Modern.az

Bakı-Naxçıvan-Bakı istiqaməti üzrə gecə reysi açılacaq

Bakı-Naxçıvan-Bakı istiqaməti üzrə gecə reysi açılacaq

Aktual

7 Yanvar 2019, 17:42

Bakı-Naxçıvan-Bakı istiqaməti üzrə  gecə reysi həyata keçiriləcək. Bu barədə Modern.az-a Bakı Beynəlxalq Avtovağzalının mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova bildirib.

 

P.Məmmədova qeyd edib ki, 11 yanvar 2019-cu ildən etibarən hər gün Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Bakı-Naxçıvan-Bakı istiqaməti üzrə  gecə reysi həyata keçiriləcək:

 

“Avtobus Bakıdan saat 21:00-da hərəkət edəcək.  Naxçıvandan  isə saat 19:30-da yola düşəcək. Biletin bir istiqamət üzrə qiyməti 25 AZN təşkil edir”.


Sərnişinlər Bakı-Naxçıvan-Bakı reysinə biletləri Bakı Beynəlxalq Avtovağzalının qabaqcadan satış kassalarından, eləcə də Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 41 ünvanında yerləşən aviakassadan əvvəlcədən  ala bilərlər.

 

Qurum rəsmisinin sözlərinə görə, 5 yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur:

“5 yaşından 10 yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50 faiz ödənilir. 
Sərnişinlərin istəyinə uyğun olaraq beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür. 

 

Sərnişinlərin rahatlığı üçün müasir standartlara cavab verən geniş salonlu və rahat oturacaqlı avtobuslar fəaliyyət göstərəcək. Eyni zamanda, sərnişinlərin yol boyu çay və kofe ilə təmin olunması nəzərdə tutulub”.

 

P.Məmmədova qeyd edib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən  hərəkət etməyən beynəlxalq istiqamətlərə sərnişin daşıyan avtobuslara görə qurum məsuliyyət daşımır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir