait dəyişməyib - 3,5 milyon manat olduğu kimi saxlanılıb. Doğrudur bələdiyyələr təkc dotasiya ilə yaşamalı deyil. Amma bələdiyyələrə kömək etmək də lazımdır”.
Müzakirələrdə iştirak edən maliyyə naziri S.Şərifov isə maraqlı bir məsələyə toxunub. Nazir deyib ki, rayonların büdcələri öz hesablarına formalaşmalıdır.Yığılan vergilər rayonların özlərinə aid olmalıdır. Mərkəzləşmiş yığım olmamalıdır.
S.Şərifov qeyd edib ki, kənd təsərrüfatı sahəsində vergilər bərpa olunmalıdır. Onun sözlərinə görə, tutulan vergi hesabına rayonlar öz büdcəsini formalaşdırmalıdır.
Modern.az